Zəhmətə
verilən qiymət sənətdə yeni
səhifələr açır
Rəssamlıq sənətimizi dünyaya tanıdan sənətkarlardan biri də Azərbaycan Rəssamlıq
Akademiyasının dosenti, Əməkdar rəssam,
heykəltəraş Zeynalabdin İsgəndərovdur.
O bugünlərdə İtaliyanın paytaxtı Romada heykəltəraşlıq üzrə
beynəlxalq simpoziumun mükafatına layiq görülüb.
Zeynalabdin İsgəndərov əslən Şamaxı rayonundan olsa da, 1949-cu ildə Bakıda anadan olub. Erkən yaşlarından rəssamlığa maraq göstərib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. Sonra V.I.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə məşhur tişə ustası, SSRİ Rəssamlıq Akademiyasının prezidenti Nikolay Tomski onu emalatxanasına dəvət edir. Az sonra onların tələbə-müəllim münasibəti sənət-yaradıcılıq dostluğuna çevrilir.
- Zeynalabdin müəllim, bu dostluq necə yarandı?
- Proqram çərçivəsində gildən hazırladığım etüdlər sözün əsl mənasında diqqət çəkirdi. Plastik tutumuna və bədii şərhinə görə “tələbə işi” çərçivəsinə sığmırdı. Onu da deyim ki, həmin vaxt tələbələrə diplom işlərini sərbəst mövzuda işləməyə icazə verilirdi. Mən də milli koloritli “Bulaq başında” adlı bir kompozisiya işlədim. Əlində səhəngi su ilə dolduran gənc qızı təsvir etdim. Əsər ifadəli siluet, zərif plastika və axıcı ritm kompozisiyasının romantik-lirik ruhunu təsdiqləyən bədii-estetik məziyyətlərlə dolu idi. “Əla” qiymətə layiq görülən bu iş, bədii yönlü ali təhsil məktəblərinin Ümumittifaq sərgisində böyük uğur qazandı. Bu ciddi sənət uğuruma görə SSRİ Rəssamlıq Akademiyasının prezidenti Nikolay Tomski SSRİ Rəssamlar İttifaqına qəbul olunmağıma zəmanət verdi.
O, institutu bitirdikdən sonra 1977-ci ildə təyinatla Bakıya gəlir. Əmək fəaliyyətinə Dövlət
İncəsənət İnstitutunda
(Mədəniyyət və
İncəsənət Universiteti)
başlayır. Gənc məzunlara
sənətin sirlərini
öyrədir. Əldə etdiyi
vərdişləri tələbələri
ilə bölüşməkdən
rahatlıq tapır.
Eyni zamanda yeni-yeni əsərlər üzərində
çalışır. Müxtəlif sərgilərdə iştirak edir.
Son dövrlərdə
heykəltəraş görkəmli
sənət adamlarının
(xalq artistləri Sara Qədimova, Leyla Bədirbəyli, xalq rəssamları Mikayıl
Abdullayev, Kamil Əliyev, Maral Rəhmanzadə və s.) məzarüstü abidələrini
yaradıb. Sənətkarın
“Səttar”, “Namaz”, ”Külək”, “Mütəffəkir”,
“Musiqiçi” və
s. kompozisiyaları əsl
sənətin obrazlarda
ifadə olunması həqiqətini təsdiqləyən
plastika nümunələridir.
- İtaliyanın paytaxtı Romada keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumda mükafata layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Bu barədə ətraflı məlumat verməyinizi istərdik.
- 2010-cu ilin aprel-mayında İtaliyanın Fonte-Nova sənət mərkəzi Roma şəhərində heykəltəraşlıq üzrə beynəlxalq simpozium keçiriləcəyi barədə elan verildi. Həmin mərkəzə bir neçə əsərimi göndərdim. Təxminən bir ildən sonra İtaliyadan dəvətnamə aldım. Dünyanın müxtəlif ölkələrindən 130 sənətkar bu beynəlxalq tədbirə əsər göndərmişdi. Onların arasından 13 sənətkarın əsəri bəyənilmişdi. Onların beşi İtaliyadan, qalan səkkiz nəfəri isə Almaniya, İran, Azərbaycan, İraq və İspaniyadan idi. Avqustun 30-dan sentyabrın 30-dək Roma şəhərində oldum. Orada qaldığımız müddətdə müxtəlif materiallardan əsərlər yaratdıq. Sonra hamımız geri döndük. Oktyabrın əvvəlində İtaliyadan dəvətnamə aldım. Məlum oldu ki, İtaliyada keçirilən həmin beynəlxalq simpoziumun mükafatına layiq görülmüşəm.
Mükafatlandırma Covanni Paola kilsəsində
keçirilirdi. Mərasimdə Vatikanın nümayəndəsi,
Roma Heykəltəraşlıq Akademiyasının prezidenti
Alfio Monqelli, İtaliya Rəssamlar İttifaqının prezidenti
Fonte-Nova Antonio Muri, İtaliya Mədəniyyət
Nazirliyinin təmsilçiləri
iştirak edirdi. Respublikamızın İtaliyadakı səfirliyinin nümayəndəsi
də orada idi. Mükafatlandırmadan sonra Azərbaycan
səfirliyinə dəvət
olundum. Səfir Vaqif Sadıqovun
qəbulunda oldum.
O, da öz növbəsində məni
təbrik etdi.
- Övladlarınızdan
sənətinizi davam etdirən varmı?
- Əli və Həsən adlı iki oğlum var. Hər ikisi rəssamdır. Roma Müasir Rəssamlıq Akademiyasını qurtarıblar. Hazırda İtaliyada yaşayırlar.
Savalan Fərəcov
Xalq qəzeti.- 2011 2 noyabr.- S. 13.