Dünya Turizm Gününə
həsr olunmuş konfrans
Əbülfəs
Qarayev: “Əsas məqsədimiz Azərbaycanın turizm sahəsində
regionun liderinə çevrilməsini təmin etməkdir”
Sentyabrın
27-də Dünya Turizm Günü münasibətilə
«Kempinski Badamdar» hotelində Mədəniyyət və Turizm
Nazirliyinin geniş kollegiya iclası və ümumrespublika
turizm konfransı keçirildi.
Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci
müavini Vaqif Əliyev, müavinlər Ədalət Vəliyev,
Sevda Məmmədəliyeva, Dövlət Miqrasiya Xidməti sədrinin
birinci müavini Teymur Mehdiyev, Milli Məclisin deputatları,
turizm qurumlarının, muzeylərin rəhbərləri,
rayonların icra hakimiyyətlərinin nümayəndələri
iştirak edirdilər.
İclası mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev açaraq tədbir iştirakçılarını
Dünya Turizm Günü münasibətilə təbrik etdi və
konfransın eyni zamanda Azərbaycanda yay turizm
mövsümünün başa çatması münasibətilə
keçirildiyini bildirdi. Nazir qeyd etdi ki, ölkəmizdə bu
il ölkə başçısı tərəfindən
«Turizm ili» elan edildiyi üçün bu tədbir xüsusi əhəmiyyət
kəsb edir: «Dünya Turizm Günü dünyanın 165
ölkəsində qeyd edilir. Azərbaycan 2001-ci ildən
Dünya Turizm Təşkilatının üzvüdür.
2011-ci ilin «Turizm ili» elan edilməsi Azərbaycanın turizm sənayesində
çalışan insanların üzərinə böyük
bir məsuliyyət qoyub. Bunun nəticəsidir ki, builki yay
turizm mövsümünün uğurlu nəticələri
haqqında danışa bilərik.
Son illər ölkə prezidenti tərəfindən
imzalanmış fərman və sərəncamlara uyğun
olaraq respublikamızın hər tərəfində mədəniyyət
və turizm layihələri həyata keçirilir. 2011-ci ilin
6 ayı ərzində ölkəmizə gələn turistlərin
sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 14 faiz artıb. İlin sonuna qədər
yəqin ki, ölkəyə gələn turistlərin sayı
2 milyon 100 mini aşacaq. Biz qarşımıza məqsəd qoymuşduq
ki, növbəti 5 ildə Azərbaycana gələn turistlərin
sayı 3 milyondan artıq olsun. Artıq məqsədimizə
demək olar ki, yaxınlaşmışıq. İndi bizim əsas
işimiz beynəlxalq səviyyədə Azərbaycanın
imicinin daha artırılması, ölkəmizin turizm sahəsində
regionun liderinə çevrilməsini təmin etməkdir».
Mədəniyyət və Turizm
Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev
yay turizm mövsümünün yekunları ilə
bağlı geniş məruzə ilə
çıxış etdi. Milli Məclisin Sosial siyasət komitəsinin
sədri Hadı Rəcəbli, Azərbaycan Turizm
İnstitutunun rektoru Cəfər Cəfərov, AZTA sədri
Nahid Bağırov, BMT-nin İnkişaf Proqramının Azərbaycanda
turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov,
Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Nazim Ağayev və başqalarının məruzələri
də tədbir iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Sonra Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən 2011-ci il ərzində turizm
sahəsində fəallığı ilə seçilən
turizm şirkətləri, muzeylər və hotellərin rəhbərləri
diplomla təltif edildi. Bakı Turizm İnformasiya Mərkəzi
isə 2-ci Milli Turizm Mükafatının qaliblərini elan
etdi.
Əl
sənətkarlığı nümunələri sərgisi
Dünya Turizm Gününə həsr
edilmiş daha bir tədbir Dənizkənarı Milli Parkda «Əl
sənətkarlığı nümunələri sərgisi»
idi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
«Ziya art salon»un təşkilatçılığı ilə
keçirilən sərgidə Azərbaycan milli mədəniyyət
nümunələri nümayiş etdirilirdi. Burada milli səhnələr
- Azərbaycan kənd həyatı, bəylərin evlərinin
həyəti, milli geyimlərimiz, müxtəlif bölgələrdə
və Bakıda olan sənətkarlarımızın əl
işləri ziyarətçilərə təqdim olunurdu. Sərgiyə
gələn qonaqlar xalqımızın milli mətbəxinə
aid şirniyyatlardan dadır, rəqslərimiz və musiqimizlə
yaxından tanış olmaq imkanı əldə edirdilər.
Dünya Turizm Gününə həsr
edilmiş tədbirlər Bakı Biznes Mərkəzində
«Azerbaijan Explorer-Live Work Explore» və «Baku mini visitors,s guide» bələdçi
kitablarının təqdimatı və ölkəmizin turizm sənayesi
nümayəndələrinin iştirakı ilə keçirilən
geniş ziyafətlə yekunlaşdı.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2011.-29
sentyabr.- S. 2.