Amerika təəssüratı

 

   “Benjamin Franklin Translantic Fellowship” proqramında ölkəmizin təmsilçiləri iştirak ediblər

  

   Azərbaycan 2006-cı ildən etibarən ABŞ-ın “Benjamin Franklin Translantic Fellowship” proqramına qatılıb. Proqramın məqsədi Avropa Şurası ölkələrindən məktəbliləri - 15-18 yaşlı yeniyetmələri ABŞ-a dəvət edərək bu dövlətin mədəniyyəti, təhsili ilə tanış etmək, Birləşmiş Ştatların qurucularından olan Benjamin Franklinin həyatnı, dövlətçilik irsini təbliğ etməkdir.

Ölkəmizdən proqramda iştirak etmək istəyənlər ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən təşkil edilən iki mərhələdən ibarət müsahibədən keçməli olublar. Birinci mərhələdə proqrama qatılmaq istəyənlər fikir məqsədləri haqqında ingilis dilində inşaları səfirliyinə təqdim ediblər. Bu mərhələdən qalib çıxanlar üçün ikinci mərhələdə ABŞ səfirliyinin nümayəndələri ilə canlı müsahibə təşkil edilib.

   Bu dəfə ölkəmizdən “Benjamin Franklin Translantic Fellowship” proqramına 100-dən çox yeniyetmə qatılmışdı. Onlardan iki nəfər - Bakı şəhərindən Fatimə Kərimli Kürdəmir rayonundan Həmidə Talıbova hər iki mərhələni müvəffəqiyyətlə keçərək Benjamin Franklin təqaüdü ilə ABŞ-da təhsil kursu keçmək imkanı əldə ediblər. Ümumilikdə, bu il Avropa Şurasının 44 ölkəsindən 68 yeniyetmə proqramın iştirakçısı adını qazanıb.

   Həmidə Talıbova Kürdəmir rayon MKS-nin nəzdində fəaliyyət göstərən Amerika Mərkəzinin fəal istifadəçisidir. Səfərdən qayıtdıqdan sonra onun təəssüratlarını öyrəndik.

   Benjamin Franklin təqaüdçülərinin ABŞ-ın Winston Salem şəhərində qarşılanma mərasimindən sonra Amerika ilə ilk tanışlıq dini məkanlardan başlayıb. İştirakçıların Amerika məscidini ziyarət etməsi zəngin təəssüratla yadda qalıb.

   Məscidin divarında müsəlman ölkələrinin yer aldığıİslam dünyasıadlı xəritə asılıb. Sonra təqaüdçülər Wake Forest Universitetinin yataqxanasına yerləşiblər.

   Bir ay ərzində dərslər səhər saat 9-dan 17-dək davam edib. Konstitusiya, siyasət s. mövzularda dərslərdə mövzuya dair sənədli filmlər nümayiş olunub, muzeylərə, başqa maraqlı yerlərə gəzintilər təşkil edilib.

   Benjamin Franklin təqaüdçüləri bir ay ərzində paytaxt Winston Salem, Filadelfiya, Vaşinqton şəhərlərində, evdə, Kapitol binasında olmuş, senator Ricard Barrla görüşmüş, müxtəlif konfranslarda, dəyirmi masalarda iştirak etmişlər.

   Həmidə Talıbova Vaşinqton muzeyində Holokost qırğınını (faşistlərin yəhudilərə qarşı apardığı soyqırımı) əks etdirən muzey barədə xüsusi həyəcanla danışdı. Muzeydə eksponatlar, öldürülmüş insanların əşyaları, səslərini əks etdirən kasetlər, şəkillər o qədər canlı şəkildə sərgilənir ki, insanlar bu mənzərəni həyəcansız seyr edə bilmirlər.

   Kilsədə keçirilənBeynəlxalq gecə gözəl anlarla yadda qalıb. Gecədə təqaüdçülər öz ölkələrinin milli yeməyini bişirib. Azərbaycanlı iştirakçıların hazırladıqları yarpaq dolması gecənin maraqla qarşılanan yeməklərindən biri olub. Səfərin üçüncü həftəsini təqaüdçülər Amerika ailələrində keçiriblər. Məqsəd əcnəbi gəncləri Amerika ailə həyatı ilə daha yaxından tanış etmək idi.

   H.Talıbovanın sözlərinə görə, qaldığı ailədə böyük hörmət qayğı görüb. Ailə üzvləri onun Azərbaycan haqqında söhbətlərini maraqla dinləyiblər.

   Kursun son həftəsi hər bir yeniyetmə öz istəyi ilə dərs mövzusu seçib həmin mövzuya uyğun olaraq dərslər keçilib. Bu dərslər əsasən xeyriyyəçilik xarakteri daşıyıb. Həmidə Talıbova da bu dərslərdə “Biz su istəyirikkampaniyasına qoşulub qrup tərəfindən 1000 dollar Afrikaya yardım olunub.

   Kursun başa çatması ilə bağlı Winston Salem şəhərində keçirilən Farewell Dinner gecəsi rəngli görüntülərlə zəngin olub. Fatimə Kərimlinin Azərbaycanın milli rəqs paltarındaNaz eləmərəqsini ifa etməsi gecədə iştirakçılarına gözəl əhval-ruhiyyə bəxş edib. Təqaüdçülər bir aylıq kursu bitirmələri barədə sertifikat alaraq ölkələrinə dönüblər.

  

 

    Məryəm Əliyeva

 

    Mədəniyyət.- 2012.- 17 avqust.- S. 15.