Ömrün 65-ci baharı

 

    Azərbaycan kinosunun inkişafında özünəməxsus dəst-xətti olan rejissorlardan biri də Ələkbər Muradovdur. Bu günlərdə 65 yaşını qeyd edən rejissor zəngin həyat və sənət yolu keçmiş, milli kino sənətimizə dəyərli töhfələr vermişdir.

   Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə anadan olmuşdur. 1971-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirmişdir. Kinoya olan hədsiz məhəbbət onu bu sahədə də ali təhsil almağa sövq etmiş və o, 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsini uğurla başa vurmuşdur.

   1966-1971-ci illərdə «Neftximfilm» həvəskar kinostudiyasına rəhbərlik edən Ə.Muradovun bu studiyada çəkdiyi «İmtahana üç gün qalıb!» adlı qısametrajlı sənədli filmi respublika və ümumittifaq kino həvəskarları festivalında mükafata layiq görülmüşdür. 1973-cü ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çalışan kinorejissor burada «Qərib cinlər diyarında» (1977), «Mən mahnı qoşuram» (1979), «Qorxma, mən səninləyəm» (1981) bədii filmlərində II operator işləmişdir. O həmçinin «Qaladan tapılan mücrü» (1982, V.Kərimovla birgə), «Zirzəmi» (1990), «Müqəddəs oda yanaram» (1991), «O dünyadan salam» (1992), «Mənim ağ şəhərim» (1993), «Hökm» (1994, R.Əliyevlə birgə) bədii filmlərinin quruluşçu operatorudur.

   Kinorejissor «Anaya məktub», «Gəmiqaya rəsmləri», «Səadət təranələri», «Odlu ürək», «Nəsrəddin Tusi», «Üçüncü növbəti», «Bakı, müharibə illəri», «Təkəlduz», «Armudu», «Qonaq-qaralı ev» və s. sənədli filmlərə ekran həyatı vermişdir. Sənətkarın 2002-ci ildə quruluş verdiyi «Güllələnmə təxirə salınır» bədii filmi milli kinomuzda özünəməxsus yer tutur.

 

 

    Mədəniyyət.- 2012.- 1 avqust.- S. 6.