Azərbaycan mədəniyyəti koreyalı gənclərin gözü ilə

 

   Azərbaycanla Koreya Respublikası arasında 2007-ci ildə imzalanan mübadilə proqramına əsasən, iki ölkənin gəncləri arasında qarşılıqlı səfərlər gerçəkləşir. İyunun 1-dən 9-dək ölkəmizdə səfərdə olan koreyalı gənclərdən ibarət 11 nəfərlik qrup Azərbaycanın tarixi, mədəniyyəti, dini, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

  

   Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə şöbənin müdiri Elçin Nəcəfovun sözlərinə görə, Şəki, Zaqatala, Qəbələ rayonlarında səfərdə olan qrup bir sıra görüşlər keçirib. Nazirlik rəsmisinin köməyi ilə koreyalı gənclərlə görüşüb səfər təəssüratlarını öyrəndik. Bəlli oldu ki, onlar səfərdən xeyli məmnun qalıblar.

   Qrupun rəhbəri, Kim Ki Beom Koreyanın Ailə və Gender Bərabərliyi Nazirliyində çalışır. Azərbaycana ilk dəfədir ki, səfər edir. Deyir ki, buraya gəlməzdən əvvəl Azərbaycan haqqında məlumatı çox olmasa da, səfərin ilk günündən onlarda xoş təəssürat yaranıb: «İkitərəfli münasibətlərdə, mədəniyyətlər arasında körpünün yaranmasında belə səfərlərin mühüm önəmi var. Azərbaycanla Koreya arasında uzaq məsafənin olmasına baxmayaraq, bu mübadilə gənclərimizin yaxınlaşmasına və dostlaşmasına imkan verir. Bu səfərlərdən və münasibətlərdən belə nəticə əldə etmək olar ki, gənclərimizin bir-birləri ilə dost olmaq şansları ilbəil artır».

  

   «Şəkidə bizə halva hədiyyə etdilər»

  

   Koreyalı gənc səfər əsnasında bir diqqətçəkən məqamın şahidi olduğunu da vurğulayır: «İki ölkə gənclərinin bir araya gəlmələrində rəsmi dairələrin rolu olsa da, biz özümüz yaxşı dil tapa bilirik. Bizi birləşdirən ümumi mövzular var onları birlikdə müzakirə edir, ümumi bir məxrəcə gələ bilirik. Azərbaycan xalqı çox mehriban istiqanlıdır. Burada olduğumuz müddətdə onlardan isti münasibət gördük. Nümayəndə heyətində olan gənclərlə Azərbaycan gəncləri arasında çox qısa bir müddətdə səmimi münasibət yarandı. Bu baxımdan insanlarımız arasında oxşarlıq gördüm».

   Digər koreyalı gənc isə səfər etdikləri rayonlardan bəhs etdi: «Hər bir rayonda özünəməxsus xüsusiyyətləri gördük. Məsələn, Qəbələdə piano fabrikində, konserv zavodunda olduq. Orada hazırlanan meyvə şirələri xoşumuza gəldi. Qəbələdə bizi elə böyük mehribanlıqla qarşıladılar ki, özümüz bundan təsirləndik. Zaqatala rayonu gözəl təbiətə malikdir. Buradakı gözəlliklər bizi heyran etdi. Şəkinin halvasından həm daddıq, həm də bizə hədiyyə verdilər. Səfər etdiyimiz bu üç rayonun mətbəxləri çox xoşumuza gəldi. Söhbət təkcə sizin milli yeməklərdən getmir, həm yemək mədəniyyəti çox yüksək səviyyədədir. Xüsusilə də süfrənin zövqlə hazırlanması bizdə dərin təəssürat yaratdı. Doğrudan da, hər bir rayonda xüsusi yaddaqalan məqamlar, yeniliklər gördük. Hiss olunur ki, ölkənizdə turizminkişaf edir”.

  

   «Tariximizdə oxşar məqamlar çoxdur»

  

   Qeyd edək ki, çağdaş qloballaşma geniş mənada dünya iqtisadiyyatının informasiya texnologiyalarının inkişaf nəticəsi olaraq xalqların dünyaya inteqrasiyasını, mədəni əlaqələrin saxlanmasını və qarşılıqlı mədəni təsiri nəzərdə tutur. Bu proses həm də xalqların bir-birini dərk etməsidir. Qısa müddət Azərbaycanda olmasına baxmayaraq ölkələrimiz xalqlarımız arasında maraqlı tarixi analogiya aparan koreyalı gənc Son Se Junun dilə gətirdiyi fikirləri dinlədikcə «qarşılıqlı dərketmə» anlayışı bir daha öz təsdiqini tapır.

   Son Se Jun isə Koreya Xarici Dillər Universitetinin Türk dili və Azərbaycan dili bölməsində təhsil alır və Türkiyədə bir il təlim keçib. Gələcəkdə Azərbaycanda təhsil almağı düşünür bu üzdən Azərbaycan dilini öyrənməyə başlayıb. Türk dilində aydın danışan Son Se Jun Koreya Azərbaycan tarixində oxşar məqamların olduğunu bildirir: «Bu bənzərlik ondan ibarətdir ki, ölkələrimiz uzun müddət müharibələrə məruz qalıb. İstərdim ki, biz gənclər ölkələrimizin mədəniyyəti, tarixi haqqında daha çox bilgiyə malik olaq. Azərbaycanın tarixinə gəlincə, bu çox qədim tarixdir. Türklərlə koreyalıların eyni kökləri var. Türk dilini öyrənməyə başlayanda mənə çətin gəldi. Amma öyrəndikcə hər şey daha asan göründü. Çünki dillərimiz bir-birinə çox bənzəyir.

   Azərbaycanla Koreya arasında məsafə çox uzaq olsa da, mədəniyyətlərimiz bir-birinə yaxın və oxşardır. Bunu burada bir daha hiss etdim. Bu baxımdan insanlarla münasibət qurmağımız bizim üçün rahat oldu. Ona görə də, Azərbaycan insanları haqqında deyəcəyim ilk söz bu insanlarla belə yaxın olmağımızı kəşf etməyim oldu. Mən bu barədə öz ölkəmdə danışacağam”.

  

   «Azərbaycana turist səfərləri etmək istəyirik»

  

   Koreyalı gənclər ölkəmizdə olduqları 10 gün müddətində tarixi yerlərimizə, məsələn, Şəkidə Xan sarayına, karvansaraya, alban kilsəsinə digər yerlərə də baş çəkiblər. «Biz bilirik ki, Azərbaycanda İslam dini mədəniyyəti ilə yanaşı, digər dinlər də yayılıb. Bu, qədim memarlıq abidələrində də özünü göstərir. Koreyada qədim dini tikililər daha çox buddizmlə bağlıdır», - deyə gənclər bildirdilər.

   Digər koreyalı gəncin Bakı ilə bağlı təəssüratı da maraqlıdır: «Bakıya səhərə yaxın gəldik. Bizi ən çox təəccübləndirən o oldu ki, hava qaranlıq olsa da, şəhər çox işıqlı və gözəl görünürdü”.

   Son Se Jun Azərbaycanın təhsil müəssisələrində keçirdikləri görüşlərdən çox məmnun qaldığını dedi: «Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olduq. Azərbaycan Dillər Universitetində Koreya dili mərkəzi fəaliyyət göstərir. Orada eyni yaşda olan dostlarımızla söhbət etdik onların koreyaca çox gözəl danışmaları sözün əsl mənasında məni təəccübləndirdi».

   Kim Ki Beom isə Azərbaycanda gənclərin ölkənin inkişafında xüsusi rol oynamalarının onun xoşuna gəldiyini deyir: «İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə gənclərin təhsilə belə marağı və qabiliyyətləri bizim xoşumuza gəldi. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində dərsləri də dinlədik, şagirdlərin ingilis dilində sərbəst danışmaq bacarığı da xoşumuza gəldi».

   Söhbətin sonunda koreyalı gənclər öz arzularını da dilə gətirdilər. Bu arzu isə Koreya ilə Azərbaycan arasında birbaşa təyyarə reyslərinin açılmasıdır: «Artıq bir neçə ildir ki, iki ölkənin gəncləri belə qarşılıqlı səfərlər edir. Azərbaycan bizim o qədər xoşumuza gəlir ki, təkcə belə proqram çərçivəsində deyil, başqa vaxtlarda, yəni turist kimi ölkənizə səfər etmək istəyirik».

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 10 iyun.- S. 11.