O, özünə inanır, tək özünə arxalanırdı

 

   Doğru deyiblər ki, ailə dövlət içində kiçik bir dövlətdir. Seyidovlar-Seyidzadələr ailəsi böyük və tanınmış nəsildir.   

   İndiki Ermənistan ərazisindəki Qəmərli kəndində yaşayan ətriyyatçı Seyid Məhəmməd el içində yaxşı tanınırdı. 1907-ci ildə onun övladları İrəvan şəhərinə köçür. Lakin 1918-ci ildə şəhərdə baş verən qırğın azərbaycanlıların dinc həyatını pozur. Erməni millətçilərinin vəhşiliklərinin həddi-hüdudu yox idi. Bir çox ailələr kimi Seyidzadələr də doğma yurd-yuvalarından qaçqın düşürlər. Onların bir hissəsi Türkiyəyə, digər hissəsi isə Tiflis şəhərinə gedir. Qardaşlardan biri - məşhur Azərbaycan kinorejissoru Hüseyn Seyidzadənin atası, I gildiya taciri Mir Əli xəstələnib dünyasını dəyişir. Onu Qarsda torpağa tapşırırlar. Onun uşaqları - Həsən, Hüseyn və Cəfər (Cəfər 5 yaşında vəfat edib), Zəhra və Həqiqət əmiləri, II gildiya taciri Mir Qasım Seyidovun himayəsində qalır. Mir Qasımın ailəsi də böyük idi. Oğlanları - Mir Məmməd, Mir İbrahim və Bağır 20-ci illərin ortasında ailəliklə Bakıya köçürlər. Burada istər Mir Əlinin, istərsə də Mir Qasımın ailələri işlə təmin edilir, onlar elmlə məşğul olmağa başlayırlar.

   Bu məqalədə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, respublikanın qocaman jurnalistlərindən biri, milli kino sənətinin, mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş ictimai xadim, diplomat, xeyirxah əməllər sahibi Bağır Mir Qasım oğlu Seyidzadə haqqında söhbət açacağıq.

 

   * * *

 

   Bağır Seyidzadə 1912-ci il avqustun 9-da qədim Azərbaycan şəhəri olan İrəvanda doğulmuşdur. Kiçik yaşlarından zəhmətə qatlaşan bu yeniyetmə oğlan 14 yaşı tamam olanda V.İ.Lenin adına Bakı Toxuculuq Fabrikində əmək fəaliyyətinə başlayır. Lakin oxumaq, savadlı insan olmaq fikri gənci bir an da olsun rahat buraxmırdı. Düzdür, ailə Tiflisdə yaşayanda o, ibtidai təhsil almışdı. Amma ali təhsil almaq onun ən böyük arzusu idi. Elə bu həvəslə də Bağır 1926-cı ildə axşam işçi fakültəsində (rabfak) oxuyur, gündüzlər isə fabrikdə işləyirdi. 1926-cı ilin sonunda o, komsomola daxil olur. Yaxşı oxuduğuna görə 1928-ci ildə işçi fakültəsində ona təqaüd verilir və o, işdən azad olunur. 1930-cu ildə Bağır işçi fakültəsini bitirir və bir neçə ay “Kəndli” qəzetində işləyir.

   1930-cu ildə Azərbaycan Sənaye İnstitutuna daxil olur. Burada neft texnologiyası fakültəsində neft emalı sahəsində mühəndis-texnoloq ixtisası üzrə təhsil alır. İnstitutda oxuyarkən 1932-ci ildən eyni zamanda “Gənc işçi” qəzetində tərcüməçi, buraxıcı, şöbə müdiri, məsul katib, redaktor müavini, redaktor işləyir.

   1940-cı ildə Bağır müəllim Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin üzvü, sonra təbliğat və təşviqat üzrə MK katibi və büro üzvü seçilir. 1943-1944-cü illərdə Azərbaycan komsomolu MK-nın ikinci katibi işləyir. Həmin vəzifədə olarkən gənclərin tərbiyəsi ilə bağlı böyük iş aparır.

   Böyük Vətən müharibəsi illərində dəfələrlə döyüş cəbhələrində olur, ədəbiyyat və incəsənət xadimlərinin əsgərlərlə görüşlərini təşkil edir. O, harada işləyirdisə, özünü bacarıqlı və prinsipial işçi, təcrübəli təşkilatçı kimi göstərirdi.

   Uzun illər B.Seyidzadə respublikada rəhbər vəzifələrdə çalışmışdır. Moskvada Ali Diplomatiya Kurslarını bitirdikdən sonra İranda (Cənubi Azərbaycanda), Makuda SSRİ-nin konsulu, sovet hərbi hissəsində komissar işləmiş, 1948-ci ilin mart ayından Təbriz şəhərində SSRİ baş konsulunun vəzifəsini icra etmiş, bu çətin və mürəkkəb işin öhdəsindən bacarıqla gəlmişdir. Cənubi Azərbaycanda milli hökumətin qurulmasında onun böyük xidməti olmuşdur. Təsadüfi deyil ki, Bağır müəllim milli hökumətin ali mükafatı - “21 Azər” medalı ilə təltif edilmişdir.

   1948-ci ilin dekabrında İrandan qayıdır. 1949-cu ilin fevral ayında Bağır Seyidzadə Azərbaycan kinematoqrafiya naziri vəzifəsinə təyin olunur. Bu elə bir dövr idi ki, Sovet İttifaqı müharibənin törətdiyi fəsadları aradan qaldırmaq, bərbad hala düşmüş xalq təsərrüfatını bərpa etməklə məşğul idi. Respublikanın əksər kinoteatrlarında, xüsusilə rayon mərkəzlərində kino baxışlarının keyfiyyəti aşağı idi. Bir çox kənd və rayon kino qurğularında ekran yox idi. Kinomexaniklər çatışmadığına, elektrik enerjisi olmadığına görə, bir sıra kinoqurğular işləmirdi. Kinematoqrafiya Nazirliyi yerlərdə kino şəbəkəsinin işindəki nöqsanları operativ olaraq aradan qaldıra bilmirdi.

   Kinolent qıtlığı bütün ölkədə bədii filmlərin istehsalına imkan vermədiyi üçün Azərbaycanda əsasən sənədli filmlər çəkilirdi. İxtisaslı kadrlar çox az idi. Bədii filmlər üçün ssenarilər demək olar ki, yazılmırdı, yazılanlar da zəif olurdu. 1948-ci il martın 13-də “Sovetskoe iskusstvo” qəzeti (Moskva) Bakı kinostudiyasında istehsal olunan sənədli filmlərin keyfiyyətinin çox aşağı olması barədə “Bakı” kinostudiyasında “yerli” və “ittifaq” filmləri” başlıqlı tənqidi məqalə dərc etmişdi.

   Belə bir vəziyyətdə olan respublikada kino işinə rəhbər təyin olunan B.Seyidzadə əvvəlcədən bu sahəyə yaxından bələdliyi olmasa da, qısa vaxt ərzində nəinki kinematoqrafı öyrənir, problemlərin aradan qaldırılması üçün əlindən gələni əsirgəmirdi.

   Bağır Seyidzadənin kinoda işlədiyi dövrdə iş rejimi belə idi: səhər saat 9.00-dan 18.00-a qədər işdə olmaq, 18.00-dan 21.00-a qədər evdə istirahət, saat 21.00-dan gecə saat 3-ə qədər yenidən işdə olmaq. İş rejimi ağır idi. Amma başqa çarə yox idi. Çünki iş başdan aşırdı, onun öhdəsindən gəlmək lazım idi və o, bu işi həvəslə görürdü.

   O, ilk növbədə əhaliyə kino xidmətini yaxşılaşdırmaq üçün şəhər və rayonlarda, hətta ən ucqar kəndlərdə belə kinolaşdırma işinə diqqəti artırır. Bundan başqa, yeni nazirin üzərinə Bakı kinostudiyasında filmlərin istehsalında yaxşılığa doğru dönüş yaratmaq vəzifəsi də qoyulmuşdu.

   Azərbaycan K(b)P MK Bürosunun 1949-cu il aprelin 16-da keçirilən iclasında “Kinolaşdırmanın vəziyyəti və respublika əhalisinə kino xidmətinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında” məsələ müzakirə edilmiş, MK-nın qərarında kinematoqrafiya naziri B.Seyidzadəyə bir vəzifə olaraq tapşırılmışdı ki, qısa müddətdə mövcud nöqsanları aradan qaldırmaq və respublikada kino işini yaxşılaşdırmaq üçün təcili tədbirlər görsün. Sonrakı illər göstərdi ki, kinematoqrafiya nazirinin səyi və bacarığı öz bəhrəsini verməyə başladı: problemlər qısa müddətdə yoluna qoyuldu, işdə dönüş yaranmağa başladı. Belə ki, təkcə 1949-cu ildə 68 yeni kinoqurğu, o cümlədən 4 şəhər kinoqurğusu, 64 səyyar kinoqurğu istismara verildi.

   Bağır müəllimin nazir olduğu dövrdə Bakı kinostudiyasında “Bakının işıqları” bədii, “Böyük yol”, “Hədiyyə xalçası”, “Quba bağlarında”, “Tərtərçay vadisində”, “Mingəçevir”, “Sovet Naxçıvanı”, “Yeni həyat qurucuları”, “Əməyə eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Abşeronun ocaqları”, “Səhər nəğməsi”, “Sovet Azərbaycanı” (bu film 1951-ci ildə Kannda (Fransa) IV beynəlxalq kinofestivalda elmi-kütləvi və pedaqoji filmlərə görə münsiflər heyətinin xüsusi mükafatını almışdı), “Azərbaycanın müalicə ocaqları”, “Elmlə dostluq şəraitində”, “Arazın sahillərində”, “Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri haqqında dastan” və s. sənədli və elmi-kütləvi filmlər yaradılmışdır.

   “Xəzər neftçiləri haqqında dastan” filmi 1953-cü ilin istehsalı olsa da, onun çəkiliş üçün plana salınması və çəkilişin başlanması Bağır müəllimin nazir olduğu dövrə təsadüf etmişdir. Dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edən 6 hissəli film B.Seyidzadənin gündəlik nəzarəti altında idi. O, təşkilati məsələlərin həllində yaradıcı qrupa əlindən gələn köməkliyi əsirgəmirdi.

   Bu bədii-sənədli film ekranlarda göstəriləndən sonra böyük uğur qazandı. Bundan ruhlanan yaradıcı qrup 1959-cu ildə Azərbaycanın fəhlə sinfinin əmək hünəri haqqında poetik kinohekayə olan “Dənizi fəth edənlər” adlı irihəcmli film yaratdı.

   1960-cı ildə “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” bədii-sənədli filmlərinə görə yaradıcı qrupun bir neçə üzvü Lenin mükafatına (sovet dövründə bu ən yüksək mükafat hesab olunurdu) layiq görülmüşdür.

   Sonradan B.Seyidzadə Azərbaycanın mədəniyyət nazirinin müavini oldu. Bu sahədə də eyni həvəslə, vicdanla işlədi, istedadlı təşkilatçı və bacarıqlı rəhbər işçi olduğunu bir daha göstərdi.

   Hələ tələbə ikən B.Seyidzadə jurnalistikada ilk addımlarını atmağa başlamışdı. Sonralar bu sahə onun həyat amalına çevrildi. İstedadlı jurnalist olaraq o, qısa vaxt ərzində respublikamızda qəzet-nəşriyyat işinin bilicisi kimi tanındı. Mədəniyyət Nazirliyinin Poliqrafiya və nəşriyyat idarəsinə rəhbərlik etdi. Azərbaycan radiosunda işlədi. Ömrünün son illərində Azərbaycan Teleqraf Agentliyində (indiki AzərTAc) sədr müavini vəzifəsində çalışdı, eyni həvəslə jurnalist və tərcüməçilik fəaliyyətini davam etdirdi.

   B.Seyidzadə 1967-ci ildə mədəniyyət sahəsindəki xidmətlərinə görə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. O, yaradıcılığının ən məhsuldar dövründə, 56 yaşında vəfat etmiş və Bakıda Fəxri xiyabanda torpağa tapşırılmışdır.

   Ensiklopedik biliyə malik olan Bağır Seyidzadə gözəl insani keyfiyyətləri, yüksək ziyalılığı, dostluğa sədaqəti ilə hamının dərin hörmətini qazanmışdı. Onu tanıyanlar bu gözəl insanı hörmət və ehtiramla, dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

   Xalq yazıçısı Qılman İlkinin xatirələrindən: “Vaxtilə respublikanın bir çox mədəni müəssisələrində çalışmış, yüksək vəzifələr tutmuş Bağır Seyidzadə, sözün əsl mənasında, gözəgörümlü ziyalılardan olmuşdur. Ziyalılıq qisməti elə bil boynuna biçilmişdi. Təbiət ondan heç bir şeyi əsirgəməmişdi: vüqarlı qaməti, boy-buxun, nurlu sima, iri qara gözlər. Daxili gözəlliyi: böyük qəlbi, nüfuzlu baxışları, həyati durumu onu hamının nəzərində ucaltmışdı. O, bütöv adam idi. Bu söz gərək qəribə görünməsin. Yarımçıq adamlar çoxdur. Bütövlük isə mərdlik əlamətidir...”.

   Əməkdar mədəniyyət işçisi Ənvər Quliyev: “Bir həqiqət danılmaz və şəksizdir: ictimai-siyasi ədəbiyyat tərcüməsi yaradıcılıqdır, zəhmətli, ağır bir işdir. Dəqiq elmlərə çox yaxın olan ictimai-siyasi ədəbiyyat tərcüməsi həvəs, iradə, dözüm, hövsələ tələb edir. Bu mənada Bağır Seyidzadə Azərbaycan Teleqraf Agentliyi üçün əsl tapıntı idi. Tərcümə şöbəsinin müdiri və direktor müavini işlədiyi illərdə Bağır müəllim inzibati məsələləri sahmanlamaqla yanaşı, yeri gələndə nömrəlik materialların tərcüməsində və redaktəsində şövqlə iştirak edər, bizi darda qoymazdı. Onun leksikonunda “bilmirəm”, “bacarmıram” sözləri yox idi, o, “canlı ensiklopediya” idi.

   Əməkdar jurnalist Elmira Əliyeva: “Jurnalistikamızın ağsaqqalı Qulam Məmmədlinin Bağır müəllimin qızı ilə söhbətində etiraf etdiyinə görə, əgər Bağır olmasaydı, onun işləri müşkülə düşə bilərdi. Sən demə, onun məqalələrində hansısa məqam respublikanın o vaxtkı rəhbərliyinin xoşuna gəlməyib, onun yazılarına sərt qadağa qoyulur və təbii ki, gözdən düşənlər siyahısına salınan müəllif faktiki olaraq işsiz qalır. O vaxt Bağır Seyidzadə ona demişdi: “Bilirsən nə var, ürəyinə salma. Gəl, belə edək, sən yaz, mən də onları öz adıma çap etdirib qonorarını sənə verərəm”.

   Bağır müəllim bu sözləri deyib qurtarana qədər onun etibardan düşmüş qələm yoldaşı elə qorxuya düşür ki, boylana-boylana qalır: eşidən olmadı ki... bax, belə insanlar var idi...”

   Çətin, kəşməkəşli, lakin şərəfli bir ömür yaşamış nəcib və xeyirxah insan Bağır Seyidzadənin həyatı doğma Vətəninə və xalqına yüksək xidmət, ələlxüsus gənclərə örnək nümunəsidir. Belə məqamda böyük şairimiz Səməd Vurğunun bu sətirləri bir daha yada düşür:

  

   Ölüm sevinməsin qoy, ömrünü vermir bada

   El qədrini canından daha əziz bilənlər.

   Şirin bir xatirə tək qalacaqdır dünyada

   Sevərək yaşayanlar, sevilərək ölənlər...

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2012.- 8 avqust.- S. 10.