Azərbaycan haqqında nə bilirsiniz?

 

   BMT-nin Azərbaycanda turizmin inkişafı layihəsi çərçivəsində növbəti sorğu-araşdırması maraqlı nəticələr ortaya qoyub

  

   BMT-nin Azərbaycanda turizmin inkişafı layihəsinin sifarişi ilə «Business İnsight İnternational Research GROUP» (“Business İnsight”) Almaniya paytaxtında keçirilən “İTB Berlin 2012” sərgisində Azərbaycanla bağlı araşdırma aparıb. “Azərbaycan haqqında nə bilirsiniz?” adlı sorğu-araşdırmanın məqsədi xarici turistlərin Azərbaycan haqqında məlumatlılıq səviyyəsini öyrənmək və turizm vərdişlərini ətraflı şəkildə tədqiq etməkdən ibarətdir.   

 

   “İTB Berlin 2012” sərgisinin davam etdiyi günlərdə (7-11 mart) layihə çərçivəsində xüsusi olaraq hazırlanmış anket gələn ziyarətçilərə və iştirakçılara paylanıb. Sorğuda 521 respondent iştirak edib.

   Sorğuda təqdim edilən ilk sual insanların xarici turist səfərlərində iştirakı ilə bağlı olub. Sərgini ziyarət edən respondentlərin əksəriyyəti (47%) ildə 2-3 dəfə xaricə turist səfərinə çıxdığını bildirib. İldə bir dəfə xaricə səfər edənlər respondentlərin 42,4 faizini təşkil edib. Qalan 0,8% isə turist səfərinə getmədiyini qeyd edib. Sorğu nəticəsində o da məlum olub ki, turistlər səyahətə əsasən həyat yoldaşları ilə (50,5%) gedirlər.

   Əcnəbi turistlərin getdiyi ölkələrdə xərclədikləri vəsait ölkələrin iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Elə bu səbəbdəndir ki, turizmə dünya iqtisadiyyatının intensiv inkişaf edən gəlirli bir sahəsi kimi baxırlar. Bu amili nəzərə alaraq respondentlərə ünvanlanan “Xaricə səyahət zamanı adambaşına orta hesabla nə qədər pul xərcləyirsiniz” (nəqliyyat və yaşayış daxil olmaqla) sualına verilən cavablardan məlum olur ki, onların 34,9%-i xaricə səyahət zamanı adambaşına 800-1200 avro vəsait sərf edir. Yalnız 2,3% respondent adambaşına 3000 avrodan çox xərclədiyini deyib.

   Sorğunun nəticələrindən bəlli olur ki, xarici səyahətə 800-1200 avro arası xərcləyən turistlər arasında Azərbaycan haqqında eşidənlər və ya Azərbaycanı görmək istəyində olanlar çoxluq təşkil edir.

  

   Turistlər mədəni irsimizə maraq göstərir

  

   Sorğuya cəlb olunan respondentlərin 71,7%-i xarici səyahət yerini seçərkən mədəni irsə önəm verdiklərini deyiblər. Onların fikrincə, bu amil səyahət yerini seçərkən prioritet faktorlardandır. Eyni zamanda ölkəmiz haqqında məlumatlı olan respondentlərin əksəriyyəti Azərbaycanın mədəni irsinə çox böyük önəm verdiklərini qeyd ediblər.

   “Tətil yerini seçərkən ən çox hansı məsələlərə diqqət yetirirsiniz” sualına cavab olaraq ikinci yerdə “qiymət” faktoru qeyd edilib (62,2%). Verilən cavablar arasında “SPA və sağlamlıq imkanları” faktoru 39,5%-lə üçüncü yerdədir. “Mətbəxin zənginliyi” isə respondentlərin 25,1% üçün prioritet məsələ kimi dəyərləndirilib.

   Respondentlərin demək olar ki, hamısı Türkiyə haqqında eşitdiyini (99,8%), təxminən yarısı isə bu ölkəyə səyahət etmək istədiyini qeyd edib (41,1%). Azərbaycan respondentlər tərəfindən nisbətən az tanınan ölkə kimi qeyd edilsə də (94,6%), Türkiyədən sonra səyahət üçün arzu olunan ikinci ölkədir (26,5%). Təhlillər göstərir ki, gender baxımından Azərbaycanı tanıyanların əksəriyyətini (53.6%) qadınlar təşkil edir.

  

   “Eurovision” müsabiqəsi ölkəmizi təbliğ edir

  

   Araşdırmanın nəticələri göstərir ki, Azərbaycan «Eurovision» mahnı müsabiqəsinin Bakıda keçiriləcəyinə görə daha çox tanınır (74,1%). Ötən il təmsilçilərimizin bu müsabiqədə əldə etdikləri qalibiyyət xarici vətəndaşların Azərbaycan haqqında məlumatlılığına böyük təsir edib. Respondentlərin cavabları göstərir ki, Azərbaycan «Eurovision» müsabiqəsindən öncə xarici vətəndaşlar tərəfindən kifayət qədər tanınmırdı. Nəticələrə əsasən demək olar ki, ölkəmizi məşhur edən ikinci amil onun zəngin təbii sərvəti olan neftidir (11,7%). Cavablardan göründüyü kimi, Azərbaycanı qədim paytaxt olan Bakı şəhəri ilə assosiasiya edənlər 10%, “İpək Yolu” ilə assosiasiya edənlər isə 7,3% təşkil edir.

   Respondentlərin 39,5 faizinin fikrincə, Azərbaycan yeni turistlər cəlb etmək üçün tarixi irs yerlərinə səfərlər təşkil etməlidir. Lakin digər bir qrup respondentə görə, Azərbaycanın orijinal səyahət ləzzəti bəxş edən bir ölkə kimi (39%) özünü təşviq etməsi daha məqsədəuyğun olardı. Həmçinin ölkəmizin “macəra” səyahətinə üstünlük verməsini istəyənlər 37,6% təşkil edir. Cəmi 0,2% respondent isə Azərbaycanın viza şərtlərini yüngülləşdirməsinin zəruri olduğunu qeyd edib.

   Təhlillər göstərir ki, “Macəra”, “Digər bir ölkənin orijinal ləzzəti” və “Aktiv asudə tədbirləri” cavabları 30-40 yaş qrupu tərəfindən daha çox dəstəklənir.

   Bundan başqa, “Kütləvi turizm yerləri olmayan yeni yerləri ziyarət etmək” və “Ekoturizm” kimi faktorlar da 30-40 yaş qrupu tərəfindən dəstəklənən faktorlardandır.

  

   Turizm təşkilatları belə araşdırmaların nəticələrini nəzərə almalıdır

  

   Sorğunun nəticələri təsdiq edir ki, respondentlərin səyahətlə bağlı məlumat almaq üçün üz tutduqları əsas mənbə veb-səhifələrdir (53,6%). Verilən cavablar göstərir ki, xaricə səfərə gedənlərin önəmli bir qismi dost və tanışlarının tövsiyələrinə üstünlük verirlər (40,3%). Jurnal (8,6%) və qəzetlər də (8,6%) həmin məqsədlə istifadə olunan informasiya mənbələridir. Araşdırmada televiziya kanalları da çox populyar mənbədir (22-27%).

   Araşdırma nəticələri təsdiq edir ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, turizm üçün əlverişli təbii şəraiti, son dövrlərdə infrastrukturun inkişaf etdirilməsi və eləcə də əhəmiyyətli beynəlxalq tədbirlərin ölkədə təşkil edilməsi səfər edənlərin sayının artmasına gətirib çıxaracaq. Turizm təşkilatları belə araşdırmaların nəticələrini nəzərə almalıdırlar. Ölkənin yeni imicinin formalaşdırılması məqsədilə milli səviyyədə marketinq siyasətinin, həmçinin beynəlxalq arenada Azərbaycan və yeni tur portfellər haqqında məlumatların yayılması və digər konkret marketinq tədbirlərinin həyata keçirilməsi tövsiyə olunur.

 

 

    Fəxriyyə Abdullayeva

 

    Mədəniyyət.- 2012.- 27 aprel.- S. 9.