“Azərbaycan ailəsi 2011” film festivalı yekunlaşdı

 

    Mayın 11-də Muzey Mərkəzində Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkil etdiyi “Azərbaycan ailəsi” film festivalının yekunlarına həsr olunmuş tədbir keçirildi. Xatırladaq ki, festivala fevralın 9-da start verilmişdi.

  

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbiri açaraq gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, ailə dəyərlərinin təbliği sahəsində komitə tərəfindən müxtəlif layihələr həyata keçirildiyini söylədi: “Bu tədbirlərin bir hissəsi kimi kinematoqrafiyanın imkanlarından istifadə etməklə Azərbaycanda maarifləndirmə işlərinin aparılması və ailənin sosial statusunun daha da yüksəldilməsi məqsədilə “Azərbaycan ailəsi” adlı film festivalını keçiririk”.

   Tədbirdə xalq artistləri, rejissor Oqtay Mirqasımov, Bakı Bələdiyyə Teatrının rəhbəri, festivalın münsiflər heyətinin üzvü Amaliya Pənahova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov və başqa qonaqlar çıxış etdilər. Bildirildi ki, ictimai həyatda baş verən dəyişikliklər ilk növbədə ailə institutunda öz əksini tapır. Bu baxımdan, ailənin nüfuzunun yüksəldilməsi, onun milli xüsusiyyətlərinin qorunub saxlanılması hər zaman ictimaiyyətin diqqət mərkəzində olan məsələdir. Festivalın keçirilməsində də məhz bu fikir əsas götürülüb. Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun gəlməklə yanaşı, bədii, sənədli, animasiya filmləri və sosial çarxlar şəklində qəbul olundu.

   Sonda müsabiqəyə təqdim olunan işlər “Ən yaxşı film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı xarici film” nominasiyaları üzrə mükafatlandırıldı.

   “Ən yaxşı film” nominasiyası üzrə “İşıqlı zülmət” sənədli filmi (ssenari müəllifi və rejissoru Məhsim Məhsimov) Gənclər və İdman Nazirliyinin, “Axan sularla birgə” filmi (İradə Bağırzadə, Əli Həsənov) filmi Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatına layiq görüldü. “Ən yaxşı televiziya proqramı” nominasiyası üzrə “Gender” TV proqramı (Lider TV) (Mətanət Ağamirli, Teymur Musaim), “Ən yaxşı tələbə filmi” nominasiyası üzrə “Bircə saat” filmi (Ayşad Səfərəliyev, Amil Məmiyev), “Affekt” filmi (Rüfət Kərimzadə), “Ən yaxşı xarici film” nominasiyası üzrə “Sehrli an” animasiya filmi (Roman Sokolov, Rusiya) “Xəyallarda səyahət” filmi (Tobias Rahm, Mark Tobias Vinderhagen, Almaniya) qalib elan olundular.

  

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 13 may.- S. 7.