Sevil Rza qızı Xəlilova

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sənətçisi, Əməkdar artist Sevil Xəlilova 2011-ci il noyabr ayının 28-də 58 yaşında qəflətən vəfat etmişdir.

   S.Xəlilova 1953-cü ildə anadan olmuşdur. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən o, Akademik Milli Dram Teatrında N.Hikmətin «Şöhrət ya unudulan adam» psixoloji dramında Professorun qızı rolunu ifa etmişdir. 1974-cü ildən S.Xəlilova yaradıcılıq taleyini Akademik Milli Dram Teatrına bağlamış ömrünün sonunadək bu sənət ocağında çalışmışdır. İstedadlı aktrisa ötən illər ərzində doğma səhnədə Çeşmə (S.Dağlı «Kölgələr pıçıldaşır»), Qumru (Anar «Şəhərin yay günləri»), Zəvvar (C.Məmmədquluzadə «Dəli yığıncağı»), Humay (S.Rəhman «Əliqulu evlənir»), Məlahət (B.Vahabzadə «Kimdir haqlı?»), Səadət (İ.Əfəndiyev «Büllur sarayda»), Mədinə (Anar «Təhminə Zaur»), Kitti (B.Brext «Üç quruşluq opera»), Zərifə (S.Rəhman «Nişanlı qız»), Gülnar (S.Vurğun «Vaqif»), Enona (J.Rasin «Fedra»), Züleyxa (Elçin «Poçt şöbəsində xəyal»), Mələk (Ə. Əmirli «Köhnə ev»), Xədicə xala (X. Qoca «Hərənin öz payı»), İlçay (H.Cavid «Afət»), Telli (M.Cəlal «Dirilən adam»), Məşədi Orucun anası (C.Məmmədquluzadə «Ölülər»), Güləndam (İ.Şıxlı «Ölüləri qəbristanlıqda basdırın»), Cəvahir xanım (A.Şaiq «Eloğlu»), Tubu xanım (İ.Əfəndiyev «Qarabağnamə») kimi obrazlar yaratmışdır.

   Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İ.Əfəndiyevin «Atayevlər ailəsində», M.F.Axundzadənin «Hacı Qara», Ə.Məmmədxanlının «Şərqin səhəri», A.Məmmədovun «Kişilər», R.Kaşkauasın «Yağışlı gecə», Anarın «Ötən ilin son gecəsi», R.Qasımovanın «Yollar görüşəndə» tamaşalarında uğurla çıxış etmişdir.

   S.Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2002-ci ildə isə Azərbaycan Respulikasının Əməkdar artisti fəxri adlarına layiq görülmüşdür.

   İstedadlı aktrisa gözəl insan Sevil Xəlilovanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

   Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

  

   Azərbaycan Teatr Xadimləri İttifaqı

  

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

  

   Mədəniyyət.- 2011.- 30 noyabr.- S. 11.