Uşaq
yaradıcılığının inkişafı hər zaman
diqqət mərkəzindədir
Yaşar
Əliyev
Mədəniyyət
və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin
müdiri
Mədəniyyət
və Turizm Nazirliyinin yaranmasının beş ili tamam olur. Beş
il tarix baxımından çox da böyük zaman deyil. Lakin
nazirlik tərəfindən bu illər ərzində çox
böyük əhəmiyyətə malik işlər
görülüb, milli mədəniyyətimizin
inkişafına və təbliğinə yönəldilmiş
möhtəşəm layihələr həyata keçirilib.
Bütün bu mühüm işlərin
həyata keçirilməsi Azərbaycan Respublikasının rəhbərliyinin
böyük dəstəyi sayəsində mümkün
olmuşdur. Xalqımızın milli mədəniyyətinə,
onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə
yanaşmış, mənəvi dəyərlərimizin
qorunması və daha da zənginləşdirilməsi, millətin
qan yaddaşına hopmuş adət-ənənələrin,
görkəmli şəxsiyyətlərin zaman-zaman
yaşaması üçün qayğısını əsirgəməmiş
ulu öndər Heydər Əliyevin layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin
mühüm bir hissəsi Azərbaycanın milli mədəniyyətinin
yüksəlişinə xidmət edir.
Son illər mədəniyyət
müəssisələrinin şəbəkəsinin
artması, onların işinin məzmununun əhəmiyyətli
dərəcədə yeniləşməsi və
canlanması, milli mədəniyyətimizin tarixində əvəzsiz
xidmətləri olmuş sənətkarların
yaradıcılığına lazımi qiymət verilməsi,
gənc istedadların dəstəklənməsi, qocaman mədəniyyət
xadimlərinə mükafat və təqaüdlərin verilməsi
respublika rəhbərliyinin mədəniyyətimizə və
sənət adamlarına göstərdiyi böyük diqqət
və qayğının parlaq təzahürüdür. Azərbaycan
Respublikasının birinci xanımı, Heydər Əliyev
Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində
irəli sürdüyü təşəbbüslər, onun
himayəsi ilə həyata keçirilən proqram və layihələr
misilsiz əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın
dəstəyi ilə Azərbaycan muğamı, Aşıq sənəti,
Novruz bayramı, Xalça sənəti UNESCO-nun Qeyri-maddi
irsinin Reprezentativ siyahısında öz layiqli yerini tutub.
Mədəniyyət və Turizm
Nazirliyi milli mədəniyyətin bəşər mədəniyyətinin
tərkib hissəsi kimi inkişaf etdirilməsi, mədəniyyət
sərvətlərinin qorunması və artırılması
sahəsində dövlətin siyasətini həyata
keçirir. Nazirliyin fəaliyyəti dövlət mədəniyyət
sisteminin elmi və mütərəqqi metodlarla idarəçiliyinin
təmin edilməsinə, mədəniyyətin
inkişafına dair milli proqramların hazırlanması və
həyata keçirilməsinə yönəldilib. Bu
baxımdan nazirlik elmi potensiallara müraciəti prioritet istiqamət
kimi müəyyən edib. Mürəkkəb və
çoxşaxəli sosial-mədəni proseslərin
proqnozlaşdırılması, bu prosesdə iştirak edən
sistemlərin idarə olunma modelləri və prinsiplərinin
modernləşməsi məsələləri sahənin
inkişafında mühüm rol oynayır.
Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyində, mədəniyyətə və incəsənətə dair ənənəvi istiqamətlərlə yanaşı, yeni sahələrə, o cümlədən elmin və müvafiq ixtisaslar üzrə təhsilin inkişafına ciddi fikir verilir. Azərbaycan iqtisadiyyatının turizm sahəsinin, habelə turizm təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 45 nömrəli qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılıb. Dövlət başçısının mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafına diqqətinin nəticəsi olaraq 2007-ci ilin aprelində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi yaradılıb.
Ötən müddətdə nazirliyin elmi qurumlarla əməkdaşlıq əlaqələri də genişlənib, bu zəmində bir sıra tədbirlər keçirilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Kulturoloqların Milli Forumu və Kulturoloqların I Beynəlxalq Bakı Forumu, “Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər” adlı ümumrespublika elmi məqalələr müsabiqəsi keçirilib, respublikanın tanınmış alimlərinin iştirakı ilə kulturologiya üzrə mühazirələr, respublikanın şəhər və rayonlarında "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusunda seminarlar təşkil edilib, elmi məqalələr toplusu nəşr olunub. Bundan əlavə, bir sıra elmi konfranslar, o cümlədən Azərbaycan, Böyük Britaniya, Gürcüstan, Fransa, Rusiya nümayəndələrinin iştirakı ilə "Turizm - mədəniyyətlərarası dialoqu təmin edən amil kimi" adlı Tələbələrin I Beynəlxalq Bakı Konfransı, "İslamda mədəniyyət və gözəllik amili" adlı Beynəlxalq Elmi Konfrans, “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim, Moskva şəhərində Rusiya Kulturologiya İnstitutu ilə birgə “Müasir kulturologiya: nəzəriyyədən təcrübəyə” adlı beynəlxalq elmi konfrans təşkil edilib.
Elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən işlər görülüb, Rusiyanın və Gürcüstanın müvafiq elmi qurumları ilə əməkdaşlıq müqavilələri, Azərbaycan Turizm İnstitutu və Avstriya/Krems İMC Tətbiqi Elmlər Universiteti arasında və Mingəçevir Turizm Kolleci ilə "Andrei Barseanu" İqtisadi Kolleci arasında turizm sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq müqavilələri imzalanıb.
Qeyd edək ki, ölkə rəhbərliyi uşaq yaradıcılığının inkişafı, gənc istedadların dəstəklənməsi, onların təhsil alması, yaradıcılıq imkanlarının genişləndirilməsi məsələlərinə böyük diqqət yetirir. Uşaqların və gənclərin dünya standartlarına uyğun, yüksək səviyyədə təhsil alması üçün hər cür imkanlar yaradılır, yeni məktəb binaları inşa edilir, tədris ocaqlarının maddi-texniki bazası yaxşılaşdırılır. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi və incəsənət məktəblərinin 27 nəfər şagirdi xüsusi aylıq təqaüdə layiq görülüb, onların adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Respublikamızda xoreoqrafiya sahəsində ixtisaslı artist kadrları hazırlayan yeganə orta ixtisas təhsili müəssisəsi Bakı Xoreoqrafiya Məktəbidir. Hazırda burada 400-dək şagird təhsil alır ki, onların arasında ölkəmizin müxtəlif guşələrindən uşaqlar var.
Mədəniyyət və Turizm Nazirliyi sistemində 237 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Onlardan 184 məktəb uşaq musiqi, 51 uşaq incəsənət, 2 uşaq rəssamlıq məktəbidir. 39 məktəb Bakı şəhərində, 171 məktəb respublikanın şəhər, rayon və kəndlərində, 27 məktəb Naxçıvan Muxtar Respublikasındadır. Bu məktəblərdə 70 mindən çox şagird təhsil alır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən 2006-cı ildə Bakıxanov qəsəbəsindəki 4 saylı, Maştağa qəsəbəsindəki 10, 2007-ci ildə Mərdəkan qəsəbəsindəki 17 saylı uşaq musiqi məktəblərinin, Biləcəri qəsəbəsindəki F.Əmirov adına 6 saylı Uşaq İncəsənət Məktəbinin binaları əsaslı təmir edilərək istifadəyə verilib. Həmçinin 2007-2010-cu illərdə Bakı şəhər S. Rüstəmov adına 13, Bakı şəhər R.Behbudov adına 2, T.Quliyev adına 12, Gözdən əlil uşaqlar üçün 38 nömrəli uşaq musiqi, Bakı şəhər 4 nömrəli və Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəblərinin binaları əsaslı təmir olunaraq istifadəyə verilib. Bundan əlavə Ağdaş, Bərdə, Siyəzən rayonlarında uşaq musiqi və incəsənət məktəbləri üçün yeni tipli, müasir standartlara cavab verən məktəb binaları inşa edilmişdir. Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Uşaq Musiqi Məktəbinin binasında əsaslı təmir-tikinti işləri davam etməkdədir.
Nazirlik tərəfindən hər il respublikanın uşaq musiqi və incəsənət məktəbləri üçün zəruri musiqi alətləri alınır, dərslik və tədris vəsaitləri çap olunur və əvəzsiz olaraq məktəblərə verilir. Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların incəsənət sahəsinə cəlb olunmalarına, təhsil almalarına xüsusi diqqət yetirilir. Hazırda Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Şuşa, Qubadlı, Zəngilan rayonlarının 50 uşaq musiqi və incəsənət məktəbindən 39 məktəb respublikamızın müxtəlif bölgələrində - Bakı, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Yevlax şəhərlərində, Ağcabədi, Abşeron, Beyləqan, Biləsuvar, Goranboy, Saatlı rayonlarında fəaliyyətlərini bərpa ediblər.
Bakı şəhərində gözdən əlil uşaqlar üçün ixtisaslaşdırılmış musiqi təhsili müəssisəsi - 38 nömrəli Onbirillik Musiqi Məktəbi fəaliyyət göstərir. MDB ölkələrində analoqu olmayan bu musiqi məktəbi 1980-ci ildə açılmışdır. Fəaliyyət göstərdiyi 30 il ərzində məktəbi 1000-ə yaxın şagird bitirmişdir. Məktəbdə fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik ixtisasları üzrə I və II qrup əlilliyi olan 200-ə yaxın şagird təhsil alır.
Uşaq və yeniyetmələrin yaradıcılıq imkanlarını inkişaf etdirmək, istedadlı gəncləri üzə çıxarmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq baxışlar, festivallar, müsabiqələr, sərgilər keçirir. Bu tədbirlərdə ölkənin müxtəlif regionlarından yüzlərlə uşaq iştirak edir. Uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin təşviq olunması məqsədilə uşaq xor kollektivlərinin respublika müsabiqələri və baxışları keçirilir. Rəqslərdə milli ənənələrin qorunub saxlanılması, xalq rəqslərinin təbliği, istedadlı gənclərin aşkar edilməsi, onların bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsi məqsədilə Uşaq rəqs kollektivlərinin respublika baxış-festivalları da təşkil edilib.
Ayrı-ayrı alətlər üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepiano, simli, nəfəsli, zərb, xalq çalğı alətləri üzrə respublika müsabiqələri təşkil olunub. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin, Bakı Xoreoqrafiya Məktəbinin şagird və tələbələri dünyanın 20-dək ölkəsində keçirilən müxtəlif beynəlxalq tədbirlərdə - festival, müsabiqə və sərgilərdə mütəmadi olaraq uğurla iştirak ediblər.
Ötən beş il müddətində mədəniyyət və turizm təhsili sahəsində çalışan təcrübəli, peşəkar mütəxəssislərin əməyinə xüsusi qayğı göstərilib, ölkə prezidentinin sərəncamları ilə onların bir çoxuna ölkənin yüksək mükafat və fəxri adları verilib. 2006-2010-cu illər ərzində 15 nəfər Əməkdar müəllim, 10 nəfər Əməkdar mədəniyyət işçisi, 1 nəfər Əməkdar incəsənət xadimi fəxri adına, 2 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 3 nəfər “Tərəqqi” medalına layiq görülüb, Bakı Xoreoqrafiya Məktəbinin müəllimi, Xalq artisti Xumar Zülfüqarova “Şöhrət” ordeni ilə təltif olunub.
Sonda hörmətli
Mədəniyyət və Turizm Nazirliyinin bütün
kollektivini 5 illik yubileyi münasibətilə səmimi qəlbdən
təbrik edir, bütün həmkarlarıma ölkəmizdə
mədəniyyət və turizm sahələrinin
inkişafı naminə fəaliyyətlərində yeni
uğurlar arzulayıram.
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 10.