Əliağa Kürçaylı adlı bir şair vardı...

 

   Ömrünün sonunacan Əliağa Kürçaylı işıq içində, poeziya işığının içində üzdü. Çağdaş Azərbaycan poeziyasında nə o bir kimsəyə bənzədi, nə bir kimsə ona bənzədi. “Qu quşunun nəğməsi” şeirində dediyi kimi:

  

   Qu quşu nəğməni bir ağız deyir,

   Ömründə bir ağız...

   Amma nəğmə ha.

  

   “Ən xoşbəxt dəqiqələrimdə, ən sıxıntılı anlarımda da nədənsə birinci növbədə Kürü xatırlayıram”. 1928-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gələn Əliağa Kürçaylı sonralar belə yazırdı. Deyirlər, “müharibə uşaqları” vaxtından əvvəl böyüyür. Onun da uşaqlığı müharibə illərinə düşmüşdü. Əliağa əsl həyatla qarşılaşdığı gün ilk şeirini yazdı, ilk şeirindən özünə “Kürçaylı” təxəllüsü götürdü. Və elə ilk şeirindəncə diqqəti cəlb etdi. O dövrdə Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərdi: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.

   Rayon partiya komitəsinin katibinə göndərilən bu məktub Əliağa Kürçaylının həyat və sənət yolunu qəti müəyyənləşdirdi. O, arzularının dalınca böyük şəhərə üz tutdu. Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım ya şeir oxuyum?

   - Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:

  

   Yadımdadır, güllələr şığıyıb keçən zaman

   Səni qanlı otların üzərindən dərdiyim.

   O incə tellərini mərmilər deşən zaman

   Xatirə dəftərimin arasına sərdiyim...  

 

    Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir.

   Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.

   50-ci illərdə Əliağa Kürçaylı şair kimi tanınıb sevilir. “Arifin bağçası”, “Salam, gələcək illər”, “Gözəllik” adlı şeir kitabları çap olunur. O, təkcə istedadlı şair deyil, həm də dramaturq, publisist, tənqidçi kimi tanınır. “...Yesenin poeziyada etiraf nöqtəsidir” - deyən Əliağa Kürçaylı bədii tərcümə sahəsində uğurlu işləri ilə diqqəti cəlb edir. Sergey Yeseninin əsərlərini, Danteninİlahi” komediyasını ilhamla dilimizə çevirir.

   “Günlərin bir günü hökmən ən yaxşı şeirimi yazacağam”. Əliağa Kürçaylı bu sözləri deyəndə 40 yaşı vardı. O kifayət qədər tanınır və sevilirdi.

   Təbiət, məhəbbət lirikası, incə, səmimi hisslər Kürçaylı yaradıcılığı üçün səciyyəvi idi. Onun şeirlərini lirik miniatürlər də adlandırırlar.

  

   Canım qurban elimə,

   Çəmənimə, çölümə;

   Elsiz, günsüz bir ömür

   Başsız küləkdi - dedim.

  

   Çox yanırsan dedilər,

   Odlanırsan dedilər;

   Vətən üçün alışan

   Mən yox, ürəkdi - dedim.

  

   Kürçaylının şeirləri öz lirik tempinə, axarına ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə şeirləri mahnılara çevrilib qanadlanır. Üstündən 20-30 il keçməsinə baxmayaraqYadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə mənimahnıları bu gün eyni sevgi, məhəbbətlə qarşılanır.

   Dramaturq kimi Əliağa Kürçaylının yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram” - deyən Əliağa KürçaylınınLəpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik başqa pyesləri indi teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.

   Mənim ən yaxşı şeirim budur. Onun gözləri məni həyat yollarında azmağa qoymaz”. Əliağa Kürçaylı sevimli qızı Ülkər barədə belə deyirdi. Bilmirdi ki, dünyaya əlvida dediyi gün Ülkər atasını tək qoymayıb onunla uzun bir yola, əbədiyyət yoluna çıxacaq dünyanın ən kədərli dastanlarından biri yaranacaq...

  

   Bu nədir, saraldı, soldu şəfəqlər,

   Dünyaya göz yumdu ata da, qız da.

   Bu nədir, Ülkərsiz qaldı üfüqlər

   Qaldı Kürçaylısız Kür çayımız da.

  

   Bu misralar o dəhşətli gün - 1980-ci il fevralın 13-də Əliağa Kürçaylının qızı Ülkərin qoşa məzarı başında Nəbi Xəzrinin qəlbindən süzülmüşdü.

   Əliağa Kürçaylının ölüm xəbəri poeziyanı sevən, Kürçaylı sənətinə bələd olan hər kəsi sarsıtmışdı. 52 yaşında dünyasını dəyişən Kürçaylının ölüm xəbərini eşidən Xəlil Rza Ulutürk belə demişdi: “Müasir şeirimizin ən uca barlı-bəhərli budaqlarından biri sındı”.

   Əliağa Kürçaylı müxtəlif illərdə dövri mətbuatda nəşriyyat sahəsində işləmiş, “Yazıçınəşriyyatında baş redaktor vəzifəsinə qədər yüksəlmişdi.

   70-ci illərdə Kürçaylı yaradıcılığı kamillik mərhələsinə çatır.Yollarda axtar məni, ”Həyatın dolayları”, ”Dünya ağuşumdadır”, ”Bütövlükkitabları işıq üzü görür. Nəşr olunan kitablarındaDurnalar cənuba uçur”, “Məhəbbət”, “Sən kimsən”, “Sınaq”, “Payız günləri” - ümumilikdə 25 poeması çap olunur.

   Əliağa təpədən dırnağacan şair idi şair ömrü yaşadı. O, sənətdə, poeziyada şəxsiyyət idi. Onun şəxsiyyəti ilə sənəti arasında heç bir ziddiyyət, təzad yox idi.

   Yəqin ki, az adam bilir ki, Nəsiminin anadan olmasının 600 illik yubileyi ərəfəsində Xalq rəssamı Mikayıl Abdullayev dahi şairin portretini yaradarkən Əliağa Kürçaylının üz cizgilərindən yararlanıb. Əliağa Kürçaylı isəNəsimiadlı şeirini böyük sənətkara ithaf edib.

   Seçilmiş əsərlər”inə müqəddimədə Əliağa Kürçaylı yazırdı: “Yaşasın poeziya!” Şair, əsl şair kimi Əliağa Kürçaylı bilirdi ki, əsl poeziya ölmür. Əsl poeziya ölmürsə, demək o da yaşayacaq.

  

   Harda olsan gələrəm,

   Təki sən səslə məni,

   Darda olsan gələrəm,

   Təki sən səslə məni.

  

   Dünyada bir Kür çayı vardı. İndi var. Dünyada Əliağa Kürçaylı adlı bir şair vardı. Ölümündən illər keçməsinə baxmayaraq indi var... Baxın, diqqətlə baxın, göydəki Aya, yerdəki Kür çayına, poeziyamızın budaqlarına yarpaqlarına, bircəSəslə mənişeirini söyləyin. O, gələcək, mütləq gələcək...

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2011.- 25 noyabr.- S. 12.