Bakıda növbəti musiqi bayramı

 

  VI Beynəlxalq Mstislav Rostropoviç Festivalında dünya şöhrətli ifaçı və kollektivlər iştirak edir

  

   Paytaxtımız növbəti beynəlxalq sənət bayramına ev sahibliyi edir. Dekabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalına start verildi.

  

   Açılış mərasimindən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə müsahibəsində bildirdi ki, festivalın əsas məqsədi M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. 2007-ci ildən keçirilən Mstislav Rostropoviç festivalı dünyanın müxtəlif ölkələrindən məşhur ifaçıları, musiqi kollektivlərini Bakıya toplayır. Böyük musiqiçinin anadan olduğu şəhərdə belə bir festivalın keçirilməsi Azərbaycan musiqisinin təbliği baxımdan da əhəmiyyətlidir. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.

   Şöbə müdiri qeyd etdi ki, festivalın bir ənənəsi də dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin üzə çıxarılmasıdır. Bu il dünya şöhrətli sənətkarın anadan olmasının 85, onun paytaxtımızdakı ev-muzeyinin yaradılmasının 15 ili tamam olur. Bu münasibətlə festivalın proqramı bir qədər də zənginləşdirilib.

   Qeyd edək ki, dekabrın 9-dək davam edəcək budəfəki festivalda Rusiya, İtaliya, Böyük Britaniya və Azərbaycanın tanınmış musiqiçiləri və kollektivləri - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, ingilisLitva kamera orkestrləri, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edirlər.

   Açılış mərasimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım” əsəri ilə başlandı. Orkestrin bədii rəhbər və baş dirijoru Xalq artisti Rauf Abdullayevdir. Konsert orkestrin yerlixarici bəstəkarların əsərlərinin ifası ilə davam etdi. İstedadlı violin ifaçısı Elvin Qəniyevin çıxışı da maraqla qarşılandı.

   Tədbirdə hökumət və dövlət nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri iştirak edirdilər. Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.

   Dekabrın 4-də festival çərçivəsində növbəti konsert təqdim olundu. Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dünya şöhrətli bəstəkarlar R.Şuman, P.ÇaykovskiD.Şostakoviçin əsərləri səsləndirildi. Konsertin dirijoru Fuad İbrahimov, solisti isə italiyalı violonçel ifaçısı Enriko Dindo idi.

  

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 5 noyabr.- S. 3.