Sənətkarlar tələbəsi, böyük sənətkar

 

   Azərbaycan musiqi mədəniyyətini zənginləşdirən, musiqi xəzinəmizə böyük töhfələr verən görkəmli bəstəkarlardan biri də Dövlət mükafatı laureatı, Xalq artisti Cahangir Cahangirovdur.

  

   O, 1921-ci ildə Balaxanı qəsəbəsində neftçi ailəsində doğulub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil aldqıdan sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub. Dahi Üzeyir Hacıbəylinin, professor Boris Zeydmanın siniflərində bəstəkarlıq sənətinin sirlərini öyrənir.

   Onun geniş dinləyici kütləsi arasında tanınması 1949-cu ilə təsadüf edir. Həmin il Azərbaycan bəstəkarlarının yaradıcılığına baxış keçirilir. Baxışda iştirak edən Cahangir Cahangirovun “Arazın o tayında” vokal-simfonik poeması hamının diqqətini çəkir. Cənubi Azərbaycandan olan şairlər Mədinə Gülgün və Əli Tudənin sözlərinə bəstələnən, xalqın azadlıq mübarizəsini tərənnüm edən əsər Moskvada, İttifaq Evinin sütunlu salonunda ifa olunur, ümumittifaq radiosunda lentə yazılır. Müəllif dövlət mükafatına layiq görülür. C.Cahangirov bu vaxt konservatoriyanın III kursunda oxuyurdu.

   Artıq məşhurlaşan gənc bəstəkar bir neçə xalq mahnısını xor üçün işləyir. Tələbəlik illərində qazanılan təcrübə sonralar xor və səhnə üçün yazdığı çoxsaylı əsərlərində parlaq əksini tapır. Onun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə hesab edilir. Bəstəkar on ilə yaxın Azərbaycan radiosunun nəzdində yaradılan xor kollektivinə rəhbərlik edir. Yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Eyni zamanda, Dövlət Filarmoniyası nəzdində mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsində çalışır.

   Füzuli”, “Nəsimi” kantataları, “Sabir”, “Hüseyn Cavid-59”, ”Böyük Qələbə” oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operaları bəstəkarın yaradıcılığında mühüm yer tutur. Dahi Füzulinin 400 illik yubileyi ilə bağlı bəstələnən kantata istər musiqi, kompozisiya, istərsə də mətndən istifadə nöqteyi-nəzərindən C.Cahangirovun istedadının parlaq nümunəsidir. Kantatanın solo partiyası gözəl müğənni, Xalq artisti Şövkət Ələkbərovanın ifasında daha möhtəşəm olub.

   Müəllifin Cənubi Azərbaycan həyatından bəhs edən “Xanəndənin taleyi” operası Üzeyir bəyin yaratdığı muğam operası janrında qələmə alınıb. Operada məşhur xanəndə Seyid Mirbabayevin kəşməkəşli həyatının təsviri verilir. Operanın yazılmasında bəstəkarın 40-cı illərdə Cənubi Azərbaycana yaradıcılıq ezamiyyətinin böyük əhəmiyyəti olur. Arazın o tayında həmvətənlərimizin həyatı ilə yaxından tanış olan bəstəkar unudulmaz təəssüratlarla geri dönür. Mütəxəssislər bildirirlər ki, muğam operalarında ən çətin klassik opera ilə muğam parçalarının ahəngdar uyğunlaşmasını təmin etməkdir. Ü.Hacıbəyli məktəbinin layiqli davamçısı C.Cahangirov bu çətin vəzifənin öhdəsindən məharətlə gəlir. Maraqlı və yaddaqalan səhnə əsəri yaratmağa nail olur. “Xanəndənin taleyiOperaBalet Teatrının səhnəsində böyük müvəffəqiyyətlə səhnəyə qoyulur.

   Cahangir Cahangirovun yaradıcılığında mahnıların da xüsusi yeri var. O, istər xor, istərsə də solo ifa üçün unudulmaz mahnılar bəstələyib. Bunların sırasında Nizaminin qəzəlinə yazılan “Gül camalın” qəzəl-romansını, Xaqaninin “Nazənin”, Molla Pənah VaqifinDurnalar”, İslam Səfərlinin “Ana”, “Zərif gülüşlüm”, “Buludlar”, “ şanı, qara şanı”, Rəfiq Zəkanın “Məhsul nəğməsi” və s. şeirlərə yazdığı mahnıları göstərmək olar. C.Cahangirovun mahnılarını, digər vokal əsərlərində olduğu kimi, geniş nəfəsli melodiya, xalq musiqi dilinə yaxınlıq kimi cəhətlər fərqləndirib.

   Bəstəkarın filmlərə yazdığı mahnılar da öz bənzərsizliyi ilə seçilir. O, “Dağlarda döyüş”, “Dəli Kür”, “Evlənmək istəyirəm”, “Qatır Məmməd”, “Yenilməz batalyonkimi məşhur filmlərdə səslənən mahnıların müəllifidir.

   C.Cahangirov şəxsiyyətini yad edərkən yaradıcılığının mühüm sahələrindən biri olan pedaqoji fəaliyyəti də yada düşür. Bəstəkar uzun illər Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) “Xor dirijorluğu” kafedrasına rəhbərlik edib. Neçə-neçə tələbələrə xor musiqisinin məna çalarlarını və incəliklərini öyrədib.

   Əməkdar incəsənət xadimi, Xalq artisti Cahangir Cahangirov 1992-ci ilin martında, ömrünün müdrik çağında vəfat edib.

  

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 14.