Turizmin əlifbası
Mütəxəssislərin fikrincə, turizm terminlərindən
bəhs edən nəşrlərin yenilənməsinə
ehtiyac var
2011-ci
ilin Azərbaycanda “Turizm ili” elan edilməsi kütləvi
informasiya vasitələrinin də bu sahəyə diqqətini
artırıb. Mətbuatda və efirdə turizm mövzusunda
yazı və verilişlərin çoxalması bir məsələni
də aktuallaşdırıb.
Bu, jurnalistlərin, eləcə də
bəzi ekspertlərin turizm terminlərindən nə dərəcədə
doğru-düzgün istifadə etməsi ilə
bağlıdır. Bu isə öz növbəsində turizm
mövzusunda maarifləndirmə işinin genişləndirilməsini,
adıçəkilən sahəyə dair izahlı
lüğətlərin yenilənməsini və s. zəruri
edir.
Turizmlə
bağlı geniş maarifləndirməyə ehtiyac var
Azərbaycan Turizm İnstitutunun
kafedra müdiri Bahadur Bilalov qeyd edir ki, son zamanlar hətta
turizm sahəsində çalışan şəxslər də
fikir və ifadələrində böyük təhriflərə
yol verirlər. Mütəxəssisin fikrincə, ümumən
cəmiyyətdə turizmlə bağlı geniş maarifləndirmə
işinin aparılmasının vaxtı çoxdan
çatıb: «Bu, turizm mövzusunda yazan jurnalistlərə
xüsusilə aiddir. Hələ bir neçə il əvvəl
turizm üzrə mütəxəssislər Sabir Rəhimov və
Cabir Məmmədov turizm terminlərindən ibarət
lüğət hazırlayıblar. Amma təəssüf ki,
turizm fəaliyyəti ilə məşğul olanların
çoxu həmin lüğətə müraciət etmir. Eyni
zamanda o lüğətin də təkmilləşməsinə
ehtiyac var. Yəqin ki, müəlliflər bu barədə
düşünürlər. Bununla belə, bu, dəyərli
bir vəsaitdir”.
Turizm terminlərindən
qeyri-düzgün istifadənin səbəblərinə gəlincə,
B.Bilalov deyir ki, bu, ilk növbədə turizm sahəsinin Azərbaycan
üçün nisbətən yeni olması ilə
bağlıdır: “Düzdür, sovet dövründə
respublikamızda turizm müəyyən inkişaf yolu
keçib. Xüsusilə ötən əsrin 70-ci illərində,
bir çox sahələr kimi, bu sahədə ciddi irəliləyiş
olmuşdu. Bakıda çoxsaylı xarici turist qruplarını
görmək olardı. Sadəcə, o vaxt bütün bu məsələlər
Moskvada həll olunurdu. Turizmlə bağlı əksər nəşrlər,
vəsaitlər də rus dilində idi. Bu gün Azərbaycan
müstəqil dövlətdir. Ölkəmizə turistlərin
gəlişi, onların turist məhsulları ilə təminatı,
bu sahədə vəsaitlər, nəşrlər və s. -
bütün bunları özümüz tənzimləyirik. Bu
baxımdan bu sahəyə yeni gələn, turizmdən yazan, ələlxüsus
da turizm barədə ekspert kimi danışan şəxslərin
ifadə və terminlərdən düzgün istifadə etməsi
vacibdir. Mən şahidi olmuşam ki, bir konfransda turizmlə
bağlı tədqiqat aparan alim «turizm məhsulu» terminini rus
dilindən «turizm ərzağı» deyə tərcümə
edib».
Mütəxəssis bildirir ki, jurnalistlər də bu məsələdə diqqətli olmalıdırlar. Jurnalistin müsahibi hansısa ifadəni yanlış işlədə bilər, həmin ifadə qəzet səhifəsinə çıxarılmazdan öncə ciddi redaktə olunmalı, daha dəqiq, doğru ifadə ilə əvəzlənməlidir: “Məsələn, qəzetlərdə yazılır ki, iyunun 15-də Azərbaycanda turizm mövsümü açılacaq. Halbuki burada ümumilikdə turizm mövsümündən deyil, yay turizm mövsümüdən söhbət gedir. Bu yaxınlarda televiziyalardan birinə verilişə dəvət edilmişdim. Aparıcı mənə belə bir sualla müraciət etdi: «Azərbaycanın turizm bazarını dünya bazarına çıxarmaq üçün nə etmək lazımdır?» Mən də cavab verdim ki, bazar bazara çıxmır. Söhbət Azərbaycanın turizm məhsullarının dünya turizm bazarına çıxmasından getməlidir. Bu baxımdan hesab edirəm ki, turizm fəaliyyəti ilə məşğul olanlar ifadələrə, terminlərə xüsusi diqqət yetirməlidir».
Sahə inkişaf
etdikcə yeni terminlər
ortaya çıxır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimov turizm terminləri ilə bağlı bir neçə kitabın müəlliflərindəndir. Onun sözlərinə görə, turizm terminləri bu sahənin əlifbasıdır. Turizm sahəsində çalışanlar bu əlifbanı mütləq bilməlidir: “2000-ci ildə coğrafiyaşünas alim Cabir Məmmədovla «Turizm və onunla əlaqəli sahələrdə işlədilən termin və anlayışların izahlı lüğəti» adlı kitab çap etdik. Sonra «Turizm terminləri və anlayışların ensiklopedik lüğəti» adlı daha bir kitabımız nəşr olundu. Sonuncu dəfə isə təkcə mənim müəllifliyimlə «Turizmin texnoloji terminləri» adlı kitab çıxdı. Bu kitablardan dərs vəsaiti kimi bəzi ali təhsil müəssisələrində istifadə olunur. Məsələn, Bakı Dövlət Universitetində turizm və ekskursiya işinin təşkilindən dərs keçəndə biz ora terminlərə aid 4-6 saat vaxt ayırırıq. Turizm sektorunda çalışanlar bu sahənin incəliklərini öyrənmək üçün müvafiq terminləri dəqiq bilməlidirlər”.
Mütəxəssis bildirir ki, turizm terminlərinə dair nəşrlərin yenilənməsinə və təkrar çapına ehtiyac var: «İndi «Turizmin texnoloji terminləri» kitabını tapmaq mümkün deyil. Tələbələr onu əldə edəndə surətini çıxarırlar. Mən bu kitabı o zaman öz vəsaitimlə az sayda çap etdirə bilmişdim. Turizm sahəsi inkişaf etdikcə yeni terminlər də ortaya çıxır, ona görə də lüğət də yenilənməlidir. Fikrimcə, bu məsələyə diqqət ayrılsa, daha yaxşı olardı”.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 8.