Beş ilin uğurları

 

   Timuçin Əfəndiyev,

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor

  

   Bu günlər biz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 5-ci ildönümünü məmnunluq hissi ilə qeyd edirik. Doğrudur, mədəniyyətimizin inkişafında xüsusi xidmətlər göstərmiş bir qurum kimi Mədəniyyət Nazirliyi uzun illər boyu mövcud olmuşdur. Lakin çağdaş dünyamızda ən vacib sahələrdən olan turizmin də bu nazirliyin çərçivəsində fəaliyyət göstərməsi labüd idi. Elə buna görə də möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir nazirlik yaradıldı.

 

   Turizm hazırda dünyada ən aparıcı sahələrdən biri sayılır. Ona görə ki, xalqın istər maddi, istərsə də mənəvi dəyərlərinin üzə çıxarılıb təbliğ edilməsində turizmin əhəmiyyəti böyükdür. Təsəvvür edin ki, dünyada yalnız turizmin hesabına büdcəsini təmin edən, turizmdən gələn gəlirlə yaşayan ölkələr var.

   Qədim tarixə, füsunkar təbiətə, əzəmətli tarixi-memarlıq abidələrinə, gözəl musiqi ənənələrinə, zəngin folklora, özünəməxsus əlvan etnoqrafik cizgilərə, kulinariya mədəniyyətinə malik olan respublikamız beynəlxalq ictimaiyyəti, o cümlədən turizm həvəskarlarını daim özünə cəlb edir. Bu sahənin daha da inkişaf etdirilməsi yurdumuzun, tariximizin, abidələrimizin, incəsənətimizin, mətbəx mədəniyyətimizin dünyada təbliğ olunması üçün uğurlu vasitələrdən biridir. Təsadüfi deyil ki, cənab Prezident 2011-ci ili “Turizm ili” elan etmişdir.

   Bu 5 ildə Azərbaycana gələn turistlərin, xarici qonaqların sayı xeyli artmışdır. Elə təkcə 2010-cu ildə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalını, orada öz ifası ilə tamaşaçıları məftun edən məşhur sənətkarları göz önünə gətirmək kifayətdir ki, fərəhlənəsən, qürur hissi keçirəsən. Bir çox beynəlxalq mədəniyyət tədbirlərinin, o cümlədən I Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi, bu möhtəşəm forumda dünyanın görkəmli teatr xadimlərinin, teatrşünas alimlərin iştirak etməsi çox böyük mədəniyyət hadisəsi idi. Bu, Azərbaycan teatrının, teatrşünaslıq elminin, bütövlükdə Azərbaycan mədəniyyətinin təbliği baxımından olduqca əhəmiyyətli məsələ idi.

   Bəli, Azərbaycan qədim tarixi ənənələrə malik bir ölkədir, gəzməli, görməli yerləri çoxdur, mineral sularla, müalicə əhəmiyyətli kurortlarla zəngindir. Burada qısa müddətdə də olsa yaşamaq, istirahət etmək, xalqımızın adət-ənənələri ilə tanış olmaq dünyanın müxtəlif ölkələrindən buraya gələnlər üçün xoşdur. Bütün bunları tənzimləyən, lazımi səviyyədə təşkil edən dövlət qurumu, əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyidir. Bu nazirlik Azərbaycan Prezidentinin sərəncam və göstərişlərindən irəli gələn vəzifələri uğurla həyata keçirməkdədir. Respublikamızın səfalı guşələrində qısa vaxt ərzində beynəlxalq standartlara cavab verən neçə-neçə turizm bazaları, kompleksləri tikilmişdir. Hazırda Qusarda yaradılan qış-yay turizm kompleksinin istifadəyə verilməsi respublikamızın həyatında böyük hadisəyə çevriləcəkdir.

   Azərbaycan günü-gündən inkişaf edir, gözəlləşir. Qısa vaxt ərzində əksər mədəniyyət müəssisələri yüksək səviyyədə təmir edilmiş, tarixi-memarlıq abidələrinin ilkin, əzəmətli görkəmi bərpa olunmuşdur. Respublikamız haqqında müxtəlif dillərdə nəşr edilən kitablar, albomlar, bukletlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol oynamaqdadır.

   Mədəniyyət və Turizm Nazirliyi ilə universitetimiz arasındakı səmimi əlaqələr barəsində ayrıca danışmaq olar. Əvvəla onu deyim ki, hələ bir neçə il bundan əvvəl respublikamızda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində turizm ixtisası açılmış, xüsusi tədris planları və proqramları hazırlanmışdır. Bu gün də tələbələr bu proqramlar əsasında təhsillərini davam etdirirlər. Hazırladığımız kadrların 90 faizi Mədəniyyət və Turizm Nazirliyi sistemində işləyir. Universitetimizi bitirmiş mütəxəssislər - aktyorlar, rejissorlar, musiqiçilər, xoreoqraflar, kulturoloqlar, muzey işçiləri və başqaları uzun illərdir ki, respublikanın müxtəlif mədəniyyət ocaqlarında fəaliyyət göstərirlər.

   Universitetimizdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, nazir müavini Ədalət Vəliyevlə sənət adamlarının görüşləri keçirilmişdir. Bu görüşlərdə mədəniyyətimizin, incəsənətimizin bu və ya digər problemlərinə dair maraqlı müzakirələr olmuşdur.

   5 il böyük zaman kəsimi olmasa da, göründüyü kimi, nazirlik öz məqsədlərinə müvəffəqiyyətlə nail olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi möhtərəm Prezident tərəfindən qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirməyə çalışmışdır. Arzu edirəm ki, yaxın vaxtlarda bu nazirlik işğal olunmuş torpaqlarımız azad edildikdən sonra oradakı zəngin tarixi abidələrimizi də bərpa etsin. Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə layiq olduğu adı - mədəniyyət mərkəzi adını yenidən onun özünə qaytarsın. Bu işlərdə onlara müvəffəqiyyətlər arzu edirəm.  

 

 

   Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 9.