İsmayıllıda “Sənətkarlar bayramı”

 

   Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin 2010-2014-cü illəri əhatə edən “Xalq yaradıcılıq paytaxtları” proqramına uyğun olaraq İsmayıllı 2011-ci ildə “Sənətkarlıq paytaxtı” elan olunub. Bununla əlaqədar rayonda silsilə tədbirlər keçirilir. İsmayıllı həm təbiəti, həm də qədim tarixi ilə Azərbaycanın seçilən bölgələrindəndir. Bölgədə xalq sənətkarlığı tarixi inkişaf yolu keçib, el ustaları tərəfindən zəngin milli mədəni irs yaradılıb.

  

   Sentyabrın 2-də İsmayıllı şəhərinin Qala divarları qarşısında “Sənətkarlar bayramı” keçirildi. Çoxsaylı ictimaiyyət nümayəndələrinin, o cümlədən paytaxt Bakıdan, Şamaxı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən qonaqların qatıldığı tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev də iştirak edirdi. Tədbirə həmçinin Belarusdan qonaqlar, Belarusun Azərbaycandakı səfirliyinin nümayəndələri də gəlmişdilər.

   Tədbirin rəsmi hissəsindən öncə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, millət vəkili Novruz Aslan, digər tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoydular.

   Daha sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Heydər Əliyev Mərkəzini ziyarət etdi. Mərkəzin direktoru Elçin Məmmədov böyük öndərin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillərin, sənədlərin nümayiş olunduğu ekspozisiya barədə məlumat verdi. Burada Heydər Əliyev irsini araşdırma mərkəzi də fəaliyyət göstərir. Üçmərtəbəli, müasir avadanlıqla təchiz edilmiş mərkəzdə uşaqlar üçün bacarıqlı əllər, şahmat, aviamodelizm, rəssamlıq dərnəkləri, habelə xarici dil kursları təşkil olunub. Mərkəzdə elektron kitabxana, kompyuter otağı da var.

   Sonra qonaqlar İsmayıllı şəhərinin qala divarları qarşısında keçirilən “Sənətkarlar bayramı”na yollandılar. İsmayıllı aşıqları ifaları ilə qonaqları salamladılar. Tədbir iştirakçıları İsmayıllı sənətkarlarına məxsus, eləcə də qonşu rayonlardan gətirilmiş sənətkarlıq nümunələrindən ibarət sərgiyə baxdılar. Burada İsmayıllının turizm potensialını nümayiş etdirən nəşrlər, bukletlər və s. də yer almışdı.

   Bayram tədbirini İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov açaraq qonaqları salamladı, “Sənətkarlar bayramı”nın keçirilməsinin hər bir İsmayıllı sakini üçün sevindirici hal olduğunu vurğuladı. “İsmayıllı - sənətkarlıq paytaxtı” çərçivəsində görülən işlərdən söz açan şöbə müdiri elmi-praktik konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. tədbirlərin İsmayıllının qədim tarixinin, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi və təbliğ olunmasında böyük əhəmiyyət kəsb etdiyini dedi. O, rayonun Lahıc, Basqal kimi kəndlərin hələ qədimdən sənətkarlıq mərkəzi kimi tanındığını bildirdi.

   İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxışında rayonda son illərdə görülən geniş quruculuq-abadlıq işlərindən, o cümlədən xalq sənətkarlığının təşviqi, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışdı. Qeyd olundu ki, son illər İsmayıllıya gələn turistlərin sayı artır.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev 2010-2014-cü illəri əhatə edən “Xalq yaradıcılıq paytaxtları” proqramının əhəmiyyətini qeyd edərək bu proqram çərçivəsində ölkəmizin ayrı-ayrı bölgələrinin mədəni irsinin təbliğ olunduğunu vurğuladı. Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irsinin, sənətkarlıq nümunələrinin, tarixinin qorunub saxlanmasının, dünyaya tanıdılmasının vacibliyini qeyd edən Vaqif Əliyev bu istiqamətdə dövlət səviyyəsində mühüm işlər görüldüyünü nəzərə çatdırdı. Qeyd olundu ki, 2011-ci ildə İsmayıllının Azərbaycanın “Sənətkarlıq paytaxtı” elan edilməsi də bu rayonda tarixən mövcud olmuş sənətkarlığın qorunub-yaşadılmasına, inkişaf etdirilməsinə xidmət edir.

   Millət vəkili Novruz Aslan ölkəmizdəki ümumi inkişafın bölgələrə də öz təsirini göstərdiyini, bu inkişafın İsmayıllı rayonunun timsalında bariz şəkildə göründüyünü bildirdi.

   Çıxışlardan sonra bayram tədbiri iştirakçılarına rəngarəng musiqi proqramı təqdim olundu. İsmayıllı rayon Mədəniyyət evinin “Niyal” instrumental ansamblının, folklor qrupunun, aşıqların, muğam ifaçılarının çıxışları bayram tədbirinə rəng qatdı, iştirakçılarda unudulmaz təəssürat yaratdı.

  

   Zəngin sənətkarlıq nümunələri mədəni irsimizin aynasıdır

  

   Bayramda İsmayıllının müxtəlif kəndlərindən sənətkarlar da əl işlərini nümayiş etdirirdilər.

   Lahıcdan sərrac Babil Məmmədov bu sənəti “dədə-baba sənəti” adlandırdı: “At üçün lazım olan hər şey - yəhər, yüyən, noxta və s. hazırlayırıq. Bu işlər yayda Lahıca gələn turistlərə də maraqlı gəlir. Baxmayaraq ki, başqa işdə çalışıram, bu xalq sənətini də inkişaf etdirirəm. Kiçik yaşlarımdan bu sənətə yiyələnmişəm. Övladlarıma da öyrətmişəm. Onlar da mənə kömək edirlər”.

   Lahıclı ustaların toxuculuq nümunələri, quzu dərisindən papaqlar, pinəçiliyə, dəmirçiliyə aid əşyalar, habelə misgərlik nümunələri də diqqət çəkirdi. Misgər İlqar İsmayılovun dolçalar, mis qablar, hamam tası, səkkizguşəli çıraq, çaynik, samovar, məcməyilər və s. əl işləri qonaqlara təqdim edilmişdi. Onların üzərindəki nəfis şəkildə işləmələr maraqla baxılırdı. Usta bildirdi ki, ta qədimdən mis qabların üzərində buta naxışı həkk olunardı. Bu ənənə indi də saxlanılır.

   İsmayıllı rayonunun Müdirisə kəndindən Əlicavad Cavadov bayram sərgisində nəfəsli musiqi alətlərini təqdim edirdi: “Hazırladığım nəfəsli musiqi alətlərini gətirmişəm. Bəzilərini isə bərpa etmişəm. Zurna, balaban, qoşa zurna, otal zurnası, qamışdan hazırlanmış balaban, tütəklər, sümsülər, neyvari, tülək və s. var. Mis balaban, bir tərəfi zurna, bir tərəfi balaban olan alət də xüsusən maraqlıdır. Bu sənəti inkişaf etdirirəm, tələbələr yetişdirirəm”.

   Kəlağayıları ilə məşhur olan Basqal kəndindən sənətkarlar xam ipək, ipək parça, kəlağayıya naxış vurmaq üçün xüsusi qəlibləri təqdim edirdilər.

   Mollaisaqlı kəndindən cəhrə, nehrə, sac, çörəkbişirmə, samovar çayı, toxunma əl işləri də sərgilənirdi.

   Bayram tədbirində İsmayıllı ilə yanaşı, qonşu rayonlar da maraqlı sənətkarlıq nümunələri ilə təmsil olunurdu. Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov Şəkiyə xas sənətkarlıq nümunələrinin - piti qablarından tutmuş dekorativ tətbiqi sənətə qədər nümunələrin sərgiləndiyini dedi: “Ötən il Şəki “Azərbaycanın sənətkarlıq paytaxtı” idi, bu il isə estafeti İsmayıllı davam etdirir. Bayram tədbirinə Şəki sənətkarlarının əl işlərini gətirmişik. Rayonumuzda qədim el sənətinin əksər nümunələri - şəbəkə, təkəlduz, misgərlik, ağac üzərində oyma və s. sənətlər qorunub inkişaf etdirilir. Çalışmışıq ki, bayramda Şəkini layiqincə təmsil edək”.

   Oğuz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ulduz Baxışova “Xalq yaradıcılıq paytaxtları” proqramına uyğun olaraq keçirilən belə tədbirlərin ənənəvi hal almasını yüksək qiymətləndirdi: “Artıq ikinci ildir ki, “Sənətkarlıq bayramı” keçirilir. Bu cür tədbirlər milli-mədəni dəyərlərimizin yaşamasına, qorunmasına xidmət edir. Oğuzdan üç sənətkarın əl işlərini gətirmişik: İlqar Yusifov, Əlimirzə Alxasovun taxta üzərində oyma əl işlərini, Afəridə Əmirovanın toxuduğu xalçanı təqdim edirik”.

   Göyçay rayonundan gətirilmiş dekorativ tətbiqi-sənət nümunələri də al-əlvanlığı ilə seçilirdi. 10 ildir ki, dekorativ-tətbiqi sənətlə məşğul olan Mətanət Xarxıyeva bu sənətin vurğunu olduğunu bildirdi: “Kitabxanaçıyam, sənəti də yaşadıram. Balıqqulağından hazırlanmış suvenirlər, xovlu tikmələr, toxumlardan ibarət əl işlərimi gətirmişəm. Həmçinin müxtəlif dəmir qablardan da dekorativ suvenirlər var. Şüşə üzərinə daşlar və balıqqulağı ilə yığılmış əl işi, rəngbərəng kağızlardan hazırladığım müxtəlif fiqurlar da diqqət çəkir”.

   Göyçaydan Səkinə Mürsəlova da dekorativ-tətbiqi sənət, əl tikmələri nümayiş etdirirdi. Sap və muncuqla tikmələr, Göyçayın simvolu olan nar işləmə, Göyçayın xəritəsi olan işləmə xüsusi marağa səbəb oldu. Səkinə xanım həmin xəritədə nar dənəsi formasında muncuqlarla Göyçayın kəndlərini qeyd etmişdi.

   Mingəçevirdən folklor qrupları, müğənnilər, Şamaxıdan gətirilən xalçalar, zurnaçıların ifaları da xoş əhval yaradırdı. İsmayıllının İvanovka kəndindən “Slavyaniçka” folklor qrupunun çıxışı maraqla qarşılandı.

  

   Kulinarlar da öz məharətlərini göstərirdilər

  

   Bayram tədbirində zəngin milli mətbəximizin nümunələri də təqdim olunurdu. Kulinar Nazim Aydınov İsmayıllı mətbəxinin özəlliklərindən danışdı: “Ötən ay respublika üzrə milli mətbəx festivalı keçirildi. İsmayıllı rayonu da sacüstü yeməklər, plov və manqalüstü yeməkləri ilə təmsil olunurdu, 3-cü yeri qazandıq. Bugünkü bayramda da manqalüstü və sacüstü yeməkləri təqdim edirik. Həmçinin Basqal və Lahıc dolmalarını təqdim edirik. Qeyd edim ki, Lahıc dolması həcminə görə bir qədər iri olur. Basqal dolması isə fıstıq ağacının yarpağından hazırlanır və bir qədər kiçik olur. Buna “pip dolma” deyirik. Tərkibindəki ədviyyatlar da fərqlidir. Bu növ dolma yalnız bizə məxsusdur”.

  

   “Turizm ili” bölgələrin inkişafına mühüm töhfədir

  

   “Sənətkarlar bayramı”nın gedişini maraqla izləyən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təəssüratını tədbirə qatılmış jurnalistlərlə bölüşdü. Artıq ikinci ildir ki, nazirlik tərəfindən “Xalq yaradıcılıq paytaxtları” proqramının həyata keçirildiyini vurğulayan Vaqif Əliyev bu proqramın bölgələrin inkişafına da töhfə olduğunu dedi: “Hər il üç rayon - əfsanələr paytaxtı, folklor paytaxtı və sənətkarlıq paytaxtı üzrə müəyyən edilir. 2011-ci il üzrə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilən İsmayıllıda sənətkarlıq ənənələri tarixən qorunub saxlanılıb, inkişaf etdirilib. Bu il ərzində çoxlu sayda tədbirlər həyata keçirilib. Bugünkü bayram tədbirində qonşu rayonlarla yanaşı İsmayıllı kəndlərindən və qəsəbələrindən bir çox sənətkarlar öz işlərini nümayiş etdirirlər. Onlar sənətlərini həm qoruyur, həm inkişaf etdirir, şagirdlər yetişdirir, həmçinin bu sənətlə dolanırlar. 2011-ci il ölkə prezidenti tərəfindən Azərbaycanda “Turizm ili” elan olunub. “Turizm ili” bölgələrin inkişafına mühüm töhfədir. Bu baxımdan bölgələrimizin mədəni irsinin geniş təbliği həm də turist cəlb olunması üçün əhəmiyyət kəsb edir. Bölgələrə gələn turistlər gözəl təbiət, sənətkarlıq nümunələri, ləziz mətbəx, qonaqpərvərlik görməlidirlər. Hər il bu cür paytaxtların elan edilməsi gələcəkdə mədəniyyətimizin inkişafına, həmçinin bu sənətlərin yaşamasına böyük təsir göstərir. Bununla biz mədəniyyətimizi daha da zənginləşdiririk”.

   Tədbirdən sonra Vaqif Əliyev yeni üslubda tikilmiş Heydər Əliyev parkını ziyarət etdi. Parkda yerləşən İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış oldu. Muzeyin direktoru, rəssam İkram İsmayılov muzeyin eksponatları haqda məlumat verdi. Burada İsmayıllının ən maraqlı tarixi yerlərinin fotoşəkillərindən ibarət zal da var. Muzeyin ayrıca konfrans zalı da müxtəlif tədbirlərin, seminarların keçirilməsi üçün əlverişlidir.

  

   Basqal kəndi yenidən qurulacaq

  

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllının ən qədim kəndlərindən olan Basqal kəndini də ziyarət etdi. Basqal kənd tarix mədəniyyət qoruğunun direktoru Polad Nəzirov kəndin tarixi yerləri barədə məlumat verdi. Kənd əhalisi burada sosial infrastrukturun yaradılması ilə bağlı xahişlərini bildirdilər. Qeyd olundu ki, təxminən 30 il əvvəl yanğından sonra fəaliyyətini dayandıran XVII əsr məscidinin, kənddəki qədim hamamın bərpasına ehtiyac var.

   Vaqif Əliyev bildirdi ki, İsmayıllıya olan turist axını nəzərə alınaraq Basqal kəndinin yenidən qurulması, buranın cəlbedici turist məkanına çevrilməsi üçün işlər görüləcək. Qeyd olundu ki, Basqal kəndi qoruq elan edilib və burada tarix-mədəniyyət qoruğu yaradılıb. Prezident İlham Əliyevin tapşırığı ilə Basqalın yenidən qurulması üçün layihə hazırlanır. Basqal kəndində ekoturizm mərkəzi yaradılacaq. Bu da turizmlə bağlı nailiyyətləri təmin edən əsas amillərdəndir. Basqalın küçələri, evləri yenidən qurulacaq. Kənddə muzey, mədəniyyət mərkəzi yaradılacaq.

   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Basqal kəndində tarixi ənənələri olan kəlağayı istehsalının inkişafı, qədim sənət növlərinin bərpası istiqamətində işlərin də nəzərdə tutulduğunu bildirdi.

  

   İsmayıllıya gələn turistlərin sayı artıb

  

   2011-ci ilin “turizm ili” elan edilməsi ilə bağlı respublika ərazisində bir çox tədbirlər həyata keçirilir. İsmayıllı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov İsmayıllıda 20-dən artıq istirahət mərkəzinin (1150 nəfərlik) olduğunu bildirdi: “Bu il əvvəlki illərə nisbətən İsmayıllıya turist axını artıb. 2009-cu ildə rayona 15 min, 2010-cu ildə 25 min və bu il 50 mindən çox turist gəlib. Bunun da təxminən üçdə biri xarici turistlərdir. Respublika ərazisində aparılan quruculuq işləri İsmayıllıda da geniş şəkildə həyata keçirilir. Bütün bu işlər, habelə istirahət obyektlərində qiymətlərin aşağı salınması turist axınına müsbət təsir göstərir. Məsələn, keçən il “Green house” istirahət mərkəzində kotteclər, lüks nömrələr 160-180 manat idi. Bu il isə 120-130 manatdır. Turistlər İsmayıllı ərazisində iki qoruq-kəndə - Lahıc və Basqala daha çox maraq göstərirlər. 108 abidəsi olan Lahıc açıq səma altında muzeydir. Ümumiyyətlə, İsmayıllı ərazisində 230 tarixi mədəniyyət abidəsi var”.

   Azər Abbasov İsmayıllı rayonun turizm sərgilərində iştirakının da turist axınına müsbət təsir etdiyini dedi. 2010 və 2011-ci illərdə Bakıda keçirilən turizm sərgisində İsmayıllının istirahət mərkəzləri, sənətkarların əl işləri, folklor qrupları iştirak edib. Həmçinin İsmayıllıda Turizm Peşə Mərkəzinin yaradılması da bu sahənin inkişafına müsbət təsir göstərir. Şöbə müdirinin sözlərinə görə, bu il tədris ocağının ilk məzunları - 29 nəfərin hamısı istirahət mərkəzlərində işlə təmin olunub. Mərkəzdə 1 və 2 illik kurslar var: “Bu cür peşə mərkəzlərinin fəaliyyəti, tədris proqramlarının həyata keçirilməsi turizmdə peşəkar xidməti, servisi formalaşdırır. Bu da gələcəkdə daha çox turist axınını formalaşdıran amillərdəndir”.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 7 sentyabr.- S. 8;9.