“Mübarizə bu gün də var, yarın da”

 

   Gələcək oxucularsa belə qələm, belə kəlamlar intizarında...

  

   Necə qələm? O sayaq qələm ki, daim həyatın içinin içində, ətrafın mərkəzinin nüvəsində, insanın qəlbinin paytaxtında, ədəbiyyat aləminin kulminasiyasında, ədəbi-bədii təsərrüfatın əkin-şərt “şum”unda, siyasi-ictimai biçin-xırmanın xalq mənafeyi “yabalaşmasında”, vətəndaşlıq daşının bünövrəsində, milli təəssübkeşlik qəzəb-əsəbinin qan təzyiqi doğuruşunda, lirik eşqin abır-həya halələrində, epik məhəbbətin xəlqi xanalarında olurdu...

  

   O aləm-qələm hökm-fərma qələmlərinin qəvi düşmən əlində olduğu vaxtlar söyləyirdi ki; “...hər şey bölünəndə bədbəxt Bakının da püşkünə internasionalizm düşüb”!..

   O qələm bəyanlayırdı ki; “...necə yəni, “filankəsin vaxtsız vəfatı münasibətilə başsağlığı veririk”, bəyəm vaxtında ölən də olur?”

   O qələm “ikiaçılanlar”layırdı ki; “Yaşasın qadın azadlığı!” - dedi vələdüzzina, Şorgözlüklə baxdı baldızına”. “Adı peyğəmbərin adından, Özü - primitiv şeytan!” “Desələr ki, mələkliyin yalandır, Qaldır kirpiklərini, inandır”.

  

   Dünyanın psixo-filoloji “dərd”i...

  

   “Qınamıram İsgəndəri - yaman olur anlamaq dərdi!..

   Bu dərdə “pentalgin”lər çarə qıla bilməz, qadam! Bu mərəzin çarəsi Rəsul-loğmanların “qələmgin”lərindədir.

   Qələm... Çoxlarının “çörək ağacı” kimi baxdığı əşya... Onunçünsə milli-mənəvi qida, arzu-dilək qılıncı olan o “ağac” yazırdı ki; “Rza, yaz. Rza, durma, Rza, yaz!..

   Bütün ədəbi-bədii hal və qalmaqallarda, ictimai-siyasi situasiyalarda, fəlsəfi-idraki taktlarda sözünün ağası olmuş bu böyük qələm qulu yorulmadan, usanmadan, çəkinmədən, hər beş-üç şeirindən bir çəkdiyi “başağrı”lardan bezikmədən yazdı. Və hələ ömrünün ortalarında ikən müasirlərindən birinin yazdığı kimi (“Rəsul durmadı - yazdı, yazdı, yazdı... Rəsul bu minvalla yazmasaydı, Rəsul Rza olmazdı!”) Rəsul Rza oldu!

   O, bizim (və bir çox başqa şairlərin) görə bilmədiklərimizi qartal gözlərilə görür və onların poetik portretini yaradırdı. Görünməzləri də görə bilirdi. Qayğını gözlə necə görmək olar ki? Amma o bunu duyğularımızın “subtitr”inə çevirirdi. Özü də çox poetik, obrazlı şəkildə: “Qayğı” sözü, qayğı - özü”. Biz bizdən rüşvət istəyən sus(!) al (!) izm-realizm məmurlarını, ali (?!) məktəb müəllimlərini, JEK juklarını nə məhkəməyə, nə mətbuatda ictimai qınağa verə bilməyib, infarkt və digər depressiyalara düşhadüşdə, onun “yapış beləsinin ayağından, at belinə - ağzı hara düşə-düşə”, “beləsi “aş”ın müqəyyəd qafiyəsidir” kimi həblərini hissi orqanizmimizə qəbul edib, müalicə olunurduq...

   ...Və bir də görürdün, bu poetik-artillerik kişinin atəş-tikanlı şeirləri içərisindən əsrarəngiz bir bənövşə boylanır: “Gözlərinə denən ki, yuxuma girməsinlər...”

   O, durmadı - yazdı, yazdı və nəinki təkcə bənzərsiz Rəsul Rza, həm də - sovetlərə qarşı bir az yumşaldılması üçün SSRİ Dövlət mükafatı laureatı (1951) və haqq-halal Xalq şairi (1960) oldu. Sonra, siyasi həyatımızla bərabər, ədəbi aləmimizə də yenilik kimi doğulub, yeniliklər yaradan ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi və ona, qurulduğu gündən kapitalizmin gözünə demokratiya külü üfürməyə başlamış sosializm paytaxtından Sosialist Əməyi Qəhrəmanı (1980) təltifatını da alıb verdi ki, bu ad “qara camaat”dan çox “sarı dana”lara qayğı göstərən o mərkəzin gözünə “qələmi dinc durmayan” bu şair üçün “talisman”lıq etsin.

   Nəhayət, onun 19 may 1910-cu il doğum-başlanğıcını məzar-mənzil başına çatdıran 1 aprel 1981-ci il tarixçəsi - özü demişkən, hamı üçün “vaxtsız” vəfat da gəldi...

   1 aprel? Zarafat? Bu əbədi dirinin olümsüzlüyünə inanmamağımız üçün “yalan günü” hadisəsi?

   O, Müşfiq yoxluğuna dair “Qızılgül olmayaydı” yazmışdı, bəs biz nə qaralayaq? Onun bu rəngsiz yazı-obrazına ecazkar-kaleydoskopial “Rənglər”indən nə qataq? Yazsaq ki, bu ölümlə ədəbiyyatımızın novatorluq ulduzu söndü - onun “Pəncərəmə düşən işıq” incisinin ruhu inciməzmi? Desək ki, əgər o, “Bir gün də insan ömrüdür” deyirdisə, niyə həkimlər ona, tutalım, 2 apreli də yaşatmayıblar, bəs onda “Xalq həkimi” poemasındakı neçə-neçə bədii suala nə cavab verərik?

   1 aprel... Onun bu dünyadan əbədi köçü? İnanmayaq? Əbədi sənəti, çox nadir orijinallığı, ağayana, ciddi, ədəbli şəxsiyyəti baxımından - bəlkə də. Cismanilik sarıdan isə - həqiqət! Misraları söz dənizində, fikir dəryasında hər an diri balıq kimi çapalayan, oxucu diqqətini bir an belə “yad” getməyə qoymayan bu “neo-novella” şairin ölümü də ayların-günlərin 1 aprel inancı “janr”ında nəşrləndi. Özü də sevgi-sevdaların “şanlı məktub”luq çağları dövründə yepyeni bir ərzi-üslubda yazdığı, “gözlərinə denən ki, yuxuma girməsinlər” dediyi ala gözlü yarı - Rəfibəyli Nigarı ilə eyni əlvida çapında, ayrılıq-“almanax”ında. Bu dünyaya bir gəlib, bir sevib, bir yazıb, o dünyaya birgə qoşmaq peşində. Hər ikisi də folklorumuzun say-sanballı rəqəmləri yanına - “yeri göynəyən yeddilər” qarşısına bir sıfır əlavəsilə. Bu barədə o vaxt onların daha bir müasiri daha gözəl, daha mənalı demişdi:

  

   Zalım dünya öz işində,

   Gəlişində, gedişində,

   Gəl, ağlayaq yetmişində

   Sevgili tək ölənlərə...

  

 

   Yazdıqları, dedikləri, etdikləri...

  

   Əslində, yazdıqları haqda yuxarıda bir-iki cümlə yazmışam və aşağıda da, yeri gəldikcə, bəhs edəcəyəm.

   Öncə qoy “Şuşam mənim” şeirilə özü “bəhs” etsin özü barədə:

  

   Sinəsi qabarıq,

   nağıllardan gəlmiş

   pəhləvandır

   Şuşam mənim;

   Mərdliklə, gözəlliklə

   qoşam mənim.

   Azərbaycan torpağının

   nur parçası.

   İncə mahnılar yuvası,

   Pənahların yadigarı,

   Alagözlü,

   qarasaçlılar diyarı.

   Səndə Cabbarın, Seyidin,

   Nəvvabın, Üzeyirin, Bülbülün,

   neçə-neçə nəğməkarın,

   qoç igidin

   nəğməsi var,

   nərəsi var.

   Könüllərdə

   neçə-neçə mahnıların

   zümzüməsi,

   sözü qalıb,

   Sənin doğma torpağında

   neçələrin gözü qalıb...

   ...Tarix sənin

   torpağında, daşındadır,

   hər yan-yörən,

   hər dolayın,

   hər cığırın

   Azərbaycan - Vətən dadır...

   ...Vətənimin allı-güllü

   əlvan-əlvan çiçək xallı,

   göy dağları!

   Kirsin sərin mehi gəlir,

   sığallanır Cıdır düzü.

   Dan yerindən qalxan günəş

   xəbər verir -

   zəfər dolu bir gündüzü.

   Danış, danış, Cıdır düzü...

  

   Sağ olsaydı, danışdırardı “Cıdır düzü”nü. Özü də öz dilində...

   Bu eyhamın “elə-belə”dən deyil; deyirəm, bəlkə, iki məktəb ilidir ki, yad kəlmələr, xosunlaşmalar eşidən “Cıdır düzü”müz öz dilimizdə danışa bilməz daha...

   Əgər çağımızın dağ dərdi, başımızın “baş problem”i olmasaydı, mən də bu dünya çaplı şairimizi lokallaşdırıb, “çəpəriçi” şeirini yox, cahanşümul notlu misralarından nümunələr verərdim...

   Və hələ deyim ki, onun yazıları tək elə qələmindən çıxanlar deyil ki! O öz həyatı, əməllərilə də yazıb-yaradırdı; canından-qanından “cəmiyyət necə formalaşmalıdır”, “xalq necə millətləşməlidir”, “ziyalının vəzifələri”, “ər-ərənlik əxlaqı” kimi nəşriyyatlardankənar nümunəvilik əsərləri də saçırdı Rəsul Rza.

   Bu “janr”lı əsərlərinə, daha obrazlı desək, neçə-neçə sənətkarları da əlavə etmək olar - ünlü şairlərimizdən rəhmətlik Əli Kərimi, çağdaşımız Fikrət Qocanı və başqalarını. O şairlər ki, onlar da sözü oxucunun tək elə qulağına, hissinə yox, həm də - Rəsul Rza kimi - üzünə deyirlər: “O borc sənin özünsən - özünü qaytar ona” (Əli Kərim). “Güzgünü neyləyirsən, ay gözəl, Üzündə gör özünü, ay gözəl” (Fikrət Qoca).

   O, sonralar ideyalarına qarşı açıq misra-mübarizələr apardığı Vladimir İliçlər (“Lenin” poeması) haqda yazanda da mütləq birinciliyə nail olur, onların etno-doğmalarına göstərirdi ki, yazmağa məcbur ediləndə də, elə yox, belə yazarlar: “Mən hansı bir insana bənzədim ki, Lenini - Məzarının başında cahan ağlamış olsun?!” Və ya İliçin yatdığı həbsxana keşikçisinə dair: “Zülmət dayanmışdır nurun keşiyində!..

   Onun dedikləri... Bunlar çox, səhifəmizdə başqa mətləblər haqda da deməyə yer az qaldığına görə, sizə birciyini xatırladım. Ensiklopediyada direktor işləyərkən əməkdaşlardan biri növbəti bir “qorxulu” milli informasiyanın yeni nəşrə salınıb-salınmaması ilə əlaqədar: “Rəsul müəllim, şəxsən mən bundan çox qorxuram, Siz necə?” - deyə gözünü ona zillədiyi məqamda Rəsul Rza ona: “Mən? Mən heç nədən yox, sənin bu “qorxuram” sözündən qorxuram...” cavabını verir.

   Etdikləri... Bu barədə çox tərif-təbliğ saçmağa, “Amerika” açmağa ehtiyac yox. Sadəcə, hansı yaşlarında hansı vəzifə başlarında olmasını xatırlatmaq kifayət. İyirmi doqquz yaşında Azərbaycan Yazıçılar İttifaqının sədri. Otuz beşində Azərbaycan kinematoqrafiya naziri. Əllisində Asiya və Afrika ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri...

   Və... yetmiş birindən ölkənin Fəxri Xiyabanında böyük Turanın ən fəxri mərhumlarından biri...

   Sonda bu aydınlar aydınının məlum və məşhur -

  

   “Aydındır”ı

  

   haqda bəndənizin bir-iki kəlməlik, onun özünün isə 6-7 misralıq sözü.

   Bir-iki kəlməlik sözüm bu ki, Rəsul Rzanı şairlikdə, obrazlılıqda, vəzifə-məmurluqda, ictimai xadimlikdə çox az başqaları ilə müqayisə etmək olarsa da, milli təəssübkeşlik, milli (və şəxsi!) qürur, milli ziyalılıq kimi epitetlər düjünündə onun paralelinə düşən (bir başqa şairimiz demiş) “ya bir olar, ya iki”.

   İndi aşağıda oxuyacağınız misralardakı obrazı - “şeirin dili”ni yuxarıdakı xarakter-keyfiyyətlər “düjün”ünün hər biri ilə əvəz edə də bilərsiniz:

   Aydındır şeirin dili -

   İstərsən sevincdən,

   İstərsən - qəmdən yaz.

   O qədər aydındır ki

    bu dil -

   Nadan yüz kərə oxusa,

   Yenə bir şey anlamaz...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 4 aprel.- S. 11.