Xalq şairi Nəriman Həsənzadənin yubileyi doğma rayonunda qeyd olunub

 

   Mayın 30-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilib.

  

   Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında böyük öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini yad ediblər.

   Mərasimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq Nəriman Həsənzadənin doğulduğu Poylu qəsəbəsində, onun ata mülkündə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inşa olunmuş evin açarlarını şairə təqdim edərək onu yubileyi münasibətilə bir daha təbrik edib.

   Tədbir iştirakçılarına “Türkel” televiziyasının şairin uşaqlıq illərinə həsr edilən qısametrajlı filmi təqdim olunub.

   Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, ədəbiyyatşünas Rüstəm Kamal, şairlərdən Barat Vüsal, Ramiz Muxtar, İlyas Tapdıq, “Qazax” xeyriyyə cəmiyyətinin sədri Vidadi Bayramov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və başqaları çıxış edərək şairin həyat və yaradıcılığı barədə danışıblar. Çıxışlarda qeyd olunub ki, Nəriman Həsənzadə 34 bədii-poetik kitabın, ”Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr toplusunun müəllifidir. Şairin yaradıcılığında azərbaycançılıq, Vətənə, xalqa bağlılıq hisslərinin güclü olduğu vurğulanıb. Yubiley mərasimində incəsənət ustaları şairin sözlərinə bəstələnmiş mahnılar ifa edib və lirik şeirlərindən parçalar söyləyiblər.

   Tədbirin sonunda şair bütün iştirakçılara minnətdarlığını bildirib, xatirələrini tamaşaçılarla bölüşüb.

 

 

   Mədəniyyət.- 2011.- 1 iyun.- S. 13.