Cahangir Cahangirovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər

 

   Oktyabrın 7-də Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun (1921-1992) anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi. Gecədə çıxış edən Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova bəstəkarın zəngin yaradıcılığından geniş söz açdı. Qeyd etdi ki, Cahangir Cahangirovun adı Azərbaycan musiqisi fonduna qızıl hərflərlə yazılıb. O, uzun illər Dövlət Filarmoniyasında çalışıb və musiqi sənətində ilk addımlarını bu səhnədə atıb. Çoxşaxəli yaradıcılığa malik sənətkar Dövlət Filarmoniyasının nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

   Onun sənətə gəlməsində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin rolu böyük olub. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan xor sənətində zirvə sayılır.

   Cahangir Cahangirov bəstəkar kimi bir çox uğurlu əsərlər yaradıb. O, Azərbaycan musiqi tarixində ilk dəfə xor üçün muğam yazıb. L.Hüseynova bəstəkarın pedaqoji fəaliyyətindən də ətraflı danışdı. Qeyd olundu ki, bəstəkarın əsərləri bu gün sevilə-sevilə oxunur, yetişdirdiyi tələbələr Azərbaycan musiqisinə xidmət edirlər.

   Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bəstəkarın əsərləri ifa olundu.

 

   * * *

 

   Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artistiı, professor Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın mənalı ömür yolundan, zəngin yaradıcılığından geniş söhbət açıb.

   Konfransda “C.Cahangirovun yaradıcılığında novatorluq”, “C.Cahangirovun yaradıcılığı Azərbaycan xor mədəniyyəti kontekstində” və “C.Cahangirovun mahnılarının bəzi poetik xüsusiyyətləri haqqında” mövzularında məruzələr dinlənilib.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2011.- 12 oktyabr.- S. 5.