Kiyevdəki Səməd Vurğun adına kitabxana yenidən qurulub

 

   Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ölkəmizin diplomatik nümayəndəliyinin əməkdaşları ilə birlikdə Kiyevin Obolonski rayonunda yerləşən, genişmiqyaslı yenidənqurma işləri başa çatdırılmış Səməd Vurğun adına şəhər kitabxanasında olub. Diplomatlarımız böyük Azərbaycan şairinin büstü önünə tər çiçəklər qoyublar.

   Kitabxananın müdiri Qalina Kislaya burada aparılmış dizayn və təmir işləri barədə məlumat verib. Qeyd olunub ki, ölkəmizin səfirliyi mədəniyyət sahəsində Azərbaycan-Ukrayna münasibətlərini dərinləşdirmək və genişləndirmək məqsədi ilə Səməd Vurğun adına kitabxananı bütün zəruri texniki avadanlıqla təchiz etməyi öhdəsinə götürüb. Bu ilin mayında diplomatik nümayəndəliyimiz burada Səməd Vurğunun anadan olmasının 105 illiyinə həsr edilmiş təntənəli tədbir keçirəcək.

   Onu da qeyd edək ki, Bakının Qaradağ rayonu ilə Kiyevin Obolonski rayonu arasında tərəfdaşlıq haqqında razılaşma var. Qaradağ rayonunda tanınmış Ukrayna şairi Lesya Ukrainkaya abidə qoyulub.

 

 

   Mədəniyyyət.- 2011.- 16 mart.- S. 7.