Aləmlər -

 

   Müslüm dünyası və dünya Müslümü...

  

   Elə mahnılar, ariyalar var ki, Müslüm onları bəlkə yüz kərə oxuyub (hələ “Azərbaycan”ını demirəm!), ancaq hər dəfə yeni kimi dinlənilib, təzə kimi eşidilib. Amma eşitdiyimə görə, onun haqqında yazanlar hər növbəti materiala qol qoyarkən dəfələrlə əl saxlamalı, təkrar-təkrar götür-qoy etməli olurlar: “görəsən, təkrarçılıq kimi çıxmaz ki?..”

   Elə mən də bir ay öncə bu qəzetdə dərc olunmuş yazımdakı notlardan qaça bilməyəcəyimi etiraf edirəm (əlbəttə, yeni baxış, təzə yanaşma, fakt və xatirə-sitatlarla bahəm).

   O yazıda demişdim ki, qeyri-adilik ondursa, doqquzu Müslümlükdür. Maqomayev ağzını açanadək də bir fizio-polifonik lad, dad duyulur...

   Bəli, Müslüm hər dəfə SƏSləndikcə, Müslümü hər dəfə səsləndirdikcə, o yenidən doğulur. Müslüm elə bir nəhəng məhəbbətdir ki, onu birdəfəyə sevib qurtarmaq, sinirib-sonlamaq, doyub-çəkilmək olmur. Müslüm sağlığında sevgi sellərindən qurtula bilmirdi. Tamaşa zallarında, konsert salonlarında nizə nəzərlər, alqış baxışlar bolluğundan özünü ələ almağa çətinlik çəkirdi. Foyelərdə, vestibüllərdə, səhnə arxalarında (hətta sevgi atəşləri qorxusundan az-az çıxdığı küçələrdə, dükan-bazarlarda) adamlar onun başına fırfıra kimi fırlanırdılar. Bu böyük həqiqətlərə balaca bir mübaliğə-əlavə: Yer kürəsinin bəşər Dünyası qisminin çoxu Müslüm Maqomayev oxu ətrafında fırlanırdı...

  

   Ancaq o özü...

  

   Amma o özü necə də sadə idi, saya idi! O, neçə illər necə sənətkarlıq kumiri idisə, bənzərsiz təvazökarlıq fenomeni olaraq da qaldı. Onun sir-sifətində bir gilə də sirr olmadı, bircə eyhamlıq, bircə anlıq “mən!” görünmədi; daim məni, səni, onu bəyanladı, bizi, sizi, onları sayınlayıb-yayınladı. Dünyanın bütün ölkələrinə eyni gözlə baxdı, bütün könüllərə eyni səs-səda ilə axdı, bütün salonlara eyni sənət şimşəkləri çaxdı. Ağzından püskürülən alov-ordu ilə bütün dünyanı fəth edib, sənət fatehinə çevrildi. “Müstəmləkə”lərindən birinin başçısını (Vladimir Putini) isə belə bir “bac-xərac”a vadar etdi: “Bilmirəm, Maqomayev Azərbaycana daha yaxındır, yoxsa Rusiyaya?..

   Nəhəng bir ölkənin başçısını belə bir dilemma-sual qarşısında qoymaq hər oğulun işi deyil. Hələ o ölkənin qızlarını, qadınlarını demirəm! Niyə deyim ki, - onların bizim bu yar-yaraşıqlı nəğməkarımızı şəriksiz özəlləşdirdiklərini nəinki həmyerliləri, hətta onu onlara qısqanan bütün dünya xanımları da bilir...

   O təkcə camal aşiqlərini, sənətsevərləri deyil, siyasət-rəyasətyürüdücüləri də məftun etmişdi. Buna dair başqa sitatlar gətirmək mümkün olsa da, ən maraqlısı yenə bu: “Bilmirəm, Maqomayev Azərbaycana daha yaxındır, yoxsa Rusiyaya?..Bunlar diləgələn, ələgələn suallar idi - onun sağlığında. Bəs xəyalagələn suallar? Əlbəttə, onun “yoxluğunda”. Məsələn, görəsən, bütün bu dünyanın da vahid başçısı olsaydı və ondan soruşulsaydı ki: “bu saat Maqomayev daha çox bu dünyada hiss olunur, yoxsa o dünyada” - nə deyərdi? Məncə, o, işarə edərdi ki, bu cümlənin vergülü yerində nida işarəsi qoyub, məsələni xətm etməli. Yəni, Müslüm daha çox bu dünyada hiss olunur!

   Müslüm haqda nəqd deyilmişlərin hamısı çox maraqlı olub. Hər bir fikir - sözün müsbət mənasında - təmtəraqlı səslənib. Nəinki sözün, hətta hərfin. Məsələn, 1972-ci ilin yayında Moskvadakı ictimai (sözsüz ki, həm də siyasi) mahiyyətli bir tədbirə qoşulmaq istəyən dostlarımdan biri keçilməz milis-mühafizə səddi ilə qarşılaşır, nə qədər xahiş-minnət (hətta, bir xaxol mayora məlum Azərbaycan termini ilə “hörmət”) etmək istəsə də, buraxmırlar. Lakin bir azdan həmin mayorun dabanlarını bir-birinə çırpıb, “çest” verib, “kardon”u yardıraraq bir nəfəri hörmət-izzətlə içəri dəvət etdiyini görən dostumuz, özünü bilməməzliyə qoyuban “bəs onu niyə buraxdınız?!” söylər-söyləməz, mayor əntiq bir məntiqlə səslənir: “On je Muslim Mahamayev!..

   O zaman Maqomayevin - artıq məşhuri-cahan “Fiqaro tam, Fiqaro tut!”un vur-tut 30 yaşı vardı... Yox, bu tərz informasiya - bu üslubi-tanıq adama qanıq vermədiyindən (qəndsiz çay kimi çıxdığından), belə də demək istəyirəm: o vaxt bizim Müslümün biz müslim-müsəlmanlarçün cəmi otuz yaşı vardı, Xristos-xristianlarçünsə, qafiyəpərdazlıq çıxmasın, “tuz” yaşı...

   Daha nəyi, nələri vardı? Bənzərsiz surət-sifətlərə malik bu təkrarsız SƏS sahibi bəzən adamı yaman çaşdırır, qələmə “yalan-filan” yazdırır. Necə ki, indi “nəyi yoxdu ki” əvəzinə, “nəyi vardı” yazdım. Amma neynək, “yanlış da bir naxışdır” məsələsi.

  

   Yəni belə ki...

  

   Müslüm Maqomayev fenomeninə “hər gözəlin bir eybi” məsəlindən də yanaşmaq qərarındayam. Bu yeganə “eyib” isə ibarət olsun bundan ki, kökəncə “xançal çıxdı - qan çıxdı”standan, əkən-doğanca “Bir cənub şəhərində”n olan bu oğlan ömrü boyu nə kiməsə bir sillə vurub, nə də kimdənsə bir acı “billə” yeyib. Müsahibələrinin birində (“Sobesednik”, ¹24, 1997) də deyib: “Balacalıq vaxtlarımı xatırlayır və düşünürəm; o uşaqlıqdan mənə nə qalıb - hansı ki, hərdən babamın skripkasının kamanını başım üzərində ən gözəl, ən kəsərli qılınc kimi yellədə-yellədə - Bakı küçələrilə qaçardım. Mənim qaçaq-qoçaqlığım belə şeylərdən ibarət olub və nəinki o illərdə, heç sonralar da heç vaxt, heç kimlə savaşmamışam. Mən, ümumiyyətlə, təsəvvür də edə bilmirəm ki, canlı insanı necə vurmaq olar...”

   Deyirəm, bəlkə bu fiziki-mənəvi gözəlliklər mücəssəməsinin bütün gənclik, ahıllıq, qocalıq-ucalıq özəlliklərinin bir damarı da elə bu “eyib”i ilə bağlıdır?

   Amma bir... işə baxın ki, o, səhnədə, ekranda, dükanda-bazarda tamam başqa ampluada - vurub-yıxan igid qamətində, cigit qiyafəsində görünürdü! “Göydə quşlar qanad saxladı” deyiminin əsasən səslə, avazla əlaqədar işləndiyini bilirik. Həmin quşların incə, belə demək mümkünsə, lirik növlərə aid olduğu da hamıya bəlli. Amma mənə elə gəlir ki, Müslüm ərazi-arenalı, Müslüm səs-sədalı göylərdə qanad saxlayasıların çoxusu qartallar, şahinlər, qızılquşlar olardı. Onun melodik vokal tonalları öz yerində, baritonunun “tonnaj”ı adamın qulağının çəkic-zindanında elə əks-sədalanır, elə “sıra dağlar, gen dərələr”lənir, “ürək açan mənzərələr”ləşir ki, sənin xəyalının “hanki səmtə, hanki yana” uçmağından xəbərin olmur. Buna qədər bildiyin bilgiləri, estafet-trafaretləri, əzbərlədiyin misraları “yeni redaksiyada” görürsən. Baritonunda “Qol çırmayıb, sən tarlaya çıxanda”nı “Gur-gurlayıb, sən səhnəyə çıxanda!” kimi nəzirələrə, melo-“bas”ında “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın”ı “Susma ki, yarıoyaqlar da tamam ayılsın” kimi iqtibaslara varırsan. Bəzən də adamı elə məqama çatdırır ki, sənət şərtiliyi ilə həyat həqiqətlərini qat-qarış salırsan. Deyirsən, yəni doğrudanmı bu sənətkarın bütün canı-qanı ilə yaratdığı, səsləndirib dip-diri təqdim etdiyi bu sözlər haçansa, kiminsə cansız qələmilə yazılıb? Yəni doğrudanmı Şeyx Nizami “Başqa bir yarı necə axtarım, ey nazlı nigar?” misrasını bu qədər təlatümlü, bu sayaq ildırımmisal yazıb?! Və yaxud onu “Fiqaronun toyu”nda seyr edərkən məndə yaranmış bir kataklizm: fikir məni götürmüşdü ki, rejissor (və libretto) traktovkasına görə, hərəsi öz ifa mizan-təmrinilə məşğul olan ətrafdakı aktyorlar onun bu an dünyanı lərzəyə gətirən ariyasına necə laqeyd qala bilirlər, axı?!

   Vaxtilə Müslüm Maqomayev fenomeni, Müslüm Maqomayev sehr-sirrilə bağlı çox suallar mənimçün bağlı olaraq qalırdı. Lakin onun haqqında yazıları oxuduqca, onu hədsiz sevənlərin, ona çox yaxınların xatirələrilə tanış olduqca çox şeylər açılıb-aşkarlandı.

   Ulu öndər Heydər Əliyevin sənətkarın 60 illiyi münasibətilə təbrik məktubundan: “Sizin yaradıcılığınız tariximizin bütöv bir dövrünün rəmzi olaraq, bütün dünyada milyonlarla insanın rəğbət və məhəbbətini qazanmış, bəşər mədəniyyətində hadisəyə çevrilmişdir. Nadir səsiniz, məftunedici səhnə istedadınız, yüksək musiqi mədəniyyətiniz Sizə ifaçılıq sənətinin klassik opera və estrada sahələrində təkrarsız incilər yaratmaq imkanı vermişdir”.

   SSRİ Xalq artisti İosif Kobzon: “Ən parlaq istedad adamları haqda fikirləşərkən, Müslüm Maqomayev xatirimə gələn ilklərdəndir”.

   Böyük bəstəkar, SSRİ Xalq artisti Nikita Boqoslovski: “Mən Müslüm Maqomayevlə tanış olduğum gün iki-üç dəqiqə ərzində ona çox sözlər dedim. İyirmi ildən sonra isə düz iki saat birlikdə olarkən, çox təəssüf ki, gözlərində, sir-sifətində elə bir rüsxət ifadəsi yaratmadı ki, bunu da söyləyəm: xəbəriniz varmı ki, Siz 20 ildir SSRİ-nin bir nömrəli müğənnisisiniz!”

   Daha neçə-neçə nəhənglərin bu qeyri-adi nəhəng haqda sözləri!..

   Görürükmü, Müslüm SƏSi Müslüm haqda deyilən SÖZləri də necə gözəlləşdirir, aktivləşdirir, obyektivləşdirir! Bəndəniz isə onun haqqındakı bu yubiley yazısını qəribə bir “subyektiv”lə bitirmək “qətnamə”sindədir: yaxşı ki, Müslüm bəzi “supermen esradnik”lər kimi, od-yalo oğlanların yaxasökdüsünə, qızğın qızların tumantökdüsünə “işləyənlər”dən olmadı. Yoxsa o da mənim və (deyəsən) çoxlarımızın göz zivəmizdən, söz zirvəmizdən, sevgi ərşimizdən, böyük, ağıryana mədəniyyət gürşümüzdən düşərdi. Onun kimi təkrarsız ciddi sənətkar yalnız ciddi sevgilərə layiqdir...  

 

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 17 avqust.- S. 12.