Xəzərin sularından kino lentlərinə

 

   30 il Neft Daşlarında çalışmış həvəskar kinorejissorla “Neftçilər günü” ərəfəsində söhbət

    

   Səyavuş Məmmədiyə oğlu Alxazov çoxşaxəli yaradıcılığa və ensiklopedik biliyə malik insandır. 170-dən çox elmi-texniki işin, 8 ixtiranın, 22 sənədli filmin, 500-dən artıq ədəbi-publisist məqalənin müəllifidir. O həmçinin Neft Daşlarında yataqların geofiziki üsullarla öyrənilməsi sahəsində təcrübəli mütəxəssisdir. Haqqında kitab və məqalələr yazılıb. Hazırda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərir, ixtisaslı kadrlar hazırlamaqla məşğuldur. Onunla söhbətimiz 20 sentyabr - Neftçilər günü ərəfəsinə təsadüf etdi.

 

   - Səyavuş müəllim, biz sizi neftçi-alim və “Xəzərfilm” kinostudiyasının direktoru kimi tanıyırıq. Neftçi alim hara, kino hara?

   - Bilirsiniz, mən hesab edirəm ki, insanın şəxsiyyəti onun ömrü boyu formalaşır. Mənim maraq və məşğuliyyət dairəm hər zaman geniş olub. Kinoya gəlməyim də bu maraqla bağlı olub. Orta məktəbi Tiflisdə oxumuşam, 8-ci sinifdə müəllimlərimiz İbrahim Manaflı və Eyyub Məmmədov biziQruziyafilm” kinostudiyasına ekskursiyaya aparmışdılar. Orada film istehsalı prosesi ilə tanış olduq. Elə o vaxtdan kinonun sehrli məkanı məni özünə cəlb etdi. Kinoya olan marağım daha da artdı. Sonra fotoqrafiya ilə məşğul olmağa başladım. Hətta bir universal fotocihaz da düzəltmişdim. Film çəkilişinə maraq məni rahat buraxmırdı. Ali təhsil alıb təyinatla Neft Daşlarına getmişdim. Burada bir sıra mədəniyyət obyektləri təşkil etməli oldum. Onlardan biri də “Xəzərfilm” özfəaliyyət kinostudiyası idi.

   - Yazıçı-jurnalist Vahid Hacıyevin sizin haqqınızda yazdığı kitabda “Arşın mal alan” filminə 150 dəfə baxdığınızı oxudum. Bu kinoya olan sevginizdən irəli gəlir, yoxsa...?

   - Yaxşı yadımdadır, 10 yaşım olanda Tiflisdə xəbər yayıldı ki, “Bakı” kinostudiyasının çəkdiyi “Arşın mal alanfilmi göstəriləcək. Çox sevindim. O vaxt Üzeyir bəyin və “Arşın mal alanfilminin adı insanların dilindən düşmürdü. Filmin təsirinə elə düşmüşdüm ki, dəfələrlə filmə baxmaqdan doymurdum. Onu da deyim ki, o zaman tək mən yox, milliyyətindən, yaşından asılı olmayaraq insanlar günlərlə bu filmə baxmağa axışırdılar. İndibu filmə baxmaqdan doymuram. Bəlkə də 150 dəfədən də çox baxmışam.

   - Ümumiyyətlə, janrına görə hansı filmlərə baxmağa üstünlük verirsiniz?

   - Maarifləndirici, tərbiyəvi, tarixi filmlərə baxıram. “Ad günü”, “Yeddi oğul istərəm”, “Bizim Cəbiş müəllim”, “Dədə Qorqud” və s. İnsanlara mənəvi təmizlik aşılayan filmlərə üstünlük verirəm.

   - Rəhbərlik etdiyiniz “Xəzərfilm” kinostudiyasında hansı janrdamövzuda filmlər çəkmisiniz?

   - Biz sənədli filmlər çəkirik. Neft Daşlarının salnaməsini yaratmağı qarşımıza məqsəd qoymuşuq. Əsasən publisist, portret janrında olan filmlər kinojurnallar çəkmişik çəkirik. Bu günə qədərXəzərfilmkinostudiyasında 30-dək film çəkilib. Onlardan 18-i Azərbaycan Dövlət Film Fonduna təhvil verilib.

   - Sizi həvəskar kinorejissor adlandırmaq olar. Özünüzün çəkdiyiniz neçə film var? Peşəkar kinematoqrafçılardan kimlərin sənətindən bəhrələnmisiniz?

   - 22 film çəkmişəm. Bu filmlərin istehsalını tək yerinə yetirmişəm. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun yaradıcılığından çox bəhrələnmişəm, ona çox minnətdaram. Peşəkar operator Arif Nərimanbəyovdan, Tofiq Sultanovdan çox şeylər öyrənmişəm.

   - Kinostudiyanın ümumi uğurları haqqında deyə bilərsiniz?

   - Kinematoqrafiya ilə 1973-cü ildən məşğul olmağa başlamışam. 1975-ci ildə Neft Daşlarında həvəskarlar üçün kinostudiya təşkil etdim. Əsas məqsədim neftçiləri kino sahəsində maarifləndirmək, kinooperatorlar hazırlamaq və Neft Daşlarındakı hadisələri lentlərə köçürüb dünyadakı ilk dəniz şəhərinin salnaməsini yaratmaq idi. 1973-1978-ci illərdə çəkilən filmlərdən bəziləri ümumittifaq və beynəlxalq müsabiqələrdə laureat oldu. Bu müddət ərzində kinomühazirələrlə çıxış etməklə yanaşı, 30 həvəskar kinooperator da hazırladım. Bizim təcrübəmiz haqqında ümumittifaq jurnal olanSovetski ekranda böyük məqalə çap olunmuşdu. 1978-ci il aprelin 1-dən Respublika Həmkarlar İttifaqı Şurasının əmri ilə respublikada ilk dəfə olaraq “Xəzərfilm” studiyasına fəxri ad - “Xalq Özfəaliyyət Kinostudiyası” adı verildi və studiyanın ikinci mərhələsi başlandı. Artıq bizim studiyaya respublika səviyyəli tədbirlər üçün telesüjetlər və filmlər çəkmək üçün sifarişlər verilirdi. 90-cı illərin əvvəlində respublikamızda bir çox sahələrdə baş verən tənəzzül bizim işimizdə də özünü göstərdi. 1992-ci ildən “Xəzərfilm” öz fəaliyyətini dayandırdı. Uzun fasilədən sonra 2011-ci ildən “Xəzərfilm” özəl peşəkar kinostudiya kimi fəaliyyətini davam etdirməyə başladı. Kinostudiya hazırda fəaliyyətinin üçüncü mərhələsini yaşayır. “Xəzərfilm”in fəaliyyət göstərməsində Sveta Ələkbərova, Aydın Əliyev, Saleh Salahzadə, Elşən Rəhimovun xüsusi əməyi var. Studiyanın müstəqil film çəkən yetirmələrindən Şövkət Kələntərov və Yevgeni Kuznetsovun adlarını qeyd edə bilərəm.

   - Kino fəaliyyətinə başlamazdan əvvəl bu sahədə təcrübəniz olubmu?

   - Kino işinə başlamazdan əvvəl Neft Daşlarında “Xəzərin səsi” yerli radio studiyasında Mikayıl Şəfəqli ilə birlikdə işləyirdim, eyni zamandaNeft Daşları” çoxsaylı qəzetində də müxbir kimi fəaliyyət göstərirdim. “Xəzər” radiojurnalı, “Dəniz neftçisi” radioqəzeti, “Dalğa” xəbərlər, musiqi proqramı və başqa verilişlər hazırlayırdıq. Gündə 2 saatlıq verilişlərimiz olurdu. Respublika radiosu və televiziyasını xəbər və telesüjetlərlə təmin edirdik. Bütün bunlar məni kinoya daha çox yaxınlaşdırırdı. Bundan əlavə, Sabir adına kitabxanada fəaliyyət göstərən ədəbi birliyin üzvü idim. Tanınmış yazıçılar Əlibala Hacızadə, Anar, Əkrəm Əylisli və başqaları birliyin məşğələlərinə gələrdilər.

   - Tanınmış neftçi alim olmaqla yanaşı, həm də uzun illərdir pedaqoji fəaliyyət göstərmisiniz. Bu işlərin öhdəsindən gəlmisiniz?

   - Təsadüfdən zərurət doğur. Pedaqoji sahəyə həvəsim həmişə olub. 1962-ci ildə dərs demək təklif olundu. Razılaşdım. 37 illik pedaqoji stajım var. 31 il Neft Daşlarında mədəniyyət işçisi kimi çalışmışam. Çalışdığım hər yerdə xalqıma ləyaqətlə xidmət etmişəm.

 

 

   Şəhal Bürcəliyeva,

   kinoşünas  

 

    Mədəniyyət.- 2011.- 16 sentyabr.- S. 11.