Dahi rəssamın sənət aləmi

 

   Tahir Salahovun xalça dünyası” kataloqu nəşr edilib

  

   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin təşəbbüsü ilə “Tahir Salahovun xalça dünyası” kataloqu çap edilib. Kataloqda görkəmli fırça ustasının fitri istedadı haqqında ətraflı məlumat verilib.

  

   Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva kataloqda böyük rəssamın əsərlərinin ifadə tərzini diqqətə çatdıraraq yazıb: “Sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə deyil, daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən qavramasına üstünlük verir”.

   Görkəmli rəssamın yaratdığı əsərlərinin ilmələrlə xalça üzərinə köçürülməsi nəticəsində ərsəyə gətirilmiş xalça-interpretasiyalar üzərində xüsusilə dayanan R.Tağıyeva qeyd edir ki, xalçaçı rəssamlar T.Salahov yaradıcılığının bədii mahiyyətini, onun fantaziyasının sirlərini açıb göstərməyə, ötən əsrin ortalarında realizmə cəsarətli çağırışla uyğunlaşan bədii irsə yanaşma tərzini dərk etməyə müvəffəq olublar. Kataloqda tanınmış xalçaçı-rəssamlar tərəfindən toxunulmuş xalçaların təsvirləri əks olunub.

  

   * * *

 

   Qeyd edək ki, Tahir Salahov həm də teatr-dekorasiya sənətində də böyük uğurlar qazanıb. O, ilk dəfə 1964-cü ildə səhnə əsərinin tərtibatını verib. Bu, V.ŞekspirinAntoniKleopatra” faciəsi olub. Sonra rəssam “Hamlet” (1968-ci il), Cəfər Cabbarlının eyniadlı pyesi üzrə “Aydın” (1972-ci il) tamaşaları üçün, Ü.Hacıbəylinin “Koroğlu” (1973-cü il) operası, A.Əlizadənin “Babək” (1985-ci il) baleti, C.Əlibəyovun “Gülüstanda ölüm” (1988-ci il) pyesi üçün dekorasiyalar yaradıb.

   Bu əsərlərdən sonra rəssam uzun müddət teatr - dekorasiya sənətinə müraciət etməmişdir. Lakin Tahir Salahov teatr şedevrləri yaratmaqdan imtina edə bilməzdi. 2010-cu ildə o, yenidən teatr rəssamlığına qayıdıb. Dahi rəssam Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin tərtibatını verib. Keçən ilin aprelində MoskvadaKremlyovski balet” teatrında əsərin yeni tərtibatda ilk tamaşası olub. Tahir Salahov baletin dekorasiyalarında Şərqin fantastik nağıllar aləmini təcəssüm etdirib. O, qəhrəmanların məhəbbətini və igidliyini, dəbdəbəli sarayların nəfis arxitektura ornamentlərini ustalıqla əks etdirə bilmişdir. Rəssamın eskizlərinə baxarkən əmin olursan ki, sənətkar əsərin sehrli dünyasına nüfuz edərək obrazları dəqiq və parlaq əks etdirib, musiqi-aktyor ifasını məftunedici atmosferlə tamamlayıb.

   Rəssam bu əsərləri ilə tamaşaçıya “Min bir gecə”nin nağıllar aləmini açaraq xəyali, mistik dünyanı təsəvvür etdiyi kimi təqdim edib. Bu əsərlə onun yaradıcılığı yeni məna çalarları kəsb edib. Bu çalarlar hələ çox müzakirə olunacaq, araşdırılacaq.

 

 

  Mədəniyyət.- 2011.- 25 noyabr.- S. 6.