Hüseynov Zahid İsa oğlu

 

   Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam, Rəssamlıq Akademiyasının “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Zahid İsa oğlu Hüseynov 2012-ci il iyulun 27-də ömrünün 67-ci ilində qəflətən vəfat etmişdir.

   Zahid İsa oğlu Hüseynov 20 mart 1945-ci ildə Gürcüstanın Qaraçöp mahalında anadan olmuşdur. 1970-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını monumental keramika ixtisası üzrə bitirmişdir.

   Z.Hüseynov 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüş, Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir. 1975-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1998-ci ildən isə Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvü idi.

   Ömrünün 42 ilini monumental keramika sənətinin inkişafına və təbliğinə həsr etmiş Zahid Hüseynov mövzu baxımından çoxsaylı maraqlı əsərlər yaratmışdır. Bir çox beynəlxalq, ümumittifaq və respublika sərgilərinin, simpoziumlarının iştirakçısı və qalibi olmuşdur. 1998-ci ildə Tbilisidə keçirilən keramika üzrə I Beynəlxalq simpoziumda rəssamın “Əsrin müqaviləsi” əsəri qızıl medala layiq görülmüşdür. Onun yaratdığı monumental və keramika nümunələri Azərbaycan, Gürcüstan, Rusiya, Latviya, Litva, Türkiyə, Rumıniya, Macarıstan Almaniya, İtaliya və s. ölkələrdə uğurla nümayiş etdirilərək müasirliyi, milli koloriti, aktuallığı ilə seçilir. Zahid Hüseynovun monumental divar rəsmlərini həm ölkəmizdə (Naftalan, Yardımlı, Lənkəran, Astara, Ağcabədi və s.), həm də ölkəmizdən uzaqlarda - Moskva və Çernobılda görmək olar. Doğulduğu torpağın və xalqının vətənpərvər oğlu olan Z.Hüseynovun Gürcüstanda (Qaraçöp) ucaldılmış “Tbilisi, 9 aprel 1989 - Bakı, 20 yanvar 1990-cı il” monumental əsəri hər iki xalqın ümumi dərdini, tarixi faciəsini əks etdirir. Bu əsərə görə o, Gürcüstan Respublikasının ən yüksək dövlət mükafatı ilə təltif edilmişdir.

   Azərbaycan dekorativ-tətbiqi sənət məktəbinin inkişafında özünəməxsus yeri olan Zahid Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan sənətkar uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2000-ci ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.

   Onun yetişdirdiyi tələbələrin əksəriyyəti Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq və respublika sərgilərinin iştirakçısı, bəziləri isə elmlər namizədi, respublikanın xalq və əməkdar rəssamlarıdır. Zahid Hüseynov ölkəmizin mədəni və ictimai həyatında fəal iştirak etmiş, müxtəlif yaradıcı qurumlarda yüksək səviyyədə təmsil olunmuşdur.

   Tanınmış sənətkar, qayğıkeş müəllim və gözəl insan Zahid İsa oğlu Hüseynovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

   Allah rəhmət eləsin.

  

 

   Azərbaycan Rəssamlıq Akademiyasının kollektivi

 

 

  Mədəniyyət.- 2012.- 1 avqust.- S. 15.