Qədim Gəncənin müasir musiqi mənzərəsi

 

   Azərbaycanın qədim mədəniyyət paytaxtlarından sayılan əzəmətli Gəncə şəhəri hər zaman özünəməxsus sənət mühiti, kübar və zövqlü tamaşaçı-dinləyici auditoriyası, milli köklərə bağlı mədəni tərəqqisi ilə seçilib. Teatr, musiqi, şeir, sənət ocağı kimi tanınan şəhərin bugünkü mədəni mənzərəsi də zəngin və çoxşaxəlidir.   

   İncəsənətin ən müxtəlif istiqamətlərinin inkişaf etdiyi Gəncədə dolğun musiqi mühiti də formalaşıb. Azərbaycan musiqi səhnəsinə əvəzsiz sənətkarlar, musiqiçilər nəsli verən şəhərin hazırkı sənət qayğıları barədə danışmaq maraqlı olardı.

   Elə biz də bu məqsədlə şəhərin musiqi beşiyi sayılan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti, gözəl ifaçı Şahnaz Haşımovanın bələdçiliyi ilə şəhərin musiqi dünyasına qiyabi səfər etdik. Filarmoniyaya 1997-ci ildən rəhbərlik edən sənətkar ümumilikdə şəhərin mədəni həyatını gözəl bilir. Ən azı ona görə ki, o, ömrünün 40 ilini musiqiyə bağlayıb.

   Həmsöhbətim hazırda ölkə başçısının göstərişi ilə əsaslı şəkildə yenidən qurulan musiqi ocağı və onun tərkibində fəaliyyət göstərən kollektivlərin işinə qısa nəzər salmaqla sözə başladı:

   - Şəhərimizin dinləyici-tamaşaçı kütləsinin əsas mədəni qida qaynaqlarından biri məhz Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasıdır. Musiqi ocağı bu statusunu yarandığı gündən qoruyub saxlaya bilib. Filarmoniya Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 27 avqust 1990-cı il tarixli qərarı ilə yaradılsa da, şəhərdə musiqi kollektivlərinin zəngin fəaliyyət tarixi var. Bu yaradıcılıq yolu ilk növbədə Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının adı ilə bağlıdır. 1969-cu ildə yaradılan kollektivə 1977-ci ildə dövlət ansamblı statusu verilib. Hazırda 55 nəfərlik heyəti olan “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı dəfələrlə respublika və xarici ölkələrdə təşkil olunan müxtəlif musiqi bayramlarında, TÜRKSOY-un təşkil etdiyi Novruz şənliklərində ölkəmizi layiqincə təmsil edib. Məhz bu ansamblın bazası əsasında Gəncə Dövlət Filarmoniyası yaranıb.

   Filarmoniyanın nəzdində fəaliyyət göstərən digər kollektiv Xalq Çalğı Alətləri Orkestridir. 43 nəfərdən ibarət heyəti olan orkestr tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində müvəffəqiyyətlə çıxış edərək gəncəli musiqisevərlərin ruhunu təzələyir. Musiqi ocağının nəzdində klassik musiqi ənənələrini təbliğ edən Gəncə Dövlət Kamera Orkestri də fəaliyyət göstərir.

   Repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, xarici ölkə bəstəkarlarının əsərlərinə də yer verən kollektiv klassik musiqi ənənələrinə xidmət etməkdədir. Filarmoniyanın daha bir heyəti isə ictimai əsaslarla fəaliyyət göstərən “Gülşən” rəqs ansamblıdır.

   - Müxtəlif zövqlü tamaşaçıya xidmət edən bu kollektivlərin repertuarı barədə nə demək olar?

   - Biz hər zaman tamaşaçılarımızın yüksək musiqi zövqünə arxalanır, konsert proqramlarımızı da bu məramla hazırlayırıq. Ona görə də repertuarımız çox zəngin və rəngarəngdir. Klassik əsərlər, Azərbaycanın xalq mahnıları, muğamlarımız, milli rəqs nümunələrimiz gözəl bir çələng şəklində tamaşaçılara təqdim olunur. Xalq Çalğı Alətləri Orkestrinin repertuarında Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Süleyman Ələsgərov, Ramiz Mirişli, Cövdət Hacıyev və başqa bəstəkarların əsərləri daim yer tutur. Dövlət Kamera Orkestri Azərbaycan və xarici ölkə bəstəkarlarının məşhur əsərlərindən ibarət maraqlı konsert proqramları hazırlayır. Şəhərimizdə bir mədəni-kütləvi tədbir, bayram mərasimi olmaz ki, biz orada çıxış etməyək. Ona görə də binamızın təmirdə olmasına baxmayaraq daim tamaşaçılarla ünsiyyətdəyik.

   - Bu gün regionların mədəni mənzərəsi, orada yaşayan insanların mənəvi-estetik zövqünün formalaşması üçün bu tip mədəniyyət müəssisələrinin üzərinə böyük vəzifə düşür. Bu barədə sizin münasibətinizi bilmək maraqlı olardı.

   - Gəncə Dövlət Filarmoniyası gəncəlilərin və Gəncə ətrafı regionların mənəvi qida yeridir. Təsadüfi deyil ki, bizim kollektiv bu böyük şəhər və ətraf rayonların musiqi tarazlığını yaradır. Filarmoniya gəncəlilərin sevimli məkanı, mənəvi qida yeridir. Azərbaycan ifaçılıq sənətində 40 ilə yaxın əmək fəaliyyətimi göz önünə gətirərək deyə bilərəm ki, Gəncədə yaşayan insanların zövqü, musiqiyə, incəsənətə münasibəti çox yüksəkdir. Elə ona görə də bizim əməyimiz daim yüksək qiymətləndirilir. Bu gün klassik musiqiyə marağın azaldığı, bu musiqinin məxsusi tamaşaçı auditoriyasına hesablanması barədə səslənən fikirlərə rəğmən deyə bilərəm ki, gəncəlilər ən mürəkkəb musiqi əsərlərini, klassik sənət nümunələrini də böyük maraqla dinləyirlər, belə konsertlərə çox böyük həvəslə gəlirlər.

   - Filarmoniyanın kollektivlərinin uğurları, xarici ölkələrdəki çıxışları barədə nə deyə bilərsiniz?

   - Bizim kollektivlər Azərbaycan musiqisini, onun gözəl və özəl cəhətlərini dünyanın müxtəlif qütblərinə daşımaqla, tamaşaçı alqışı qazanıblar. 2001-ci ildə Norveç Krallığında möhtəşəm konsertlər vermişik. Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Rafael Bayramovun rəhbərliyi ilə ifaçılarımızın hər bir ölkədə çıxışları rəğbətlə qarşılanır. Macarıstanda, İordaniyada maraqlı proqramlarla çıxış etmişik. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan bu səfərlərdən xoş təəssüratlarla qayıtmışıq. Sentyabrda Türkmənistana səfərimiz olacaq. Kollektiv hazırda bu qastrol səfəri ilə bağlı qızğın məşqlər edir.

   - Qarşıdakı günlərdə Gəncə böyük Nizaminin 870 illik yubiley tədbirləri ilə də diqqət mərkəzində olacaq. Bununla bağlı yəqin sizin də layihələriniz var?

   - Təbii ki, dahi şairin yubileyi ilə bağlı dünyanın diqqəti bizim gözəl şəhərimizə yönələcək. Nəinki yaradıcı kollektivlər, hətta adi sakinlər də bu böyük tədbirlərə canla-başla hazırlaşırlar. İnşallah, oktyabr ayında «Nizami Gəncəvi - 870» adı altında silsilə tədbirlər olacaq. İnanıram ki, bu tədbirlər çox uğurla həyata keçiriləcək.

   - Filarmoniyanın musiqi kollektivlərində gənc solist və ifaçılara nə dərəcədə yer ayrılır?

   - Filarmoniyaya gənclərin çox böyük marağı var. Onlar bu gün muğamlarımıza, klassik musiqilərimizə çox böyük sevgi ilə yanaşırlar. Burada istedadı, yüksək zövqü və təbii ki, professionallığı olan hər kəsə özünü realizə imkanı verilir.

   - Filarmoniya üçün yeni, müasir bina inşa olunur. Yəqin yeni şəraitdə yeni fəaliyyət planları da var...

   - Gözəl şəhərimizə daha bir əzəmətli musiqi ocağı, tikili bəxş etdiyinə, buna xüsusi diqqət göstərdiyinə görə musiqiçilər adından ölkə rəhbərinə dərin təşəkkürümü bildirirəm. Təbii ki, hər kəs kimi biz yeni binada yeni layihələri yeni konsertləri həyəcanla gözləyirik.

   - Son olaraq Gəncənin mədəni mənzərəsi musiqi dünyası barədə demək olar?

   - Gəncənin mədəni mənzərəsi musiqi dünyası bu gün çox böyük sürətlə inkişaf edir. Şəhər qədim əzəmət möhtəşəmliyində, yeni inkişaf yolundadır. təbii ki, biz yaradıcı insanlar olaraq, bu dinamik inkişafda öz sözümüzü deməyə çalışırıq.

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 10 avqust.- S. 7.