Ölkəmizin turizm imkanları dünyaya təqdim olunur

 

   27 sentyabr -Dünya Turizm Gününə həsr olunmuş tədbirlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı tərəfindən çap edilmişAzerbaijan-Live Work Explore” və “Baku Mini VisitorsGuide” bələdçi kitablarının təqdimat mərasimi keçirildi.

  

   Bakı Biznes Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazir Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəniyyətini, tarixini, adət-ənənələrini və turizm potensialını əks etdirən bu bələdçi kitablarının ölkəmizin beynəlxalq aləmdə təbliği üçün faydalı vasitə olacağını diqqətə çatdırdı: «Bu layihənin həyata keçirilməsi üçün dünyanın müxtəlif nəşriyyat evlərinə göndərilən müraciətlərə ilk olaraq müsbət cavab verənlərdən biri məhz “Explorer Publishing & Distribution” nəşriyyatı oldu. Başlanan işin davamı olaraq ərəb dilində “Baku Mini VisitorsGuide” kitabının hazırlanması nəzərdə tutulur”.

   Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilən layihə çərçivəsində indiyədək Rusiyanın “Vokruq sveta”, Fransanın “Mondeos”, Britaniyanın “Bravo Ltd” və “Filmer Limited” nəşriyyatları tərəfindən Azərbaycanı təbliğ edən bələdçi kitabları hazırlanaraq müxtəlif ölkələrdə satışa çıxarılıb.

   Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi bu layihənin həyata keçirilməsi üçün təmsil etdiyi şirkətin seçilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi: “Bu işi iki ilə yaxın müddətdə gördük. Bu müddətdə kitabın müəllifləri, fotoqrafları, xəritəçəkənləri Azərbaycana səfər etdilər və həmin işlərin nəticəsi olan nəfis tərtibatlı bələdçi kitabları nəşr edildi».   

 

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 30 sentyabr.- S. 8.