Aşıq İsfəndiyar Rüstəmovun 75 illik yubileyi qeyd olunub

 

   Avqustun 25-də Gədəbəy Rayon Mədəniyyət Evində Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, ustad aşıq İsfəndiyar Rüstəmovun 75 illik yubileyi qeyd olunub. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının apardığı tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, respublikamızın digər bölgələrindən və Cənubi Azərbaycandan gəlmiş qonaqlar da iştirak ediblər. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov, şairlər İlyas Tapdıq və Dəmir Gədəbəyli, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, Prezident təqaüdçüsü, aşıq Mahmud Məmmədov və digər çıxış edənlər sənətkarın yaradıcılıq yolundan söz açıb, aşıq sənətinin inkişafı naminə yorulmaz fəaliyyətində ona uğurlar arzulayıblar.

   Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu ustad aşığa qurumun sədri, Xalq şairi Zəlimxan Yaqubun təbrikini çatdırıb, yubilyara qiymətli hədiyyə təqdim edib. Aşığın yetirmələri və sənət dostları da bənzərsiz ifaları ilə ustada öz təbriklərini çatdırıblar.

 

 

   Mədəniyyət.- 2012.- 29 avqust.- S. 7.