Mədəniyyət və turizm naziri bir sıra görüşlər keçirib

 

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 12-də Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

  

   Görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının katibi Niklas Şmidmayer, Avstriya Federal İqtisadiyyat Palatasının MDB ölkələri üzrə direktoru Haynz Volter və müxtəlif sahələri təmsil edən avstriyalı iş adamları iştirak ediblər. Avstriyalı qonaqların ölkəmizə səfərindən məmnunluğunu bildirən nazir iki ölkə arasında siyasi, mədəni və biznes əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

   Görüşdə Azərbaycanla Avstriya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, mədəni sahədə təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi qeyd olunub. Sonra nümayəndə heyəti ilə turizmin inkişafı, bu sahədə təcrübə mübadiləsi, qış turizmi, eyni zamanda digər konkret tədbir və layihələr müzakirə edilib.

   Nazir Əbülfəs Qarayev bu yaxınlarda Bakıda Vyana şəhərinin vitse-meri xanım Renata Braunerlə görüşünü xatırladaraq ikitərəfli əlaqələrin gələcəkdə yüksələn xətlə inkişaf edəcəyinə inandığını bildirib.

  

   Belçika Senatının fəxri prezidenti Azərbaycanın Avropada təbliğatçısıdır

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olmuş Belçika Senatının fəxri prezidenti xanım Ann Mari Lizini qəbul edib. Xanım Lizinə Azərbaycanın Avropada tanınması və təbliğ olunmasına göstərdiyi xüsusi marağa görə təşəkkürünü bildirən nazir onu yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Görüşdə Azərbaycanın Belçika, Avropa Birliyi və Avropa Şurası ilə əlaqələri barədə fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

   Xanım Anne Mari Lizin Azərbaycanın turizm və mədəniyyət potensialı haqqında məlumatların Avropa ictimaiyyətinə çatdırılması ilə bağlı layihələri barədə danışıb.

   Nazir bu layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

  

   Rusiyanın mədəniyyət naziri və TÜRKSOY-un baş katibi ilə görüş

  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 10-11-də Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinovla görüş keçirib.

   Nazir rusiyalı həmkarı ilə görüşü zamanı mədəniyyətin ikitərəfli əlaqələrdə xüsusi rolunu vurğulayaraq Rusiya ilə Azərbaycan arasında mədəni təmasların yüksələn xətlə inkişafının cəmiyyətlər arasında möhkəm bağlar yaratdığını qeyd edib.

   TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinovla görüşdə təşkilatın türk mədəniyyətinin təbliğ olunmasında gördüyü işlər, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

 

   Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 4.