Faciəvi taleli insan - Məmməd Həsən Hacınski

 

Tanınmış memar, inşaatçı, Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri olmuş Məmməd Həsən Cəfərqulu oğlu Hacınski 1875-ci il 3 martda Bakıda anadan olub.

1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib. 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq edib, şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirib. 1909-1910 illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılıb) və dəniz hamamının tikilməsi M.H.Hacınskinin fəaliyyəti ilə bağlıdır.

1912-ci ildə şəhər idarəsi M.H.Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında kitab çap etdirib. O, 1913-cü ildə qısa müddətə Bakı şəhər idarəsinin rəisi olub, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürüb. Həmin təşəbbüsə əsasən 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar.

M.H.Hacınski 1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub, Azərbaycanın İstiqlal bəyannaməsinin altında onun da imzası var. Daha sonra Azərbaycan parlamentinin üzvü olub, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibində yer alıb. 1920-ci il martın 30-da Xalq Cümhuriyyətinin hökuməti (sayca 5-ci) istefa verdikdə, parlament yeni hökumətin təşkilini ona tapşırdı. O isə hökumət kabinetini təşkil edə bilməyərək hakimiyyət böhranını daha da dərinləşdirdi, aprelin ortalarında isə Müsavat partiyasından istefa verərək Azərbaycan kommunistlərinin sırasına qoşuldu.

Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi o da represiyaya məruz qaldı. Azərbaycan Milli Mərkəzinin işi üzrə ittiham olundu, L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə həbs edilərək, ağır işgəncələrə məruz qaldı. 1931-ci il fevralın 9-da ağır həbsxana həyatına dözməyərək intihar etdi.

 

 

Mədəniyyət.- 2011.- 2 mart.- S. 13.