Gənc ifaçı əfsanəvi Robertino Lorettidən ustad dərsi alıb

 

   Xəbər verdiyimiz kimi, dünya şöhrətli italiyalı sənətçi Robertino Loretti noyabrın 26-dan 30-dək Bakıda keçirilən istedadlı və yaradıcı gənclərin II Respublika toplantısında fəxri qonaq kimi iştirak edib, gənclərimiz üçün ustad dərsləri keçib.

  

   Məşhur müğənninin artıq yaxşı tanıdığı, Bakıda və İtaliyada bir araya gəldiyi gənc vokal ifaçısı Emin Eminzadə ilə növbəti görüşüyaddaqalan olub.

   Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin direktoru Yusif Vəliyevin bildirdiyinə görə, italiyalı sənətkar E.Eminzadə və onun ailə üzvləri ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və uzun illər dostluq etdiyi dahi sənətçi Müslüm Maqomayevin məzarlarını ziyarət edib. Daha sonra məşhur vokal ifaçısı Şəhidlər xiyabanına gedərək 20 Yanvar faciəsi, Qarabağ müharibəsi şəhidlərini yad edib. Məşhur müğənni Eminin ailəsinin qonağı olub və gənc istedada vokal sənəti ilə bağlı dərs keçib, Azərbaycan mətbəxinin ləziz nümunələrini dadıb.

   Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Robertino Lorettinin ustad dərsi gerçəkləşib. O, Emin Eminzadəyə diplom təqdim edib. Emin maestro Fabrizio Maskinin müşayiəti ilə “Dicitinciello vuie” və “Santa Lucia” əsərini ifa edib.

   İstedadlı və yaradıcı gənclərin II Respublika toplantısının qonaqları üçünButa Palace”də verilən ziyafətdə də Emin Robertino Lorettinin repertuarından italyan mahnılarını ifa edib. Mərasimdə iştirak edən məşhur türk aktrisası Türkan Şoray da Eminin səsinə heyran olduğunu bildirərək ona uğurlar diləyib.

 

Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 10.