Turizm imkanlı bölgələrimiz: Xızı

 

   Yayda istirahətdən danışanda ilk ağıla gələn məkanlardan biri paytaxtın 70 kilometrliyində yerləşən Xızı rayonu olur. Xızı deyiləndə qırmızı rəngli dağlar, sıx meşəliklər, dağ havası, qırmızı lalələr yada düşür. Bir də ki gözəl mənzərəli Altıağac...

   Quba-Xaçmaz turizm zonasında yerləşən və əsas hissəsi meşə ilə əhatəli olan rayonun şərq tərəfi Xəzər sahilidir. Azərbaycanın dağ rayonları içərisində paytaxta ən yaxın olanı Xızıdır. İqlimi mülayim, havası qurudur. Böyük Qafqaz silsiləsinin dağətəyi cənub yamacından Samur-Dəvəçi ovalığına kimi uzanan çoxtəpəli yaylada yerləşir.

  

   Tarixi bölgə

  

   Bir çox tarixi mənbələr, o cümlədən ərəb müəllifləri Xızıda yaşayanları ”Əhli Xizon”, yəni Xızı əhalisi kimi qələmə verirdilər. Orta əsr tarixçiləri bu ərazini həmçinin Bərmək mahalı, yerli əhalini isə bərməklilər adlandırırdılar. Tarixi mənbələr içərisində Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərinin adını xüsusilə qeyd etmək lazımdır. Əsərdə Quba xanlığının Xızı-Bərmək mahalı haqqında dəyərli məlumatlar verilir. Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə Aran dövləti (Bərdə) ilə Xızonşahlıq (Xızı şahlığı) arasında bağlanan müqavilədən bəhs olunur. Ərəblərin Xızonşahlığa gəlməsi haqda maraqlı materiallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasında rast gəlmək olur.

   Xızı adının mənşəyində yerli əhalinin xarakterik xüsusiyyəti əksini tapıb. Sözün lüğəti mənası “tez oyanan”, “zirək”, “cəld” deməkdir.

  

   Maraqlı təbiət hadisələri

  

   Rayona gedən yolda, Bakı-Quba yolundan 10 km aralıda maraqlı bir təbiət hadisəsini müşahidə etmək olar: müxtəlif geoloji süxurlar təpəliklərin səthində özünəməxsus rəngi ilə seçilən landşaft yaradır. Azərbaycanın digər bölgələrində belə oxşar geoloji hadisəyə rast gəlinmir. Giləzi qəsəbəsindən Xızıya gedən yol boyunca qızılı rəngə çalan dağ silsiləsi var. Rayon ərazisində elə dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı dağların, sayı - hesabı olmayan Xızı bulaqlarının gözəlliyi insanı valeh edir.

   Rayonun ərazisi dağlıq və dağətəyi zonaya bölünür. Dağlıq zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar (İkiqardaş) dağıdır. Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd var. Xızı respublikanın şimal istiqamətində turizm marşrutunun birinci dayanacağıdır.

  

   Altıağac - turizm üçün əlverişli məkan

  

   Rayonun Altıağac qəsəbəsinin ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə həftəsonu istirahət üçün ideal yerdir. Burada ekoloji turizmin inkişafı üçün də imkanlar var. Yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava almaq üçün gəlir.

   Ölkənin tanınmış turizm məkanlarından olan Altıağac rayon mərkəzindən 12-14 km aralıdadır. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. Altıağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da buradan keçirdi.

   Ağac vaxtilə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülüb. “Altıağac” (6 ağac) sözünün də bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 45-50 km-ə bərabərdir.

   Altıağac Milli Parkı Xızı və qonşu Siyəzən rayonunun ərazisində yerləşir. Parkın ən yüksək zirvəsində Soyuqbulaq adlı yer var. Suyu buz kimi soyuq olan bulaqların olduğu bu məkan meşəlik ərazidədir. Burada çadır qurub gecələmək mümkündür. Əraziyə gələnlərin parkın da müxtəlif növ heyvanları seyr etmək şansı da var. Bir sözlə, təbiətdən zövq almaq, dincəlmək üçün gözəl yerdir.

  

   Turistlər kənd evlərində qalmağa üstünlük verirlər

  

   Bölgədə gecələmək üçün kirayə verilən çoxsaylı evlərdən istifadə etmək olar. Piyada turizm həvəskarları buradan Şamaxıya və Mərəzəyə turist səfərləri də edə bilərlər. Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sənan Talıbov deyir ki, turistlər əsasən yay aylarında bölgəyə maraq göstərirlər. Bölgədə ekoloji turizm inkişaf edib. “Cənnət bağı” istirahət mərkəzində 44 yerlik 3 ulduzlu hotel fəaliyyət göstərir. Bir çox turistlər kənd evlərində qalmağa üstünlük verirlər. Mənzillərin bir günlük kirayə qiyməti 20-30 manat arasında dəyişir.

   Rəsmi rəqəmlərə görə, bu ilin altı ayında Xızıya 6 min 914 turist gəlib. Şöbə müdiri deyir ki, əslində onların sayı daha çoxdur. Əksəriyyəti kənd evlərində qaldığından dəqiq statistika aparmaq mümkün deyil: “Rəsmi rəqəmlərdən əlavə bölgəyə daha 3 min turistin gəldiyini təxmin edirik”. S.Talıbovun sözlərinə görə, turistlər rayon ərazisindəki tarix və mədəniyyət abidələrinə də böyük maraq göstərirlər.

   Rayon mərkəzindən 4 km aralıda yerləşən Xələnc kəndində XV əsrə aid edilən ziyarətgah var. Qədim qəbiristanlıq ərazisindəki bu ziyarətgaha “Ağ pir” deyirlər. Yaxınlıqda XIX əsrə aid “Ağ dəyirman” Xızının yerli əhəmiyyətli tarixi abidələri siyahısındadır. Ağdərə kəndində Xəlifə Süleyman piri yerləşir. Altıağac qəsəbəsində XVII-XVIII əsrə aid kilsə zəngi, Xələnc kəndində Ətəh çayının sahilində XIX əsrə aid dəyirman turistlər üçün maraqlı məkanlardır.

   Xızı ədəbiyyatımızın tanınmış simalarından Cəfər Cabbarlının, Mikayıl Müşfiqin vətənidir. Arzulayanlar Mikayıl Müşfiqin xatirə muzeyi, Cəfər Cabbarlının ev-muzeyi, habelə rayonun tarix-diyarşünaslıq muzeyi ilə də tanış ola bilərlər.

 

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2012.- 15 avqust.- S. 7.