Azərbaycanla
Rusiyanın Həştərxan vilayəti arasında mədəni
əməkdaşlıq müzakirə olundu
Yaradıcı kollektivlərin qastrol səfərləri,
birgə layihələr, mədəniyyət günlərinin
keçirilməsi müzakirə edildi
Sentyabrın 7-də mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə
olan Rusiya Federasiyası Həştərxan vilayətinin mədəniyyət
naziri İrina Tarasova ilə görüşdü.
Görüşdə Azərbaycanla Rusiya arasında mədəni
əlaqələr, eləcə də Həştərxan vilayəti
ilə qarşılıqlı əməkdaşlıq, gələcəkdə
bu sahədə görüləcək birgə işlər
barədə danışıldı.
Həştərxanda ümummilli
lider Heydər Əliyevin heykəlinin
ucaldıldığını, Heydər Əliyev adına
parkın salındığını, Həştərxanda Nəriman
Nərimanovun adını daşıyan rayonun olduğunu nəzərə
çatdıran nazir Əbülfəs Qarayev bu faktları
yüksək səviyyəli ikitərəfli əlaqələrin
göstəricisi kimi dəyərləndirdi.
Nazir Azərbaycanın mədəni
həyatı, ölkəmizdə keçirilən festivallar,
beynəlxalq mədəni tədbirlər barədə
qonağa məlumat verdi. Həştərxanın mədəniyyət,
incəsənət kollektivlərini Üzeyir Hacıbəyli,
Qara Qarayev, Bülbül adına musiqi festivallarında
iştirak etməyə dəvət etdi. Bundan başqa noyabrda
Bakıda keçiriləcək Beynəlxalq Kukla Teatrları
Festivalında Həştərxan Kukla Teatrının
iştirakının mümkünlüyü vurğulandı.
Nazir həmçinin Azərbaycan və Həştərxan
teatrları, eləcə də Bakı Xoreoqrafiya Məktəbi
ilə Həştərxan vilayətinin musiqi təhsili
ocaqları arasında qarşılıqlı əlaqə və
təcrübə mübadiləsinin genişləndirilməsinin
vacibliyini qeyd etdi.
Əbülfəs Qarayev Azərbaycanda
turizm sahəsinin inkişafından danışaraq bu sahədə
qarşılıqlı faydalı əməkdaşlığın
əhəmiyyətini qeyd etdi.
Həştərxan vilayətinin mədəniyyət
naziri İrina Tarasova Bakıya səfərindən məmnunluğunu
ifadə etdi. O, Müasir İncəsənət Muzeyinə,
Dövlət İncəsənət Muzeyinə və Gənc
Tamaşaçılar Teatrına baş çəkdiyini
bildirdi. Həştərxanda keçirilən festivallardan
söhbət açan nazir Azərbaycan kollektivlərini də
həmin tədbirlərdə görmək istədiklərini
bildirdi.
Görüşdən sonra Həştərxan
vilayətinin mədəniyyət naziri İrina Tarasova səfər
təəssüratını, Azərbaycanla Rusiyanın Həştərxan
vilayəti arasında mədəni əlaqələrin
inkişafı barədə fikirlərini jurnalistlərlə də
bölüşdü: “İlk dəfə Bakıya gəlmişəm.
Şəhər olduqca gözəldir. Bu gün hər iki tərəf
üçün maraqlı olan mədəni məsələləri
müzakirə etdik və belə nəticəyə gəldik
ki, ümumi dəyərlərimiz çoxdur. Məncə, bu
belə də olmalı idi. Bir çox məsələlər,
onların həlli yolları barədə ortaq mövqeyimiz
var. Yaradıcı kollektivlərimizin qarşılıqlı
qastrollarını davam etdirə bilərik. Bu il Həştərxanda
Opera və Balet Teatrının açılışı nəzərdə
tutulub. Bu böyük teatrdır. Həmçinin Həştərxan
vilayətində Xoreoqrafiya Məktəbinin
açılması nəzərdə tutulub. Hazırda
Rusiyanın müxtəlif yerlərindən xoreoqrafiya üzrə
mütəxəssislər Həştərxana gələrək
bu məsələ ilə bağlı müzakirələr
aparırlar. Azərbaycan Opera və Balet Teatrı, həmçinin
Bakı Xoreoqrafiya Məktəbi ilə də birgə işlər
görməkdə maraqlıyıq. Bundan əlavə, nazir Əbülfəs
Qarayevlə 2012-ci ildə Azərbaycanda Həştərxan mədəniyyəti
günlərinin keçirilməsi, 2013-cü ildə isə Həştərxanda
Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi
haqqında da danışdıq”.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 9 sentyabr.- S. 3.