Şuşa musiqi məktəblərinin şagirdləri İtaliyadan qayıdıblar
“Şuşanın dağları” ansamblı Milan və
Romada çıxış edib
Xəbər
verdiyimiz kimi, “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin və Şuşa Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı, ölkəmizin
İtaliyadakı səfirliyinin dəstəyi ilə
Şuşa musiqi məktəblərinin bir qrup şagirdi
İtaliyaya səfər ediblər. Şuşalı yeniyetmə
ifaçılardan ibarət “Şuşanın dağları”
xalq çalğı alətləri ansamblı iyunun 7-də
Milanda, ayın 9-10-da isə Romada konsert proqramı ilə
çıxış edib.
Nümayəndə heyətinin rəhbəri,
ictimai birliyin əlaqələndirmə şurasının sədri,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr
üzrə prorektoru Mehdi Abdullayev bildirib ki, uşaqlar Milandan
sonra Romanın “Çelimantano” sarayında konsert veriblər. Konsert
proqramını italiyalı musiqiçilər, ekspertlər,
diplomatik korpusun və ictimaiyyətin nümayəndələri
izləyib.
Şuşa Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Zahid Abbasov bildirib ki, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad
Bədəlbəylinin rəhbərliyi ilə hazırlanan
proqrama xalq mahnıları və muğamlar, Şuşa
haqqında mahnılar, klassik əsərlər daxil idi.
Konsertdən əvvəl Azərbaycanın
İtaliyadakı səfiri Vaqif Sadıqov qonaqlara Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən
danışıb, ondan ən çox qaçqın və
köçkün uşaqların əziyyət çəkdiyini
vurğulayıb. İtaliyanın “Dünya Gəncləri
Assosiasiyası” təşkilatının katibi Marina Sessa
uşaq hüquqlarının müdafiəsi problemləri və
bu sahədə mövcud olan beynəlxalq hüquq
normalarının tətbiqi haqqında söhbət
açıb. Gənc musiqiçilərin ifasında Azərbaycan
xalq musiqisi nümunələri, o cümlədən
“Qarabağ şikəstəsi” böyük maraqla
qarşılanıb.
Qonaqlar konsertdən sonra
Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin
hazırladığı və münaqişənin
qurbanları olmuş qaçqın-köçkünlərin
həyatından bəhs edən fotosərgiyə baxıblar.
İyunun 13-də heyət
İtaliyadan Vətənə qayıdıb.
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 5.