Şabranda gənc yazarların oxucularla görüşü

 

   Aprelin 14-də Şabran şəhərində gənc yazarlar Zərdüşt Şəfinin “Başqa adamlar” və Pərvinin “Qar yağacaq” kitablarının təqdimat mərasimi və imza günü keçirildi. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Səmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, rayonun ziyalıları, ədiblər iştirak edirdilər.

  

   Kitab Evində təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov insanın dünyagörüşünün formalaşmasında kitabların rolundan bəhs etdi, regionlarda mədəni mühitin inkişafı istiqamətində görülən işlərdən danışdı: “Kitablar insanın fəaliyyətində, onun formalaşmasında xüsusi rol oynayır. İnsanlar elmə, biliyə kitablar vasitəsilə yiyələnirlər. Məhz bütün bunlar nəzərə alınaraq rayonumuzda Kitab Evi istifadəyə verilib. Burada yeni ədəbiyyat nümunələri oxuculara təqdim olunur. Bu gün ölkəmizdə kitab işinin təkmilləşdirilməsinə dövlət səviyyəsində diqqət göstərilir. Dünya və Azərbaycan klassiklərinin əsərləri latın qrafikası ilə çap olunaraq oxuculara təqdim edilir”.

   N. Novruzov bildirdi ki, bu gün Azərbaycanın bütün bölgələri inkişaf edir. Bu inkişafın fonunda regionlarımızda ədəbi, mədəni mühit də inkişaf edir: “Dövlətin dəstəyi ilə bölgələrdə yeni mədəniyyət müəssisələri, kitabxanalar istifadəyə verilir, elektron kitabxanalar yaradılır”.

   İcra hakimiyyətinin başçısı kitablarını təqdim edən gənc yazarların gələcəkdə Azərbaycan ədəbiyyatının layiqli təmsilçilərindən olacaqlarına ümidini ifadə etdi, onlara yaradıcılıq uğurları arzuladı. Şabran Kitab Evində yeni nəşrlərin təqdimatlarının ənənə halını aldığını deyən N.Novruzov növbəti belə tədbirin may ayında keçiriləcəyini bildirdi.

   Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid tədbirin Şabranda keçirilməsinin əlamətdar bir hadisə olduğunu dedi, gənc yazarlar Zərdüşt Şəfinin və Pərvinin ədəbi fəaliyyətindən danışdı. Qeyd olundu ki, hər iki yazar Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin məzunlarıdır: “Məktəbdə ölkənin tanınmış qələm sahibləri, şair və yazıçılar ədəbi gəncliyin nümayəndələrinə ustad dərsləri keçiblər. Həmin dərslər gənc ədiblərin ədəbiyyat, bədii yaradıcılıq haqqında təsəvvürlərinin inkişafı, bu yöndə təcrübə və məlumat toplaması baxımından çox faydalı olub. Hər iki gənc son iki ildə maraqlı bədii və publisistik yazıları ilə mətbuatda fəal çıxış edirlər. Hər iki gəncin yüksək ədəbi istedadı var və mən onların gələcəkdə ədəbiyyatımızda layiqli yer tutacaqlarına əminəm”.

   Sonra Şabran rayonunda fəaliyyət göstərən ədəbi məclisin üzvləri yeni nəşrlərlə bağlı öz fikirlərini bildirdilər, yazarların əsərlərini təhlil etdilər. Qeyd olundu ki, Zərdüşt Şəfi “Başqa adamlar” kitabında yer alan kəskin süjetli, bəzən isə lirik-sentimental üslublu hekayələrində həyata, insanlara, keçib gedən zamana münasibətini, duyğularını ifadə edib. Hekayələr dil və üslub rəngarəngliyi ilə də diqqəti cəlb edir. Kitaba müəllifin bir essesi qısametrajlı film ssenarisi daxil edilib.

   Gənc yazar PərvininQar yağacaqkitabında isə povest hekayələr yer alıb. Vurğulandı ki, Pərvinin özünəməxsus yazı manerası, seçdiyi mövzulara fərdi yanaşma qabiliyyəti var. Onun hekayələrində emosional cizgilər, duyğulu variasiyalarla yanaşı, dərin psixoloji qatlar da özünü qabarıq göstərir.

   Sonda kitab müəllifləri tədbir iştirakçılarına minnətdarlığını bildirdilər, yazıları kitabları barədə fikir söyləyənlərə təşəkkür edib, onların inamını doğrultmağa çalışacaqlarını vurğuladılar. Daha sonra müəlliflər kitablarını öz imzaları ilə oxuculara təqdim etdilər.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 18 aprel.- S. 7.