Adelaida Məmmədova – 90

 

    Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Bülbülün ömür-gün yoldaşı, yorulmaz mədəniyyət xadimi, Prezident təqaüdçüsü Adelaida Məmmədovanın 90 yaşı tamam olub. Ölkə başçısının 18 avqust 2012-ci il tarixli sərəncamı ilə Adelaida İrza qızı Məmmədova mədəni irsimizin təbliğindəki xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.  

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bülbülün memorial muzeyinin direktoru, Prezident təqaüdçüsü Adelaida xanım Məmmədovanı 90 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

   “Hörmətli Adelaida xanım!

   Sizi, Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülün yaradıcılığının yorulmaz təbliğatçısını 90 illik yubileyiniz münasibəti ilə Mədəniyyət və Turizm Nazirliyi adından ürəkdən təbrik edir, Sizə cansağlığı və müdrik yaşın ən şirin nemətlərini arzulayırıq!

   Siz gənc yaşlarınızdan unudulmaz sənətkarın şəxsi elmi katibi olmuş, onun yaradıcılıq və ictimai yazışmalarını aparmış, böyük əmək sərf edərək maestronun şəxsi arxivini yaratmısınız. Bülbülün yaradıcı ömründən bəhs edən kitabları qələmə alaraq bu dəyərli, zəngin irsin toplanılması, öyrənilməsi və təbliği işinə böyük töhfə vermiziniz.

   Sizin çalışmalarınız sayəsində 1977-ci ildən rəhbərlik etdiyiniz Bülbülün memorial muzeyində sənətkarın yaşadığı mühit bərpa olunmuş, orada müasir tələblərə cavab verən daimi ekspozisiya təşkil edilmişdir. Ötən illər ərzində muzeydə Azərbaycan musiqi mədəniyyəti tarixinin öyrənilməsinə yönəldilmiş çoxsaylı tədbirlər keçirilmiş, bu doğma məkan əsl sənət məbədinə, qabaqcıl mədəniyyət ocağına çevrilmişdir.

   Sizin "Bülbül vokal sənətinin zirvəsidir", «Maestro-Bülbül», "Bizim Bülbül - Dünyanın Bülbülü" kitablarınız Bülbülün ecazkar musiqi dünyasına ən etibarlı bələdçidir.

   Bu gün yağı tapdağında qalan Bülbülün Şuşadakı ev-muzeyi də vaxtilə Sizin gərgin əməyiniz, böyük Bülbülün təkrarsız sənətinə məhəbbətiniz sayəsində meydana gəlmişdir.

   Əziz Adelaida xanım!

   90 illik şərəfli ömrünüz daim xoşbəxtlik işığına bələnsin, Azərbaycan mədəniyyətinin inkişafına həsr etdiyiniz illərə, qərinələrə görə Azərbaycanın mədəniyyət və turizm sahəsində çalışanların təşəkkür və ehtiramını Sizə yetirirvar olun deyirəm”.

 

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 3.