Azərbaycanla Macarıstan turizm əməkdaşlığını genişləndirir

 

Macarıstan prezidenti Pala Şmitin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş bu ölkənin baş naziri İştvan Toreçki və iqtisadi inkişaf nazirinin müavini Tibor Sakaçın iştirakı ilə noyabrın 11-də Bakıdakı Macarıstan İnformasiya Mərkəzində görüş keçirilib.

Görüşdə informasiya mərkəzinin hər iki ölkə arasında mədəniyyət və turizm sahəsində oynadığı rol müzakirə olunub. Qonaqlara məlumat verilib ki, yarandığı az müddətdə mərkəz Macarıstan və Azərbaycan arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə dair bir neçə tədbir keçirib.

Macarıstan İnformasiya Mərkəzinin direktoru İlqar Yusifovun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2011-ci ilin mayından fəaliyyət göstərir. İndiyə qədər mərkəzin təşkilatçılığı ilə min nəfərdən artıq insan Macarıstana səfər edib, 100-dən çox Azərbaycan vətəndaşı bu Avropa ölkəsinin kurortlarında müalicə alıb: Yay mövsümü ərzində Azərbaycan həkimlərindən ibarət böyük bir qrup Macarıstan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Budapeştdə ixtisasartırma kursu keçib. Avropanın tanınmış peyk naviqasiya proqramlarını (GPS) hazırlayan İGo şirkəti Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Mərkəzimizin əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı tələbələrin bank, sığorta və turizm sahəsində Macarıstanın tanınmış universitetlərində təhsil almasına yardımçı olmaqdır.

İ.Yusifov onu da qeyd etdi ki, bu il mərkəzin təşkilatçılığı ilə Macarıstanın nüfuzlu turizm şirkətlərinin təmsilçiləri Azərbaycana gəlib, Bakı və regionlarımızın turizm imkanları ilə yaxından tanış olublar. Qonaqların Naftalan və Naxçıvandakı Düzdağ sanatoriyalarına səfərləri təşkil edilib: Hazırda Budapeşt-Bakı birbaşa aviareysinin açılması məsələsi müzakirə edilir ki, bu da ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da güclənməsinə səbəb olacaq.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2011.- 16 noyabr.- S. 9.