İpək
dostluq yolu: yeddi gün Azərbaycanda
Çelyabinskdə keçiriləcək fotosərgi Azərbaycanın
müstəqilliyinin 20 illiyinə həsr olunub
Sentyabrın 3-də Rusiyanın Çelyabinsk şəhərində
vilayət diyarşünaslıq muzeyinin sərgi salonunda
“İpək dostluq yolu. Yeddi gün Azərbaycanda” adlı fotosərgi
açılacaq. Fotosərgi Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpa edilməsinin 20
illiyinə və Cənubi Uralın paytaxtının 275 illiyinə
həsr olunub.
Sərgidə nümayiş etdiriləcək
işlərin müəllifi Çelyabinskin məşhur foto
sənətkarı, Rusiya Foto Sənətkarları
İttifaqının Çelyabinsk regional şöbəsinin
sədri, diyarşünaslıq muzeyinin direktoru Vladimir
Boqdanovskidir.
Qədim məbədlər və
qalalar, Şəki karvansarayı və Qafqazda əsası I əsrdə
qoyulmuş ilk xristian kilsəsi, Bakının lap mərkəzində
qala divarı ilə dövrəyə alınmış,
qarmaqarışıq dar küçələri, döngələri
və dalanları olan, məşhur “Brilyant əl”, “Amfibiya
adam”, “Aybolit-66”, “Tehran-43”, “Qorxma, mən səninləyəm”
filmlərinin çəkildiyi İçərişəhər...
Bu zəngin torpağın hər bir
addımlığında, hər bir kvadrat metrində tarixlə
qarşılaşırsan. Ətrafda isə son dərəcə
gözəl təbiət - dərin dərələr və
çay vadiləri ilə bir-birindən aralanmış, qədim
meşələri və çəmənləri olan Qafqaz
dağları.
Ekspozisiyaya müxtəlif janrlarda -
peyzaj, portret, zarisovka, reportaj janrlarında
hazırlanmış təqribən 90 - fotoşəkil təqdim
olunub. Fotokolleksiyanı “Ozan” Azərbaycan mədəniyyət
mərkəzi tərəfindən təqdim olunmuş
eksponatlar - əlvan milli geyimlər, məişət əşyaları,
dekorativ tətbiqi sənət əsərləri, məşhur
Azərbaycan ipəkləri və xalçaları tamamlayacaq.
Sərginin videoproqramında Azərbaycanın tarixindən və
mədəniyyətindən bəhs edən bir neçə
film var.
“İpək dostluq yolu” sərgi
layihəsi Çelyabinsk vilayətinin mədəniyyət və
turizm naziri Aleksey Betextinlə Bakı Şəhəri Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev tərəfindən
imzalanmış saziş çərçivəsində həyata
keçirilir. 2010-cu ilin noyabrında “Çelyabinsk vilayəti
və Azərbaycanın xalqlar dostluğu ongünlüyü”
zamanı Azərbaycanın nümayəndə heyəti
Çelyabinskdə olmuşdu. 2011-ci ilin iyulunda isə
diyarşünaslıq muzeyinin direktoru Vladimir Boqdanovski və
Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət
Mərkəzi ictimai təşkilatının sədri Rəfail
Quliyev Bakıya çəkilişə gəlmişdilər.
İndi Çelyabinskdə “Yeddi
gün Azərbaycanda” sərgisini səbirsizliklə gözləyirlər.
Bu gözəl dostluq layihəsi iki
ölkənin anlaşmasına və yaxınlaşmasına,
iki mədəniyyətin qarşılıqlı surətdə
zənginləşməsinə doğru atılan daha bir
addım olacaq.
Mədəniyyət.-
2011.- 2 sentyabr.- S. 4.