Buğda dənəsi də sənət əsərinə çevrilir

 

Firəngiz Haşımova 18 saylı məktəbin ibtidai sinif müəlliməsidir. 42 illik pedaqoji stajı var. Firəngiz xanım həm də gözəl əl qabiliyyətinə malikdir. Məhz buna görə pedaqoji fəaliyyətində yetişdirdiyi şagirdləri, sənət aləmində isə ərsəyə gətirdiyi gözəl əsərləri ilə tanınır.

Onun yaratdıqları öz qeyri-adiliyi ilə diqqəti cəlb edir. Toxumlardan - buğda, qarğıdalı, çəltik, düyü və s. hazırlanan həmin əsərlər təkəlduz texnikası ilə işlənib. Onların arasında qədim İçərişəhərin küçələrinə, Bakının gözəl arxitektura ansamblı olan binalarına, portretlərə rast gəlmək olar. Çox təvazökar insan olan Firəngiz xanım özü haqda söhbətə uşaqlıq illərindən başladı:

- Mən ögey ananın himayəsində böyümüşəm. Atam Əbdülhəsən Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra Tibb İnstitutunda hərbi kafedrada baş müəllim olub. Çox vaxt evdə analığımla qalırdım, günüm xoş keçmirdi. Hələ onda rəsmə, əl işlərinə meylli olduğumu başa düşmüşdüm. Ailədəki çətin vəziyyətim mənim sırf bu sahə ilə məşğul olmağıma, xüsusi təhsil almağıma imkan vermədi. Amma, necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz, istedadım özünün belə təzahürünü tapdı. Müxtəlif şəkillərin surətini çıxarıb onları toxumlarla işləyərək canlandırıram. Bu, çox səbir, təmkin tələb edən bir işdir. Etiraf edək ki, toxumların uyğun rəng çalarlarını tapıb onları maqqaşla bircə-bircə şəkillərə yapışdırmaq elə də asan iş deyil. Bəzən onlardan üyüdülmüş şəkildə də istifadə edirəm.

Çox ölkələrdə, müxtəlif şəhərlərdə olmuşam. Amma heç vaxt doğma şəhərimi - Bakını vəsf, tərənnüm etməkdən doymuram. Doğulub boya-başa çatdığım İçərişəhər, orada yaşadığım ev, qonşu küçələr, Qoşa qala qapısı, Filarmoniyanın binası, Heydər Əliyev Sarayı, Opera və Balet Teatrı, Milli Kitabxana, Azərbaycanın gerbi, Nardaran, Bibiheybət pirləri, Təzə pir, Hökumət evi, Hacınski qardaşlarının binası, Kukla Teatrı, milyonçu Muxtarovun binası (Səadət sarayı), İstiqlaliyyət küçəsində Bakı şəhər İH-nin binası - bütün bunlar Firəngiz xanımın incə əl işi ilə maraqlı sənət əsərlərində əksini tapıb. Onların arasında ümummilli lider Heydər Əliyevin bir neçə portreti də var. Ötən il bu portretlərdən ən böyüyünü (51x40 sm. ölçüdə) Heydər Əliyev Fonduna bağışladım. Onun adını daşıyan bir neçə muzeyə də nisbətən kiçik ölçülü portretlər hədiyyə etmişəm. Dədə Qorqud surəti və digər portretlər də yaradıcılığımda əksini tapıb. İndi əsərlərimin sayı 50-yə çatır.

Onu da deyim ki, həssas bir insan kimi heç vaxt rastlaşdığım hadisələrə, insan talelərinə biganə olmamışam. Sonralar özüm və başqaları haqqında qələmə aldığım hekayələrimi, povestimi iki kitabımda oxuculara çatdırmışam.

2004-cü ildə elə Mənim gözəl şəhərim mövzusunda fərdi sərgim keçirildi. Bir il sonra isə İçərişəhər festivalında əsərlərimlə iştirak etmişəm. Çalışdığım 18 saylı məktəbdə, Bülbül adına musiqi məktəbində müxtəlif illərdə sərgilərim keçirilib. İstəmişəm ki, gənclərdə də bu işə maraq, həvəs yaradım. Dərs dediyim ibtidai siniflərdə əyani vəsait kimi çox vaxt öz əl işlərimdən (kuzə, birəlli və s.) istifadə edirəm.

Son illər yağlı boya ilə çəkdiyim şəkillər də var. Onu demək istəyirəm ki, İçərişəhəri vəsf etməkdən doymuram. Bəzi küçələri bir neçə dəfə - müxtəlif nöqtələrdən təsvir etmişəm. İndi daha bir mövzu məni düşündürür - torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanlarımız. Onlardan biri - Milli Qəhrəman Salatın Əsgərova da mənim şagirdim olub. Bu qız elə uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi. Arzum budur ki, tezliklə işğal altına düşmüş torpaqlarımız azad edilsin. Bütün yaradıcı insanlar kimi mən də arzu edirəm ki, bütöv Azərbaycanımızı tərənnüm edim. Bu işdə mənə yəqin ki, Rəssamlıq Akademiyasında oxuyan nəvəm - Cəmilə də kömək edəcək.

 

İradə Əsədova

 

Mədəniyyət.- 2011.- 18 mart.- S. 11.