Baba Mahmudoğlunun 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

 

   Yanvarın 26-da Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlunun 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbirdə mədəniyyət və incəsənət xadimləri sənətkarın həyat və yaradıcılığından söhbət açacaq, onunla bağlı xatirələrini dilə gətirəcəklər.

   Baba Mahmudoğlu 1940-cı ildə Qazaxda dünyaya gəlib. Orta məktəbi qızıl medalla bitirib Neft Akademiyasına daxil olsa da, xoş bir təsadüf onun sənət yolunu büsbütün dəyişir. Məlahətli səsinin əsiri olan tələbə yoldaşları günlərin birində onu böyük xanəndə Seyid Şuşinskinin yanına aparırlar. O gündən Baba Mahmudoğlu böyük sənətkarın dərslərində iştirak edir. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alır. 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fəaliyyətə başlayan Baba Mahmudoğlu "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"ndə Mir Seyid obrazlarını özünəməxsus və yüksək sənətkarlıqla yaradıb.

   Sənətkar 2006-cı il dekabrın 6-da 66 yaşında dünyasını dəyişsə də, onun təkrarsız ifası, özünəməxsus sənətkarlığı musiqi tariximizin silinməz səhifələrindən biri kimi xatirələrdə və yaddaşlarda yaşayır.

  

 

   Təranə

 

   Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 2.