Sevgi və sənət dünyanı yaşadacaq

 

    Azərbaycan həmişə öz sənətkarları, rəssamları, musiqiçiləri ilə nəinki Şərqdə, ümumiyyətlə bütün dünyada tanınıb, sevilib. Elə bir sənət sahəsi yoxdur ki, millətimizin adı, ünvanı orada səslənməsin. Musiqi sahəsində uğurlarımız isə daha önəmlidir. Haqqında söhbət açacağım insan isə gəncliyimdən vurğunu olduğum, sənətinə pərəstiş etdiyim Fidan xanım Qasımovadır.

  

   Düzü, Fidan xanımın adını tək çəkmək bir qədər qəribə səslənir. Çünki biz görkəmli sənətkarımızın adını həmişə bacısı, sevimli müğənnimiz Xuraman Qasımova ilə qoşa çəkməyə, qoşa eşitməyə alışmışıq. Odur ki, hər zaman onların adlarını qoşa yazır, uğurlarına ürəkdən sevinirik. Bir dinləyici, musiqisevər, Fidan və Xuraman Qasımova bacılarının sənətinin vurğunu kimi deyə bilərəm ki, onların sənət aləmində qazandıqları uğurlar mədəniyyətimizin təəssübünü çəkən hər bir kəsdə böyük qürur hissi doğurur. Bu nailiyyətlər sırasına İtaliyada keçirilən Viotti adına (I yer), Afinada Maria Kallas adına (I yer və «Qran-Pri» - qızıl medal), Moskvada P.İ.Çaykovski adına (II yer) müsabiqələrdəki böyük uğurlarını qeyd etmək olar. Onların çoxşaxəli yaradıcılığında Avropa, Rusiya və Azərbaycan klassik bəstəkarlarının əsərləri geniş yer tutur. Hər ikisi bir sıra opera tamaşalarında qadın obrazlarının bənzərsiz ifaçısı kimi böyük rəğbət qazanıblar.

   İyunun 17-si Fidan Qasımovanın doğum günüdür. İstedadlı, tanınan bir ailədə anadan olub. Soruşanda ki, bu qədər gözəl səs diapazonu, misilsiz istedad sizdə haradandı, gülümsünərək deyir: “Bilirsiniz, mənim rəhmətlik atam Ənvər Qasımzadənin gəncliyində gözəl səsi olub. O, respublikamızda tanınan energetik olub. Gəncliyi müharibə illərinə düşdüyündən atam musiqi ilə məşğul olmağı kənara qoyub, lakin bu sənətə, sənət adamlarına qəlbində həmişə xüsusi yer ayırıb. Anamın da gözəl səsi olub. Görünür, tale onların sənət arzularını, istəklərini həyata keçirməyi bizə həvalə edib”.

   Fidan xanım hər zaman bir fikri vurğulayır ki, sənətdə qazandığımız uğurlara görə valideynlərimizə və ulu öndər Heydər Əliyevə borcluyuq: “Elə bir konsertimiz olmazdı ki, Heydər Əliyev zalda olmasın. Bu bizim həm məsuliyyətimizi artırır, həm də sənətimizə olan böyük məhəbbəti hiss etmək bizi daha da ruhlandırırdı. Heç unutmadığım bir hadisə 2002-ci il dekabrın 20-də indiki Heydər Əliyev Sarayında bizim yaradıcılığımızın 25 illiyi münasibətilə keçirilən yubiley tədbiri idi. Bu tədbirin də təşəbbüsçüsü ulu öndər olmuşdu. O bizim hər ikimizi dönə-dönə təbrik etdi”.

   Ümummilli lider Heydər Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdikləri töhfələrə görə Fidan və Xuraman Qasımova bacılarını «Şöhrət» ordeni ilə təltif etmişdi. Yubiley tədbirində böyük öndər Qasımova bacılarının səslərini qızılla, brilyantla müqayisə etmişdi. «Belə insanlar əsl ziyalılardır. Belə adamları qoruyun, belə adamlar bizim xalqımıza çox lazımdır».

   “Bu yüksək qiymət yer üzündə bizə deyilən ən səmimi, ən qiymətli, qəlbimizin dərinliyinə işləyən ən gözəl kəlamlardır”, - deyə Fidan xanım bildirir.

   Fidan xanım sənət yolundan danışanda bir məqamı da fərəhlə qeyd edir ki, onlara hər zaman böyük bəstəkarlarla işləmək, onlardan dərs almaq qismət olub: “Dahi Niyazi kimi, Rauf Abdullayev kimi dirijorlarla, Fikrət Əmirov, Cövdət Hacıyev, Sultan Hacıbəyov, Fikrət Əmirov, T.Quliyev kimi görkəmli bəstəkarlarla işləmək bizə qismət olan sənət xoşbəxtliyi, qürur duyduğumuz gözəl xatirələrdir”.

   Bu yerdə Fidan xanımın sənət yoluna qısa nəzər salaq. O, 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirib. 1973-cü ildə İsveçrə (Cenevrə) və 1975-ci ildə Niderlandda (Hertogentes) keçirilən beynəlxalq müsabiqələrin iştirakçısı olub, 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Bu çox böyük uğur idi. Fidan xanım beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.

   1974-cü ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Onun Nigar («Koroğlu», Ü.Hacıbəyli), Mikaela («Karmen», J.Bize), Marqarita («Faust», Ş.Quno), Mimi, Çio-Çio-san («Bohema», «Çio-Çio-san», C.Puççini), Tatyana («Yevgeni Onegin», P.Çaykovski), Dezdemona, Aida («Otello», «Aida», C.Verdi), Sevil («Sevil», F.Əmirov) və s. partiyaları xüsusən seçilir. Fidan xanımın repertuarına Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi, rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax, G.F.Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də xalq mahnılarımız «Laçın», «Qubanın ağ alması», «Girdim yarın bağçasına», «Evləri var xana-xana» və s. daxildir.

   Sevimli müğənnimiz 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. 1990-cı ildən bu təhsil ocağının, 1992-ci ildən isə İstanbul Dövlət Konservatoriyasının professorudur.

   Dünya şöhrətli müğənnilərimizdən olan Fidan və Xuraman Qasımova bacılarının 2011-ci il martın 4-də Heydər Əliyev Sarayın səhnəsində verdikləri möhtəşəm konserti, yəqin ki, sənətsevərlər uzun müddət unutmayacaq. Bu konsertdə bacılar özlərinin gözəl ifaları ilə yanaşı, tələbələrinin də hazırladıqları rəngarəng konsert proqramı Fidan və Xuraman xanımın pedaqoji fəaliyyətdə də böyük uğurlarının gözəl nümunəsi idi. Möhtəşəm sarayın səhnəsində verilən konsert öz təmtərağı, unudulmazlığı ilə həm iştirakçıları, həm də tamaşaçıları sevginin varlığına, böyüklüyünə inandırdı, sərhədlər tanımayan sənətin, musiqinin dünyanı xilas edəcəyinə inamı bir daha artırdı.

   Biz də bu gün ad gününü qeyd edən Fidanı ürəkdən təbrik edir, ona həyatda sağlamlıqla dolu günlər, qazandığı uğurların həmişə axarıncı olmasını arzulayır, gözəl balası, onun davamçısı olan oğlu Fəridin toyunu görməsini arzulayırıq.

  

 

   Elmira Musaqızı

 

   Mədəniyyət.- 2011.- 17 iyun.- S. 12.