Sənəti yaşadanlar

 

   Dəriçilik sənəti Azərbaycanda qədim tarixə malikdir. Hələ daş dövründə, ovçuluğun ilk mərhələlərində dəriçilik özünün ibtidai inkişafına qədəm qoymuşdu. Zaman keçdikcə gön-dəri məmulatları da həyatın, məişət və təsərrüfatın bütün sahələrinə nüfuz etməyə başlamışdır.

   Orta əsrlərdə dəriçilik xüsusi peşə sahəsinə çevrilmişdir. Bəsit xalq üsullarından başlayaraq peşəkar sənətkarlığa qədər inkişaf mərhələləri keçən bu sahə mədəni irsimizin bir hissəsi kimi bu gün də yaşadılır, sənətkarlarımız ölkəmizi müxtəlif sərgi və festivallarda layiqincə təmsil edirlər.

   Avqustun 2-dən 5-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində keçirilən türkdilli ölkələrin dəriçilik sənəti festivalı da belə tədbirlərdən biri idi. TÜRKSOY-un təşkil etdiyi festivalda Azərbaycanın dəri sənəti ustalarının əl işləri də maraqla qarşılanıb.

   Festivalda iştirak etmiş Nahid Vahabov təəssüratını bizimlə bölüşdü: “Türk dünyasında dəriçilik” adı altında keçirilən festivalda səkkiz ölkədən sənətkarlar iştirak edirdilər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanı bu tədbirdə dörd sənətkar təmsil edirdi: Pərvanə Eyyubova, Rəşad Əliyev, Babil Məmmədov və mən. Babil Məmmədov respublikamızda tanınmış yəhər ustalarından biridir. Pərvanə xanım dəri məmulatlarından qobelen nümunələri yaradır. Mən festivalda balıqqulağı, taxta və dərinin sintezindən yaranan əl işlərimi nümayiş etdirdim. 20 ilə yaxındır bu sahədə çalışıram. Əsas məşğuliyyətim ağac üzərində oyma olsa da, son zamanlar dəriçiliklə də məşğulam. Festivala təqdim etdiyimiz işlər böyük maraqla qarşılandı. Dəridən hazırlanan milli ornamentlə bəzədilən çantalar, yəhərlər və suvenirlər sərgiyə gələnlərdə böyük maraq yaradırdı. Tədbir yüksək səviyyədə təşkil edilmişdi. Açılışda iştirak edən Tatarıstan Prezidenti Rüstam Minnixanov festival iştirakçılarının əl işləri ilə tanış oldu. Tədbir çərçivəsində keçirilən simpoziumlarda dəri məmulatlarının işlənməsi texnikası ilə bağlı məsələlər müzakirə edildi, usta və araşdırmaçılar arasında təcrübə mübadiləsi aparıldı. Qeyd edim ki, indiyədək belə festivallar Qazaxıstan, Türkiyə, Türkmənistanda da keçirilib. Lakin Tatarıstanda gerçəkləşən tədbir daha böyük miqyası ilə yadda qaldı”.

   Respublikamızda dəriçiliyin hazırkı vəziyyəti barədə danışam bu sənətin daha çox musiqi alətləri sahəsində təşəkkül tapdığını deyir: “Bu gün dəri ilə işləyən sənətkarlar elə də çox deyil. Əsasən nağara, qoşa nağara və dəf kimi alətlərin hazırlanması ilə məşğul olanlar. Yəhər ustalarımızın da gözəl əl işləri var. Bu sənətkarlara bölgələrdə rast gəlmək mümkündür. Sənətin zəif inkişafına səbəb tələbatın azlığından irəli gəlir. Məsələn, festivalda birinci yeri qazanan Qırğızıstanda, habelə Özbəkistan və Qazaxıstanda da sahəyə tələbat hiss olunur. Onlar geyimlərində də milli ornamentlərlə işlənmiş dəri məmulatlarından istifadə edirlər. Bizdə təmiz dərini tapıb əldə etmək baha başa gəldiyindən, tələbat az olduğundan bu sahəyə maraq da azalıb. Amma yenə də sənət yaşayır və çalışırıq ki, bu sahədə müxtəlif festival və sərgilərdə ölkəmizi layiqincə təmsil edək”.

   Nadir Vahabov sentyabrda Türkmənistanda keçiriləcək sərgiyə hazırlaşdığını bildirdi. Sənətkarın digər səfəri isə İspaniyada keçiriləcək sərgi ilə bağlı olacaq.

  

 

   Lalə Azəri

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 11.