İlk azərbaycanlı qadın teatr rəssamı: Bədurə Əfqanlı

 

Teatr yaradıcı və kollektiv əməyin məhsuludur. Hər hansı teatr tamaşasının təsirli və yaddaqalan olmasında bədii tərtibatın - rəssam işinin də öz yeri var. Ötən əsrin əvvəllərində teatr-dekorasiya sənətinin inkişafında və təşəkkül tapmasında Xalq rəssamı Bədurə Əfqanlının xüsusi əməyi olub. O, həm də ilk azərbaycanlı qadın teatr rəssamıdır.

Bədurə Əfqanlı 1912-ci il oktyabrın 25-də Bakıda dünyaya gəlib. Atası Məlik Ağamalov dövlət qulluğunda çalışıb, geniş dünyagörüşlü və tanınmış ziyalılardan olub. Rəsm çəkməyi sevib. Boş vaxtlarında övladlarına ədəbiyyatdan, incəsənətdən danışar və onlarda bu sahəyə maraq oyadarmış. Təsadüfi deyil ki, sonralar böyük qızı Səyyarə memar-heykəltəraş, kiçik qızı Bədurə isə rəssam olub.

Bədurənin orta məktəb illərində çəkdiyi rəsmlər müəlliminin diqqətindən yayınmır. Müəllimi onun istedadlı olduğunu bildirir. Bu sözləri onda sənətə daha böyük maraq yaradır. O, əvvəlcə Bakı Pedaqoji Texnikumuna daxil olur (1929), lakin rəssam olmaq həvəsi onu Bakı Rəssamlıq Məktəbinə gətirir (1931), qrafika şöbəsində oxuyur.

Teatr rəssamı olmaq qərarına gəlir. Diplom işinin mövzusu V.Şekspirin Otello faciəsi olur. Çəkdiyi eskizlər, qurduğu kompozisiyalar, tapdığı yeni rəng çalarları onun özünəməxsus sənət duyumunu göstərir. Diplom işini uğurla başa vurur.

İlk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı) quruluşçu rejissor olduğu Qaçaq Kərəm tamaşası olur. Onlar uzun illər birgə çalışır, bir çox tamaşalara uğurlu səhnə həyatı verirlər. Birgə hazırladıqları tamaşalardan Şeyx Sənan faciəsini, Aşıq Qərib operasını, 1905-ci ildə, Sevil pyeslərini qeyd etmək olar.

Hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışırlar. Sonra yenidən Bakıya qayıdırlar, yaradıcılıq işlərini doğma şəhərdə davam etdirirlər.

Bədurə Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına dəvət alır. 1960-cı ilədək bu kollektivdə tərtibatçı və geyim üzrə rəssam olaraq çalışır. Həmçinin Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşalarına geyim eskizləri çəkir. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyar, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, geyim tərzini dəqiqliklə araşdırardı. Məhz bu səbəbdən onun verdiyi tərtibat sadəliyi, ciddiliyi və əsərin mövzusu ilə həmahəng olması ilə seçilib. Xüsusilə də Cəfər Cabbarlının pyeslərinə hazırladığı dekorasiyalar, eskizlər tamaşaların uğurlu alınmasında əhəmiyyətli rol oynayıb.

Bədurə Əfqanlının eskizləri, bədii tərtibat verdiyi əsərlər özündən sonrakı rəssamlar üçün bir məktəb olub. O, zahiri effektləri, geyimləri elə seçirmiş ki, bu təqdim olunan əsərin məzmununu təbii surətdə açırmış. Mütəxəssis Bədurə Əfqanlının rəssam kimi fəaliyyətindən danışarkən onun istedadı ilə yanaşı, əməksevərliyini, hər zaman axtarmaq həvəsini, peşəkarlığını xüsusi qeyd edirlər.

Rejissorlar, dramaturqlar həmişə onunla həvəslə işləyiblər. Çünki Bədurə Əfqanlı rənglər vasitəsilə tamaşaçıda xoş ovqat yarada bilib.

Sənətkar 1960-cı ildən Azərbaycanfilm kinostudiyasında geyim üzrə rəssam işləyib. Koroğlu, Leyli və Məcnun, Dəli Kür, Böyük dayaq, Dədə Qorqud, O qızı tapın, Qatır Məmməd kimi ekran əsərlərinə geyim eskizləri çəkib.

Onun müxtəlif çeşidli, rəngarəng yaradıcılığından danışarkən bəzi rəqs ansamblları, ifaçılar üçün hazırladığı geyimlərdən də söz açmaq yerinə düşərdi. Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrının kollektivi uzun illər Bədurə Əfqanlının məsləhət bildiyi geyimlər əsasında konsertlərə çıxıb.

Bu gün onun bir çox əsəri Azərbaycan Dövlət Teatr Muzeyi və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.

Görkəmli sənətkarın çeşidli yaradıcılığı həmişə diqqət mərkəzində olub, ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. 1974-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. Şərəf nişanı ordeni ilə təltif edilib. Onun yaradıcılığı bir çox teatr və kino rəssamları üçün örnək olub, çünki sənətkar özündən sonra gələcək nəsillər üçün zəngin bir irs qoyub gedib. İlk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2011.- 11 mart.- S. 12.