Bədii “bəşər” yaradıcısı

 

   Sadəcə Fyodor... mürəkkəbcə Dostoyevski...

  

   Öncə bir qarabasdı ifadə: lənət şeytana!..

   Dostoyevskiyə mükəmməl bələd olanlar bu ifadənin məndə həyəcandan doğulduğunu tutmamış olmazlar. Neçə-neçə nəsillər, elitlər, dahilər heyrətləndirib, bar-bəhrələndirib yola salmış Dostoyevski istedadının, Dostoyevski təfəkkürünün müasir heyranları, vurğunluq “dəli”ləri onun əsərlərindəki psixo-situasiyalardan tibbi dəliolma dərəcəsinə çatanlardan da xəbərdar olmamış olmazlar.

 

   Deməli, bizi “şeytana lənət” nəticəsinə gətirən səbəblərə - sənətə və sənətkara heyrət!..

  

   Amma məncə, oxucuda bu qədər hiss-həyəcan, melanxolik qorxu, anatomik vahimə, nəticə etibariləsə fantastik feyz, “seysmik” həzz, ləzzət yaradan Dostoyevski surətlərinin - həyatdakı prototiplərindən daha sirli, daha real, canlı, cazibədar obrazların yaranmasında lənətlənməsi Allahdan başlanmış bu ümumdini (və ümumbəşəri) abstrakt obrazın - şeytanın da rolu az olmayıb. Əks təqdirdə - yəni, yalnız Allah-bəndəliyə qalsaydı, bu yazıçı-peyk ümumbəşəri fantaziya orbitindən bu qədər qırağa çıxa, ədəbiyyat-sənət dəryasının bir elə dərinliyinə enə, təxəyyül səmasının bir belə yüksəkliyinə qalxa bilməzdi.

   On iki yaşındaykən tay-tuşlarından birinə dediyi: Yox, mən səndən qorxub-çəkindiyimə görə yox, savaşmaq kimi kişi işini urvatdan salmamaq üçün, təklikdə mənə bulki, böyük qardaşlarının yanında isə yumruq uzadan bir cahil qarşısında susuramkimi sözlərin, iyirmi ikinci ad günündə qardaşına yazdığı məktubdakı “Əsgərliyə kartofa etdiyim qədər nifrət edirəm!” kimi frazaların özüinsan deyimlərindən çoxbir dəli şeytan deyir”ləri xatırlatmırmı?

   Dostoyevskinin təxəyyül, üslub atmosferi o dərəcədə sıx, təhkiyə psixolojisi o qədər dinamik-dramatik, obrazları o səviyyədə canlı, ədəbi-bədii “epiqriz”ləri o şkalada analitikdir ki, onlardan qan analizi götürmək sevdasına da düşmək olar. Elə bir nisyə tibbi əməliyyatdan sonra belə bir nəqd bədii nəticəyə gələsiyik ki, onların hamısı ilə müəllifin qan qrupu eynidir...

   Onu dühalığa aparan -

  

   Dahiyanə məşəqqətlər

  

   Bütün yazı-pozular, ərizə-mirzəliklər, şairlik-yazıçılıqlar alın yazısından başlanıb. Pozu olmayan yazıdan!..

   Dünyanın da, insanlar kimi, alın (yəqin ki, bir qədər də mürəkkəb, qalın) yazısı olmamış deyil. çox güman - bunları yazan qüdrət sahibi öz müqəddəs səmavi kitabları ilə bahəm, zaman-zaman böyük sənətkarlar da yaradır ki, onlar da öz yerkürəvi kitablarıyla bu çox dərin mətləb-mənaları bala-bala şərhi-bəyan etsinlər...

   Tanrı belələrindən birini - Fyodor Mixayloviç Dostoyevskini 1821-ci il noyabrın 11-də Moskvada yaratdı. Onun alın yazısı “süjetinin bünövrəsi, təbii, içki düşkünü atasının, vərəmli anasının, xarab ətraf mühitinin alınlarındakılarda qoyulmuşdu; hərbi cərrahlıqdan təqaüdə çıxıb “şərab əsiri” məşğuliyyətinə qurşanmış ata qızlarını küçəyə çıxmağa qoymamaqla, əzazil çavuş kimi davrandığı oğullarına qorxudan siçan deşiyi axtartdırmaqla, idiot xəsisliyilə bukişi qırıqlarını” tay-tuşları yanında geyim-keçim, cib xərcliyi xəcilliklərinə qərq etməliymiş. Uzun illər “qayda güdüb, nizam sevən”, ərinə son dərəcə itaətkarlıq edən, bütün bunların bir fayda vermədiyini görüb taleyinə boyun əyən, nəhayətdə heç nəyi vecinə almamaq qənaətinə gəlib, onsuz da əsəbi kişisini daha da hirsləndirmək höcətilə yaşayan vərəmli ananın “möhtəşəm əzablar”ından sarsılmalıymış. Gah ədalı, gah vəfasız, gah vərəmli, bədxərc, gənc qadınlarla tapışmalardan, izdivaclardan, boşanma-ayrılmalardan zinhara gəlməliymiş. Başdan-başa epik təbiət, kifayət qədər lirik qəlb sahibi ola-ola, mühəndis ixtisasına yiyələnib hərbi istehkam sahəsində çalışmalıymış. Sağ əli əsl və əbədi çörək ağacına çatar-çatmaz, haray-həşir naşirlərin, tənqidçilərin solaxay baryerlərinə dirənib, siyasətə meyllənməli, gənc liberallar - Petraşevskilər qrupuna qoşulmalı, 28 yaşında yatağındaca həbs olunmalı, bir neçə an tüfəng lüləsi qarşısında güllə ilə göz-gözə dayanmalı, ruhən “o dünyada” ikən çar çaparının gətirdiyi əfv sərəncamını eşitməli, ölüm cəzasının on il sürgünlə əvəz edilməsinə sevinməli, dörd il kürək cəzası, altı il zəruri hərbi xidmət məhkumiyyəti çəkməliymiş...

   Lakin “sadəcə Fyodorluqla bağlı bu alın yazısı böyük sürətlə “mürəkkəbcə Dostoyevski”liyə doğru gedirdi. Fiziki-xronoloji sarıdan hədsiz dərəcədə ağır, ləng getsə də, irfani, təfəkkür-təxəyyül baxımından çox ləngərli, özündən əvvəlki (bəlkə özündən sonrakı da!) əsrlərin ümumcəm sürətilə irəliləyirdi.

   Bu sürət hələ vur-tut iyirmi bir yaşlı Fyodorunuşaq” addımlarından çox qabaq , çox üstün idi. Get-gedə Sankt-Peterburqdan çıxıb Rusiyalaşmağa, Avropalaşmağa, dünyəviləşib-bəşəriləşməyə doğru yürüyən addımlar idi. Siz problemin ruhunun ən dərinliklərinə gedərək bir neçə xətdə böyük bir gerçəyi ortaya qoymuşsunuz”, “Bu əzablı, lakin heyrətamiz üslub yolunu davam edə bilsəniz, böyük, dahi bir yazıçı ola bilərsiniz!” kimi ədəbi-tənqidi rəylərə ürcah gələn qədəmlər idi. Ən əsası isə, artıq, dahi Belinskinin də diqqətini çəkmiş bir gəliş idi...

   İndi bircə problem qalırdı; bütün zamanlarbütün bəşəriyyət üçün yonulmuş tanrısal Dostoyevski karandaşını “Bədbəxt insanlar”, “Ev sahibəsi”, “Bəyaz gecələr”, “Netoçka Nezvanovakimi çox maraqlı, amma həm də bir qədər lokal, haradasa, Fyodor avtobioqrafiyalığı çərçivəsindən xilas etmək...

   Alındı. Etno-taleyindən “mujikliyin də qırmızı xətt kimi keçdiyi Rusiyanı bütün dünyaya ədəbi-bədii kübarlıq, müdrik zadəganlıq assosiasiyası ilə təqdim edən misilsiz bir isim yarandı -

  

   F.M.Dostoyevski!

  

   Məncə, belə bir fikrə şərik tapılar ki, Dostoyevski qələmi əlinə sadəcə yazmaq üçün yox, insanların, kütlələrin, hadisələrin, təbiətin gizli saxladıqları hiss-həyəcanları faş edib, o duyğular sehr-sirlərindən intiqam almaq üçün götürürmüş. Deyim ki, bizim bu qənaətimizə tutarğanı müəllif özü verib; axı o, anasına zülmlər yaşadan atasının ölüm xəbərini eşidəndə, bunu çoxdan istədiyini düşünmüşbu şüuraltı istəyin müdhişlik dərəcəsindən depressiyaya düşmüşdü! Bu gizlininiKaramazov qardaşları” romanında Dmitri Karamazovun dilindən açmışdı: “Atamın ölümündə mənim heç bir günahım yoxdur, amma bu qətlin cəzasını çəkməyə hazıram! Çünki içimdən onu öldürmək keçirdi...”

   Bəs bu müddəaya necə, buna da şəriksizmi ki, Dostoyevskinin mülki-bədii hökmləri bütün hüquq-mühakimə cəzalarından, edamlardan, sürgünlərdən daha cəncəl, daha əzazildir. Onun təsvir-əzablarından sonrakı Raskolnikova təklif etsəydilər ki, buyur, istixarə et; “edam, güllə, gilyotin, yoxsa Dostoyevski qələmi?”, sizcə, hansını seçərdi?..

   Bir huş-guşlanın, özsayağımızca düşünüb-daşının, görün, bu sirli-sehrli maraqlı olduğu qədər də əzablı dünya haqda, sevib-vurulduğumuzdan çox, darılıb rədd etdiyimiz insanlar, istisinə qızındığımızdan ziyadə tüstüsündən kor olduğumuz təbiət, gözlərimizdən sevinc damlalarından artıq kədər yaşları axıdan hadisələr barədə nə qədər atalar sözü, analar qarğışı, zərb-məsəllər, dastan-qəzəllər söyləmişik: “fani”, “gidi”, “vəfasız”, “iblis”, “vəhşi”, “daşqəlbli”... Sadaladıqca tükənməyəsi bu ifadələrin ən universal-ümumiləşdirilmiş obrazını Dostoyevski yaratmayıbmı? Bəli, “İdiot”!

   Bu romanı, yumru yumurtaya bənzər dünyanı öz “Bədbəxt insanlar”, “Netoçka Nezvanova”, “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Gizlindən qeydlər” və “Qumarbaz”ında dişinə vurmuş müəllifin bəşəriyyətə açıq məktubu da adlandırmaq olmazmı?

   Bəs səmavi kitabların, dinlərin, ruhanilərin, böyük mömin bəndələrin tarixən təlqin və təbliğ etdikləri əbədi qardaşlıq fəlsəfəsinin ədəbi durum, psixoloji qurum, qaçılmaz uçurum mənbəyi? Bu da Dostoyevski mülkünə mənsub deyilmi? Əlbəttə, “Karamazov qardaşlar”ı! Burada şəritdən asılmış məlum paltar bəşəriyyətin namus vahidi kimi ehtiva olunmurmu? Buradakı qohum-əqrəba münasibətləri, sevgi, məhəbbət, iqtisadi-güzəran ehtirasları dünyanın hər nöqtəsində eyni formatda qalxıb-düşmürmü, vahid “dil”də danışıb-anlaşmırmı, bütün mənəvi-stomatoloji dişlər beynəlmiləl iştahla qıcanmırmı?

   Fərqindəsinizmi, artıq üç abzasdır ki, sizi - açıq şəkildə olmasa da - bu fikirlərimə də şərikliyə dəvət etməkdəyəm. Toxunduğu hər xarakterin, hər detalın, situasiyanın iç-içalatına qədər varan bir ədibdən bəhs edildiyi üçün belə bir jarqon işlədərək deyim ki, “acı bağırsaq” kimi uzanan bu mövzunu heç bir şərik axtarışına ehtiyacı olmayan böyük Albert Eynşteynin sözləriylə tamamlayıram: “Mən kəşflərə nə qədər səy göstərsəm də, Dostoyevskinin tapdıqlarını tapa bilmədim...”

   Yox, daha birtamamlama işi”nə ehtiyac duydum. Belə ki, bu ədib yazıçı yox, şair olsaydı, növbəti yarımbaşlığım tamamilə yerinə düşmüş olardı:

  

   Heyrət, ey büt!..

  

   Dostoyevski həyatı, Dostoyevski dövrü ilə əlaqədar nəyə, nələrə, hansı qaranlıq məqamlara təəssüflənsəm , onun dövrünü bizə əyani göstərəsi kino-kamera texnikasının olmamasına heç vaxt darılmamışam. Çünki onun yaratdığı bütün digər elementlər bir yana, elə təkcə Sankt-Peterburq, o şəhərin çiskinli küçələri, dalanları, nərmənazik qızların, gombulbabuşka”, detektivdeduşka”ların başlarına tutduqları çətirlər, bəyaz gecələr, o balta, miskin polis, zavallı Netoçka... hər şey, hamı kinofilmlərdə, telekanallarda gördüyüm bütün Rusiyalıqlardan daha vizual, daha virtualdır. O, ədəbi söz fikirləri, ənənəvi arxaizm sillogizmləri əbədi qaydalar məhvərindən çıxarıb, orijinal bir Rusiya, yeni psixo-etnoloji, filoloji, bəzi nüanslarda patoloji rus yaratmışdı...

   O, Rusiya ordusunun işğal etdiyi etmək istədiyi bütün ərazilərin könüllərini zəbt etmiş etməkdədir. Ümumdünya könül-qəlblərinin bu bədii bəşər imperatoruna qarşı yeganə müxalifliyi bu ola bilər ki, hər şeyin bir nəfsi-əndazəsi olduğu halda, nədən sənin təsvir-təsəvvürlərinin, psixo-ekskursiyalarının bir sonu, duyğu-düşüncələrimizin dərk dədəsini yandıran alovlu üslubunun, “su kimi lətafəti”, “yoxdan var olmasıçoxdan təsdiqlənmiş sözünün bir hədd-səddi olmasın?

   Bunlar onun yazılarında olmasa da, gərəkdir ki, onun haqqında olan bu yazıda olsun...

   Yəni, vəssalam!

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 15.