O hər bahar “Bənövşələr üşüyəndə” xatırlanacaq

 

   Mirvarid Dilbazi - 100

  

   Avqustun 19-da Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 100 ili tamam oldu

  

   Mirvarid Dilbazi uzun bir ömür yaşadı. Ağlı-qaralı, enişli-yoxuşlu, daşlı-kəsəkli... Ancaq ömrünün bir gününü ümidsiz, arzusuz, işıqsız yaşamadı. Bu işıq indi şeirlərindən oxucuların qəlbinə süzülür, könülləri sevindirir, ruhları oxşayır, onu unudulmağa, bizdən uzaqlaşmağa qoymur.

  

   Dilbazilər soyadının tarixi

  

   Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: “Əcəb dilbaz əst”. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.

   Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında yazır: "XIX yüzilliyin axırına qədər nəslimizi ziyalı-mülkədar nəsli təmsil etmişdir. Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib. Hacı Rəhim ağa Vəhidinin oğlanları, qızı bu boşluğu doldursalar da, yenə azlıq edib.

   Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən insanlar yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı.

   Sinfi mənsubiyyətlərinə görə, rast gəldikləri məhrumiyyətlərə, maneələrə baxmayaraq, nəslimizdən üçkənd təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi, Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin anası), Rəşid Dilbazi, tibb elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir Xalq Aktrisası - Əminə Dilbazi, ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi, "Məhəbbət qocalmır", " yasəmənlər" povestlərinin müəllifi Yaqut Dilbazi çıxmışdır".

   Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

   Atasını erkən yaşlarından itirən Mirvarid Daş Salahlıda babası Mustafa ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında böyüyür. Böyüdüyü mühit onun bütöv tutumlu bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.

   O, ilk təhsilini Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində alır. 1920-ci ildə isə Mədinə xanım Qiyasbəyli onu başqa yeniyetmə qızlarla bərabər Bakıya - darülmüəllimata gətirir.

  

   "Bizim müəllimlərimiz"

  

   Mirvarid Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı "Bizim müəllimlərimiz" yazısında yazır: “Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.

   Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik. Nərimanov özü buna inanırdı. O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən gedəndə isə yaman darıxırdıq. Doktor Nərimanov bizim üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.

   Bir axşam yenə məktəbin çıraqları yandı, böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə, onu Moskvaya aparıblarmış. 1925-ci ildə Nərimanovun ölüm xəbərini eşitdik...”

  

   İlk bahar

  

   Mirvarid Dilbazi qızlar seminariyasını bitirəndən sonra Biləcəridəki onillik dəmiryol məktəbində çalışaraq bacarıqlı müəllim kimi tanınır. 1928-ci ildə şəhərə - Zavokzalnı küçəsindəki rus məktəbinə dəyişilsə , ali təhsil almaq arzusu ilə yaşayır. İllər sonra "Bənövşələr üstündə göz yaşları" kitabında şairə belə yazacaqdı: “1929-cu ildə Ali Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim, Ə.Sultanlı, B.Çobanzadə yadımdadır. Əli Sultanlının Qərb, Əli Nazimin proletar ədəbiyyatından dərs dedikləri yadımdadır”.

   1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi Qubaya göndərilir. İki il Quba Partiya Məktəbində çalışdıqdan sonra Bakıya qayıdır. "Şərq qadını" jurnalında ədəbi işçi kimi fəaliyyət göstərir. Bundan sonra 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi işçi şöbə müdiri işləyir. Bir neçə ay Moskvada ədəbi kurslarda olması onun sənət, dünya ədəbiyyatı haqqında məlumatını genişləndirir. Nəhayət, muzeydəki işdən çıxıb bədii yaradıcılıqla məşğul olur.

   Mirvarid Dilbazinin "Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilir. Bu dərgidə şairənin 20-ci illərinin axırlarında yazdığı, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunur.

   Mirvarid Dilbazinin müharibəyə qədər iki kitabı - 1934-cü ildəBizim səsimiz 1937-ci ildəİlk baharkitabları işıq üzü görür.

  

   Bənövşələr üşüyəndə

  

   Böyük Vətən müharibəsi (1941-1945) illərində, bir çox sənətkarlarımız kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutur.

   Bu illərdə şairənin yeddi kitabı- “Döyüş mahnıları”, “Kamal”, “Ağarzayev”, “Neft”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladlarına”, “Xatirələrkitabları işıq üzü görür. Bu kitabların altısı Vətən müharibəsinə həsr edilib.

   Həyatda olduğu kimi, şeirlərində sadə, səmimi olan Mirvarid Dilbazi bütün könlünü sözə vermişdi. O, qələmi ilə həyatın lövhələrini yaradırdı:

  

   Süfrəmi sadə görsən,

   Utanma nemətlərin

   Azlığı-çoxluğundan.

   Sənin xəbərin var,

   Qələm sahiblərinin

   Mənəvi toxluğundan.

  

   Mirvarid Dilbazi 1945-ci ildə "Məhsəti", 1961-ci ildə "Əlcəzairli qız", 1972-ci ildə "Partizan Aliyə" poemalarını qələmə alır.

   Sənətkarın xəyalı”, "Seçilmiş şerlər" , “Məhəbbət bizimlə qoşa doğulur”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı” (şeirlər, poemalar hekayələr),”Yasəmən fəsli”, “Dağ çiçəyi”, “Seçilmiş əsərləri” (üç cilddə), “Qar çiçəkləri” (şeirlər, poemalar, pyeslər), “Durnalar ötüşəndə”, “Çiçəkdən-çiçəyəkitabları isə sonrakı illərdə işıq üzü görür.

  

   Dörd divar,

   Bir tavan,

   Bir döşəmə.

   Bir

   Ürəyimdə sıxıntı,

   Kədər.

   Sabahı gözləyən ümidlər...

   Sabahım da bu günümə bənzəsə əgər?..

  

   Mirvarid Dilbazi yaradıcılığında uşaqları da unutmayıb. Onun qələmə aldığıNağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağaclarıuşaq dünyasını əks etdirən qiymətli kitablardandır.

   Bəstəkarlardan Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Ağabacı Rzayeva başqaları Mirvarid Dilbazinin sözlərinə bir çox mahnı, romans oratoriyalar bəstələmişlər. Şairin əsərləri xarici dillərə tərcümə olunub. Öz növbəsində Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuil Marşak, Sergey Mixalkov başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini dilimizə çevirib.

   Sovet dövründəŞərəf nişanı”, “Qırmızı əmək bayrağıordenləri, müstəqil Azərbaycanınİstiqlalordeni, medallarla təltif olunan şairə 2001-ci il iyulun 12-də vəfat edib.

   Ağrılı-acılı həyat yolu keçmiş Xalq şairi bütün varlığı ilə Vətənə, elə, obaya bağlı idi. Vaxtilə Ağdamın Gülablı obasında dincəlmiş Mirvarid xanıma sonralar qızlar bahar ərməğanı kimi bənövşə göndərir. Bu bənövşələr onu xeyli təsirləndirir, xatirələrində bu barədə belə yazırdı: “Bənövşələr üstə ilk göz yaşlarım altı yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü..."

  

 

  Təranə Vahid 

 

  Mədəniyyət.- 2012.- 29 avqust.- S. 6.