Lifli rəssamlıq sənəti: tikmələr

 

Azərbaycanda xalq sənətkarlığının zəngin tarixə malik növlərindən biri də tikmə sənətidir. Hələ uzun illər öncə sənətkarların saya (parça) üzərində rəngli saplarla yaratdıqları xəyali təsvirlər, təbiət gözəlliklərinin əksi göz oxşayıb. Məhz buna görə də sənətşünaslar tikməni lifli rəssamlıq adlandırır. Təsviri sənətdə olduğu kimi, tikmələr də bir çox texniki üsullara malikdir. Müxtəlif bədii vasitələrlə portret, mənzərə, natürmort və s. tematik tablolar, sırf ornamental əsərlər yaradılır.

Azərbaycan tikmələri haqda yazılı məlumatlara hələ IX-XI əsr ərəb müəlliflərinin, klassik Azərbaycan şairlərinin əsərlərində, XVI-XVII əsrlər Təbriz miniatürlərində rast gəlinib. Bu gün XVI-XVII əsrlər Azərbaycan tikmə sənətinin bəzi nümunələri Moskva Dövlət Silah Palatasında, Moskva Şərq Xalqları Muzeyində və s. yerlərdə mühafizə olunur. XVI əsrdə Səfəvi şahlarının Təbrizdə xüsusi toxuculuq karxanaları olub.

Həmin dövrdə Ərdəbil, Şamaxı, Gəncə və Bərdə şəhərlərində də bu sənət çox inkişaf edibmiş. Azərbaycanda tikmə sənəti ilə bağlı italiyalı səyyah Marko Polo, ingilis Antoni Cenkinson və s. səyyahlar maraqlı məlumatlar veriblər. A.Cenkinson Şirvan bəylərbəyi Abdulla xanın incilərlə və daş-qaşla bəzədilmiş geyimlərindən bəhs edib.

Azərbaycan tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olub. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə çatandan sonra bu sənətlə kişilər də məşğul olmağa başlayıblar. XIX əsrdə bədii tikmənin müxtəlif növ istehsalını evlərdə şəhər və kənd qadınları, dükanlarda isə kişilər icra ediblər. Şəkidə mahud parça üzərində toxunmuş təkəlduz tikmə növü çox inkişaf edir və digər sənət növlərini üstələyir. Həmin vaxt bu şəhərdə 22 yəhər üzü bəzəyən, 50 başmaq üzü bəzəyən, 16 püştü (balış) üzü tikən dükan fəaliyyət göstərib.

Bədii görünüşü, məişət yönümlüyü və milli xarakteri ilə yanaşı təkəlduz iqtisadi cəhətdən də sərfəli sənət sahəsi olub. Bu sənət nümunələri ölkəmizdən uzaqlarda geniş yayılıb. Bu sənət bir ənənə kimi Naxçıvan, Gəncə, Şuşa, Quba, İrəvan və Tiflis şəhərlərində inkişaf etdirilib. Şəki tikmələri Sankt-Peterburq, Moskva, Kiyev, Həştərxan və s. şəhərlərə göndərilib.

XIX əsrdə xalq sənətinin tikmə növü özünün rəngarəngliyi və müxtəlif texniki vasitələri ilə ölkədə geniş mövqe tutur. Bu sənətə dövrün məşhur şair və maarif xadimləri də maraq göstərib. Şairə Xurşidbanu Natəvan (1830-1896 ), təbiətşünas-alim Həsən bəy Zərdabi (1842-1907), rəssam, şair və musiqişünas Mir Möhsün Nəvvab (1829-1913) və başqalarını misal göstərmək olar. Məlumdur ki, Natəvanın əl işləri Şərqin məşhur rəssamları Mani və Behzadın əsərlərinə bərabər tutulub.

Xalqımızın yaratdığı və inkişaf etdirdiyi tikmə növlərindən güləbətin, muncuq, pilək, təkəlduz, çaxma pilək, quşgözü kimi bədii tikmə növləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.

Güləbətin tikmə. Özünün zahiri parlaqlığı, plastik silueti, mürəkkəb işləmə texnikası və dekorativ xüsusiyyətləri ilə çox fərqlənib. Əsas etibarı ilə Bakı, Şamaxı, Naxçıvan , Şuşa və başqa bölgələrdə geniş yayılıb. Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. Zəminduzi adlanan həmin tikməni hasilə gətirmək üçün kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub.

Muncuq tikmə. Bu tikmə növü əsasən Şuşa, Gəncə, Şamaxı və qismən Bakıda inkişaf edib. Əsasən xırda məişət əşyalarının bəzədilməsində istifadə olunub. Məxmər, qanovuz və kətan parçalar üzərində işlənib. Muncuqlar ya tək-tək , ya da düzüm halında sıra ilə parça üzərinə bənd olunub.

Pilək tikmə. Bu üsul taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal lövhəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub.

Çaxma pilək (zərənduz) tikmə. Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub .

Quşgözü tikmə. Azərbaycanın əksər bölgələrində istifadə olunub. Abşeronda cınağı, Naxçıvanda cümlə adlanıb. Bu üsul parçaya möhkəmlik verdiyinə görə adətən araqçınlara, şəbkülahlara tikilib.

Doldurma tikmə. Bu üsulla ikitərəfli tikmələr hazırlanıb. Doldurma tikmə ilə divar bəzəkləri, pərdələr, rübəndlər tikiblər. Qabarıq olmayan tikmələrə bəzən hamar tikmələr də deyilir. Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə aid növ tikmə nümunələri mühafizə olunur. Onu da qeyd edim ki, 1882-ci il tarixdə Tiflisdə keçirilən dünya sərgisində şuşalı Böyükxanım adlı bir evdar qadının qızıl və gümüş sapla işlənmiş güləbətin namazlıq tikməsi sərgilənib. Xalqımızın tikmə sənətində müxtəlif heyvan , insan və təbiət təsvirləri əsas yer tutur. Bu təsvirlərin əksəriyyəti dövr etibarı ilə çox qədimdir.

Orijinal quruluşlu kompozisiyaları ilə daim diqqətçəkən Azərbaycan tikmələrindən medalyonlu, taclı, qapalı, açıq sahəli xalça tipli tikmələri misal göstərmək olar. Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.