Dənizkənarı Milli Park

 

   Bakının bir əsrlik tarixi olan ən gözəl istirahət guşəsi yeni həyatını yaşayır

  

   Bu gün Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtının, kütləvi istirahətinin, onlara mədəni xidmətin təşkilində Dənizkənarı Milli Park mühüm rol oynayır. Dənizkənarı Milli Park respublikanın ən qədim parkı və eyni zamanda bağ-park sənətinin qiymətli abidəsidir. Park dəfələrlə keçmiş ümumittifaq və respublika baxış-müsabiqələrinin qalibi olmuş, müxtəlif dərəcəli diplomlara və medallara layiq görülmüşdür.

  

   Dənizkənarı bulvar 1909-cu ildə Bakı Şəhər Dumasının qəbul etdiyi qərara əsasən salınmışdır və o vaxtlar Dumada çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə sıx bağlıdır. O zaman müsabiqə yolu ilə seçilmiş layihənin işlənilib həyata keçirilməsində mühəndis K.V.Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.

   Sovet dövründə bulvar gözəl istirahət guşəsinə və yaşıllıq zonasına çevrildi. 1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi.

   Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərin əvvəllərində ölkədə baş verən böhran dənizkənarı bulvardan da yan ötməyib. Burada istirahətə aid olmayan obyektlər tikilmiş, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin bir qismi məhv olmuşdu. Bütün bunları nəzərə alaraq, ümummilli liderimiz Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında fərman imzalamışdır.

   Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

   10 yanvar 2008-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır. Bundan sonra Dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülmüşdür.

   Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işlərini Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bununla bağlı deyib: \\\"Bakı bulvarı, mən şəxsən elə hesab edirəm ki, dünyanın ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə. Bakının gözəlliyi bənzərsizdir, təkraredilməzdir \\\".

   Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlaşdırma işləri nəticəsində ərazidə asfalt örtük tam götürülüb və yerinə qırma-dekorativ daşlar döşənib. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində Milli Parkda yeni ağac və gül növləri əkilmişdir. Dünyanın bir çox ölkəsindən (İtaliya, Türkiyə, Hollandiya, İspaniya, Fransa, Almaniya, Belçika, Avstraliya Argentina və s.) 100 növdən artıq nadir ağac, dekorativ kollar, həmişəyaşıl bitkilər gətirilərək parkda əkilmişdir. Gətirilən ağacların görünüşləri kimi adları da müxtəlifdir. Avropa zeytunu, baobab, Kanar palması, maqnoliya, hantorriya və s. ağac növləri Bakının iqliminə uyğunlaşdırılaraq əkilir. Parkda ilk dəfə olaraq Meksikadan alınmış 100-dən artıq kaktus (6 növ) əkilmişdir. Eyni zamanda parkın görməli yerlərində 8 növ qızılgül, 6 növ zanbaq və 6 növ digər çiçəklər ətrafa xüsusi gözəllik verir.

   Parkdakı məhəccərlər, işıqlandırma sistemi tamamilə yeniləşdirilmiş, orijinal formalı oturacaqlar qoyulmuşdur. Parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər, fəvvarələr, ən müasir standartlara cavab verən attraksionlar quraşdırılıb. Ərazidə ümumilikdə 32 attraksion («Karnaval», «Pirat», «Avtodrom», «Disko», «Xip-xop», «Günəş», «Ailəvi attraksion», «Ailəvi velosiped», «Yanar kürə», «Möcüzə körpüsü», «Şən güzgülər» və s.), kino nümayişi ilə bağlı 2 ədəd «Sinema 7D» və «Sinema 8D» fəaliyyət göstərir. Bulvarın özünəməxsus istirahət növü olan dəniz gəzintisi mövcuddur. Hazırda bulvarda sərnişinlərə 4 gəmi xidmət göstərir, əlavə olaraq İngiltərədə istehsal olunan üç yeni gəmi də alınmışdır. Gəzinti əsasən bulvarın 2 yerindən - Yaxt-klub və Dəniz Vağzalının qarşısından təşkil olunur. Eyni zamanda bulvarda İtaliya istehsalı olan dörd yeni gəzinti qatarı fəaliyyət göstərir. Qatarın birinə 40 nəfər yerləşir, biri saat qülləsi ilə Yaxt-klub arasında, digəri isə saat qülləsi ilə Hökumət Evi arasında işləyir.

   Hazırda parkda respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsini təmin etmək üçün daha geniş imkanlar var. Bakı sakinlərinin və qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biri olan Dənizkənarı Milli Park indi yeni inkişaf mərhələsini yaşayır. Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən parkda təmir-tikinti işləri geniş vüsətlə davam edir. Burada Beynəlxalq Muğam Mərkəzinin, sahildən bir qədər aralıda Yaxt-klubun, Bakı Biznes Mərkəzinin inşası əraziyə xüsusi gözəllik verir. Yaxt-klub parkın ümumi ansamblına uyğun tikilmiş yaraşıqlı binalardan biridir. Bu binanın layihəsi orijinallığı ilə seçilir. Eyni zamanda parkın ərazisində bir sıra kafe və restoranlar, “Park Bulvar\\\" ticarət və istirahət mərkəzi, Dövlət Kukla Teatrı, “Veteranlar klubu”, tennis kortu, Bakı İdman Sarayı mövcuddur.

   Parkın ərazisində yerləşən \\\"Kiçik Venesiya şəhərciyi\\\" adı ilə tanınan hissədə təmir işləri artıq başa çatmaqdadır. Uzun müddətdir təmir olunan “Venesiya” şəhərciyi estetik görünüşünə görə əvvəlkindən xeyli fərqlənir. Şəhərciyin ərazisində iki restoran da inşa edilir, burada paytaxt sakinlərinə və qonaqlara Azərbaycan, Şərq və Avropa mətbəxinin nümunələrinin təqdim olunması nəzərdə tutulmuşdur. Parkda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin dördmərtəbəli yeni binasının (ümumi sahəsi 18 min kvadratmetrdən çox olan) tikintisi artıq başa çatmaq üzrədir.

   Milli Parkda yerləşən “Saat qülləsi” hələ ötən əsrin 30-cu illərində “Paraşüt qülləsi” kimi fəaliyyət göstərmişdir. Dənizkənarı Milli Parkda aparılan yenidənqurma işləri zamanı “Saat qülləsi” də bərpa olunmuşdur. Qüllə indi daha müasir görkəmi ilə seçilir və bulvara xüsusi gözəllik verir.

   Dövlət Bayrağı Meydanının təntənəli açılışı 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Dövlət Bayrağı Meydanı - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Bütövlükdə ərazi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

   Hazırda Dənizkənarı Milli Parkın ərazisi Dövlət Bayrağı Meydanına qədər genişləndirilir. Sahil boyu uzadılmış sahədə təmizləmə, bərkidilmə və beton plitələrin döşənməsi, yaşıllaşdırma işləri aparılır.

   Prezident İlham Əliyev 2012-ci il aprelin 1-də “JW Marriott Absheron” hotelinin açılışında bulvarda görülən işlərdən söz açaraq demişdir: “Tarixi bulvarımızın uzunluğu 3,5 kilometr təşkil edir. Sovet İttifaqında məsafə baxımından ən böyük bulvar Bakı bulvarı idi. Ancaq müasir Bakının, müasir Azərbaycanın inkişafı tələb edirdi ki, biz bulvarın da uzunluğunu artıraq. Hazırda yeni bulvarın tikintisi, Bayraq Meydanında dənizkənarı zolaqların tikintisi nəticəsində Bakı bulvarının uzunluğu 14-15 kilometrə çatacaqdır”.

   “Eurovision” müsabiqəsi ərəfəsində ölkəmizə gələn xarici qonaqlara lazımi səviyyədə xidmət göstərilməsi üçün Dənizkənarı Bulvar İdarəsinin və bulvardakı obyektlərin əməkdaşlarına ingilis dili üzrə treninqlər keçirilir. Bulvarda quraşdırılmış böyük monitorda xarici turistlər üçün zəruri informasiyalar, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatların yerləşdirilməsi planlaşdırılır.

  

 

   Tahirə Əliyeva,

   Mədəniyyət və Turizm

   Nazirliyi Kollegiyasının

   məsul katibi

 

  Mədəniyyət.- 2012.- 20 aprel.- S. 10.