Əhmədağa Muğanlının 85 illik yubileyi qeyd olundu

 

   İyunun 8-də Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, tanınmış nasir və kinodramaturq Əhmədağa Muğanlının 85 illik yubileyi qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq kino sənətində iz qoymuş insanların daim yad olunmasının vacibliyini bildirdi. Sonra kinodramaturqun yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən hazırlanmış xatirə çarxı təqdim edildi.

  

   Daha sonra tədbiri aparmaq üçün söz Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadəyə verildi. O, Əhmədağa Muğanlının həyat və yaradıcılığından söz açdı.

   Qeyd olundu ki, o, əmək fəaliyyətinə müəllimlikdən başlayıb, sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb, gərgin zəhməti sayəsində istər ədəbiyyat, istərsə də kinematoqrafiya sahəsində peşəkar sənətkar kimi tanınıb.

   Tədbirdə çıxış edən general Mustafa Nəsirov Əhmədağa Muğanlının vətənpərvərlik ruhunda yazdığı əsərlərin gənc nəslə təsirindən danışdı: “Hazırda müharibə şəraitində yaşayırıq və bugünkü vəziyyətimizdə gəncliyin düzgün tərbiyəsi önəmlidir. Bu baxımdan Əhmədağa Muğanlının əsərləri əvəzsizdir. Çünki orada əsl vətənpərvərlik, hərbi tərbiyə var”.

   Əməkdar incəsənət xadimi, aktyor və rejissor Əbdül Mahmudbəyov öz xatirələrini bölüşdü. Xalq artisti Tariyel Qasımov Əhmədağa Muğanlının ssenarisi əsasında çəkildiyi filmlərdən danışdı.

   Sonda tanınmış nasir və kinodramaturqun oğlu Araz Qurbanov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

   Əhmədağa Muğanlı (Qurbanov) 1926-cı il mayın 10-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. BDU-nun filologiya fakültəsində təhsil alıb. 1953-cü ildən təqaüdə çıxanadək (1993) kinostudiyada çalışıb, ssenari şöbəsinin redaktoru, xronikal-sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru vəzifələrində işləyib, ssenari-redaksiya kollegiyasının üzvü olub.

   Ədəbi fəaliyyətə 25 yaşında başlamış sənətkarın sonrakı illərdə 11 kitabı, o cümlədən “Vicdan”, “Şəhriyar əfsanəsi”, “Şikəstə”, “Gecikmiş etiraf”, “Dağ-dağa söykənər”, “Tikanlı məftillər”, “Ömürdən yeddi yarpaq” və s. əsərləri işıq üzü görüb.

   Əhmədağa Muğanlı 30-a qədər sənədli filmin ssenari müəllifidir. Onun ssenariləri əsasında beş bədii film - “Dağlarda döyüş”, “Od içində”, “Qocalar...qocalar...”, “Atları yəhərləyin” (S.Rüstəmlə birgə), “Doğma sahillər” çəkilib.

 

 

   Reyhan

 

  Mədəniyyət.- 2011.- 10 iyun.- S. 12.