Zülmətdə parlayan işıq

 

Milli teatr sənətinin təşəkkülü və inkişafı yolunda özünəməxsus xidmət göstərən Səkinə Axundzadə (1865-1927) nəinki Azərbaycanda, həm də müsəlman Şərqində pyes, nəsr əsərləri yazan ilk azərbaycanlı qadın yazıçı, görkəmli maarif işçisi, ana dilində orta məktəb dərsliklərinin müəllifi olub.

Unudulmaz mətbuat xadimi Qulam Məmmədlinin bu sənət fədaisinin yaradıcılığı haqqında xeyli sayda araşdırmaları var. Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında ilkinlərdən sayılan Səkinə xanımı Qulam Məmmədli səhnəmizin ilk qönçəsi, iftixarı adlandırırdı. Buna da səbəb vardı. Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsində aktrisa problemi ilə yanaşı, qadın müəlliflərin olmaması dövrün ziddiyyətli təzahürünü, xurafatın geniş yayıldığını təsdiqləyirdi. Teatr tariximizə parlaq səhifələr yazmış Səkinə Axundzadə böyük mesenat Tağıyevin qız məktəbində dil və ədəbiyyatdan dərs deməklə yanaşı, teatr, səhnə və dramaturgiya ilə də maraqlanırdı. Onun ən böyük arzularından biri qadınların ədəbi fəaliyyətdə iştirakını görmək idi. Qəlbi nurlu fikirlərlə çırpınan bu nəcib xanım həm də böyük maarifpərvər idi.

Səkinə Axundzadə Quba şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası Mirzə Heybət Axundzadə Fəda təxəllüsü ilə şeirlər yazan şair olub. Mirzə Heybət dövrünün məşhur alimi, filosof və mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun yaratdığı Gülüstan ədəbi məclisinin fəal üzvlərindən biri idi. Səkinə xanımın ədəbiyyata, teatra, incəsənətə olan marağı da məhz böyüdüyü mühitdən, aldığı tərbiyədən bəhrələnirdi.

1900-cü ildə Səkinə xanım Bakıya dəvət alıb. Bir müddət Hacı Zeynalabdin Tağıyevin yaratdığı ilk rus-müsəlman qız gimnaziyasında dil və ədəbiyyat fənlərindən dərs deyib. Qulam Məmmədli yazırdı: Səkinə xanım müəllimliyə başladığı zaman Bakı səhnəsində Cahangir Zeynalov, Əbülfət Vəli, Mirzəağa Əliyev, Hüseyn Ərəblinski kimi teatr xadimlərinin iştirakı ilə tamaşalar verilirdi. Qadın rollarını kişilər oynayır, səhnə qadın arzusu ilə, qadınlar isə səhnə həsrəti ilə yaşayırdılar. Çadra altında teatra gəlib, örtülü lojalardan səhnəyə baxan Səkinə xanımın ürəyindən nələr keçmirdi?

Birinci olmaq həm xoşbəxtlikdir, həm də olduqca böyük bir məsuliyyətin və məhrumiyyətin ağırlığına tab gətirmək qabiliyyətinə yiyə durmaqdır. İlk qadın romançı, ilk qadın dramaturq, ilk qadın dərslik müəllifi! Xurafatın zülmətində bir azərbaycanlı qadının bunu bacarması və fədakarlıqla yerinə yetirməsi həqiqətən o dövr üçün ağlagəlməz hünər və qəhrəmanlıq idi. Nə qədər mənən zəngin, məqsədi qadınların maarifləndirilməsi olsa da, onun gördüyü işlər heç də həmişə məhəbbətlə qarşılanaraq qəbul edilmirdi. Nadanların müqavimətini qırmaq, təqiblərdən qurtulmaq, təzyiqlərdən qalib çıxmaq bu zərif duyğulu, qeyrətli, mərd Azərbaycan qadını üçün tez-tez ölümlə üzləşmək demək idi. Səkinə xanım bütün bu çətinlikləri dəf etmək üçün əslində həyatını riskə qoyurdı. Hətta bəzən valideynlər onun üstünə hücum çəkərək deyərdilər: Siz dərsdə qızlara şəriətdən danışırsınız. Sonra isə onları oyunbaz kimi səhnəyə çıxarırsınız. Belə ittihamlara dözmək üçün Səkinə Axundzadə mənən də çox əziyyət çəkirdi.

Xatirələrdən bəlli olur ki, Səkinə Axundzadə çox düşünürdü. O, elə bir vasitə tapmaq istəyirdi ki, rəfiqələri həm səhnəni görsünlər, həm də onların obrazını yaradan kişilər qadın libasından çıxa bilsinlər. İlk işi pyes yazmaqdan ibarət oldu. O, əvvəlcə elmin mənfəəti, sonra isə Haqq söz acı olar adlı pyeslərini yazdı. Bəlkə də ilk dramlar idi ki, burada həddən artıq qadın obrazları var idi. Hər iki əsərin rejissorluğunu müəllif öz üzərinə götürmüşdü. Bütün rolları isə müəllim yoldaşlarına və qız şagirdlərinə paylamışdı. Əsər oynanılan gün isə müəllifi qadın olan pyesin bütün personajlarını qadın və qızlar çatdırırdı. Tamaşaçılar da ancaq qadınlardan ibarət idi. Qulam Məmmədli yazırdı: Azəri qadınları səhnə mədəniyyətinin nübarını belə daddılar.

Səkinə Axundzadə dramaturq kimi teatr aləmindəki fəaliyyətini inadla davam etdirməyə başladı. O, Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə çevirərək səhnələşdirilməsinə kömək edirdi. Səkinə Axundzadənin Namiq Kamal yaradıcılığından hazırladığı Bəxtsiz bala, Zülmün səmərəsi adlı dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin iştirakı ilə tamaşaya qoyulmuşdur.

Ərəb və fars dillərini mükəmməl bilən Səkinə Axundzadə Şərq ədəbiyyatına dərindən bələd idi. Geniş dünyagörüşünə malik olan bu istedadlı xanım Azərbaycan qızlarını azad və firavan görmək arzusu ilə çırpınırdı. Qələmə aldığı əsərlərində həmişə bu ideyaların təbliğinə xüsusi fikir verirdi. Açıq fikirli, maarifpərvər bu ziyalı xanımın qələmə aldığı mövzular həyatdan gəlirdi. O, Azərbaycan qadınının düçar olduğu ağır həyatı ürək ağrısı ilə qələmə alar, qızların oxuması, çalışması üçün əlindən gələni əsirgəməzdi. Bütün yazılarında qızların elm dalınca getməsini, savad almasını nəinki məsləhət görürdü, demək olar ki, hayqırırdı. Səkinə xanım həm də ilk romançı qadın idi. O, Şahzadə Əbülfəz və Rəna xanım romanında Azərbaycan qadınlarının həyatında kök salmış xurafatın aradan qaldırılması üçün çıxış yollarını göstərən, bədii üsulla azadlığın şirinliyini təsvir edən müəllif kimi diqqət çəkir.

Müəllifin əldə olan yaradıcılıq nümunələrinə bugünün gözü ilə nəzər salanda heyrətə gəlməyə bilmirsən. Zülmün, zillətin hökm sürdüyü bir dövrdə beş dram, bir roman yazan Azərbaycan qadını ötən əsrin əvvəllərində öz rəfiqələrinin hüquq və azadlıqlarının müdafiəsi üçün hansı çətinliklərlə üzləşməyib. 1922-1923-cü illərdə nəşr olunmuş Yeni türk əlifbasının həmmüəlliflərindən biri də Səkinə Axundzadə idi.

Amalı həmişə işıqlı ideyalar və məramlar olsa da, həyatı o qədər də xoş keçməyib, ömrü təkcə mübarizələrə tuş gəlməyib. Taleyin boz üzünü də görüb, uzun illər ağır xəstəlikdən əziyyət çəkib. Bu səbəbdən də Bakıdan Qubaya dönmək məcburiyyətində qalıb. Deyilənlərə görə, o dövrün məşhur aktyorları, sənət və teatr xadimləri tez-tez Qubaya gedər, Səkinə xanıma baş çəkərmişlər. Doğulduğu şəhərdə də dünyasını dəyişən bu işıqlı qadının həyat və yaradıcılığı çox maraqlı və zəngin idi. Məşhur aktyor və rejissor Hüseyn Ərəblinski onunla söhbət zamanı sənət dostuna xitabən demişdi: Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz?! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər.

Həyat hər iki şəxsiyyətin arzularını təsdiqə yetirdi. Səhnəmizin korifey aktrisaları durna qatarı kimi illərin sırasına düzüldü. Azərbaycan teatr tarixində özünəməxsus yeri olan Səkinə xanım Axundzadə unudulmuş unudulmazlardan biri idi.

Filologiya elmləri doktoru Nazif Qəhrəmanov onun şücaəti ilə bağlı yazır: Səkinə Axundzadənin yaşadığı dövr cəhalətlə tərəqqinin, nadanlıqla elmin toqquşduğu, çətin, ağrılı-acılı bir dövr idi. O, şəxsi həyatında çətinlikləri dəf etdiyi kimi, ictimai həyatda da mübariz qadın olmuşdur.

Millətinə ləyaqətlə xidmət etmiş Səkinə Axundzadənin ədəbi irsinin geniş tədqiqinə, nəşrinə və təbliğinə diqqət yetirilməlidir. Onun əsərləri latın qrafikası ilə çap edilməli, orta və ali məktəblərdə Səkinə Axundzadə barədə gənc nəslə mütləq bilgi verilməlidir. Biz tariximizi də dərindən öyrənməli, bu tarixdə möhtəşəm yer tutan görkəmli insanları da yaxından tanımalıyıq.

Flora Xəlilzadə,

yazıçı-publisist

Məxsusi Mədəniyyət qəzeti üçün

 

Mədəniyyət.- 2011.- 13 may.- S. 13.