Cavanşir qalasına mədəni irs turu təşkil olunub
“Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkətinin
birgə layihəsi olan “Şirvan xəzinəsinə aparan
yollar” mədəni irs turları çərçivəsində
İsmayıllı rayonunun Talıstan kəndi ərazisində
yerləşən Cavanşir qalasına səfər təşkil
olunub.
“Cavanşir qalası” istirahət mərkəzinə
qədər avtobusla gedən tur iştirakçıları
sonra “Niva” markalı avtomobillərlə Ağçayı
keçərək qalanın ətəyinə
çatıblar.
Abidənin tədqiqatçısı,
professor Qafar Cəbiyev bildirib ki, Ağçayın sağ
sahilində yerləşən Cavanşir qalasına şimal,
qərb və şərq tərəfdən daxil olmaq təbii
cəhətdən qeyri-mümkündür. Qalaya yalnız cənub
tərəfdən daxil olmağa imkan var. Bu səbəbdən
tikilinin cənub divarlarının möhtəşəmliyinə
xüsusi diqqət yetirilib.
Mədəni irs turu barədə məlumat
verən “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə
doktoru Fariz Xəlilli qeyd edib ki, Cavanşir qalası təbii-ekzotik
baxımdan çox əlverişli bir məkanda yerləşir.
Qalanın içərisi və ətraf ərazilər sıx
meşəlikdir və hər tərəfində çay,
şəlalə və bulaqlar var. Bu isə abidənin turizm
baxımından cəlbediciliyini şərtləndirən
amillərdir. Mədəni irs turlarının əhəmiyyətini
vurğulayan F. Xəlilli bu cür təbliğat işlərini
davam etdirəcəklərini bildirib.
Ceyhun
Mədəniyyət.-
2012.- 29 avqust.- S. 8.