“Azərbaycan
naminə dünya ilə rəqabət aparmağa
çalışırıq”
Təhsil bir millətin gələcəyidir,
onun həyat təminatçısıdır, xalqın
sabahıdır, dövlətin gücüdür, insanı
insan edən mühüm faktorlardan biridir. Cəmiyyətin
inkişafı onun övladlarının təhsil səviyyəsi
ilə bilavasitə əlaqədardır. Uzun illərdir
təhsil sahəsindəki təcrübələri ilə
tanınan, Azərbaycan təhsil sisteminə öz töhfəsini
verən və əldə etdiyi müvəffəqiyyətlərlə
ölkə ictimaiyyətinin diqqətini çəkən
“Çağ” Öyrətim Şirkətinin rəhbəri Dr.
Ənvər Özərənlə söhbətimiz də
bu mövzuda oldu.
- Ənvər bəy, “Çağ” Öyrətim Şirkətinin fəaliyyətinin 20 ili tamam oldu. 20 illik fəaliyyətinizi necə xarakterizə edərdiniz?
- Şirkətimizin
fəaliyyətə başlaması Azərbaycan
Respublikasının müstəqilliyinin bərpası ilə
eyni vaxta təsadüf edir. Təhsil sahəsindəki əməkdaşlığımızın
bünövrəsi isə ümummilli liderimiz Heydər
Əliyev hələ Naxçıvanda olarkən qoyulub. Onun
ifadə etdiyi “Təhsil millətin gələcəyidir”
şüarı altında “Çağ” Öyrətim Şirkətinin
fəaliyyəti başlamış oldu. On beşinci ilimizi qeyd
etdiyimiz zaman “Etimada sədaqətlə 15 il” demişdik. Bu il isə
“Müasir Azərbaycan təhsili və “Çağ” Öyrətim”
başlığı altında 20 illiyimizi qeyd edirik. Bu 20 ildə məzunlarımız Azərbaycanın
və dünyanın qabaqcıl universitetlərini bitirdilər.
Ölkə daxilində və xaricində Azərbaycanı
ləyaqətlə təmsil edən yüzlərlə insan
yetişmiş oldu. Əvvəllər
şirkət nəzdində fəaliyyət göstərən
müəllim heyətinin 85-90 faizini Türkiyədən gələnlər
təşkil edirdilər. Bu gün isə
müəllim kollektivinin 80 faizindən çoxu Azərbaycanın
təhsil ocaqlarından məzun olmuş insanlardan ibarətdir.
Bu göstərici “Araz” kurslarında 98, Qafqaz
Universitetində 86-87 faizdir. Azərbaycan
naminə dünya ilə rəqabət aparmağa
çalışırıq.
- “Çağ”
yalnız xarici olimpiadalarda iştirak etmir, eyni zamanda belə
bilik yarışının Azərbaycanda keçirilməsini
təmin edir. Azərbaycanda beynəlxalq
olimpiada keçirmək ideyası necə yarandı?
- Azərbaycan müstəqilliyini
qazandıqdan sonra dünya olimpiadalarında iştirakı ilk
olaraq şirkətimizin məktəbləri vasitəsilə
oldu. Başlanğıcda beynəlxalq olimpiadalarda iki il boyunca müşahidəçi olaraq
iştirak etdik. 1994-cü ildə isə
Bolqarıstanın Varna şəhərində 45 ölkənin
iştirakı ilə keçirilən biologiya olimpiadasında
Azərbaycanı təmsil etdik. Şagirdlərimiz
vətənə qələbə ilə - 2 qızıl və
2 gümüş medalla qayıtdılar. Nəticə
etibarilə bu olimpiadalara hazırlıq təcrübəmiz
ilbəil daha da təkmilləşdi. Bu
günədək Azərbaycan məktəbliləri beynəlxalq
olimpiadalarda 104-ü qızıl olmaqla 529 medal qazanıb.
Bütün bunlar Azərbaycanın dünyada təmsil
olunması, tanıdılması deməkdir.
Uzun illər
olimpiadalarda iştirak etməyimiz həm müəllim heyətimizə,
həm də şagirdlərimizə geniş təcrübə
qazandırdı. Fikirləşdik ki, Azərbaycan
neft ölkəsidir. Ona görə də
ekologiya ilə bağlı bir olimpiada keçirsək, Azərbaycanı
dünya ictimaiyyətinin diqqət mərkəzinə çəkə
bilərik. İllərdir
qazandığımız təcrübəyə arxalanaraq beynəlxalq
olimpiadanın Azərbaycanda keçirilməsinə qərar
verdik. Belə bir layihənin həyata
keçməsi üçün maliyyə dəstəyinə
ehtiyacımız var idi. Ona görə də
bu layihə ilə əlaqədar Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə
görüşdük. ARDNŞ təşəbbüsümüzə
müsbət münasibət bildirdi və layihəyə
sponsorluq etdi. İlk olaraq İNEPO-Avrasiya
olimpiadasında 17 ölkədən təmsilçi iştirak
etdi. Bu il altıncı dəfə
keçirilən olimpiadaya 42 ölkədən təxminən
400 şagird qatıldı. Təhsil Nazirliyinin təşəbbüsü
ilə Azərbaycandakı digər orta məktəblər də
bu bilik yarışında iştirak etməyə
başladılar. Bu il Azərbaycanın
292 orta məktəbi layihəyə qoşuldu. Bu,
çox sevindirici haldır.
- Rəhbərlik etdiyiniz şirkətin
təhsil ocaqlarında səviyyənin kifayət qədər
yüksək olduğu hamı tərəfindən qəbul
olunur. Bunun sirri nədir?
- Yaxşı təhsilin sirri, əlbəttə,
birincisi, bu işi sevərək yerinə yetirməkdir. İkincisi, təhsil prosesində mərhəməti,
sevgi hisslərini önə çıxarmaq, şagirdlərə
xoş duyğularla yanaşmaq əsasdır. Belə bir
məsəl var: “Gözəlliklər paylaşıldıqca
çoxalır”. Bizim təcrübəmiz kimi,
Azərbaycanın da təhsil sahəsində təcrübəsi
var. Bu təcrübələri bir araya gətirdiyimiz zaman
uğurlarımızın artdığını
görürük. Əldə olunan müvəffəqiyyətlər
insanlarda davamlı şəkildə enerji, ruh yüksəkliyi
formalaşdırır. Bunun nəticəsi
olaraq da ardıcıl şəkildə artan
uğurlarımız, ümummilli liderin vaxtilə bizə xitabən
dediyi “Mən həmişə sizi dəstəkləyirəm.
Siz Azərbaycanın gələcəyi üçün
mühüm işlər görürsünüz”, eyni zamanda,
Prezident İlham Əliyev cənablarının “Görülən
işləri daha da genişləndirin”, “Azərbaycanın gələcəyi
üçün mühüm işlər
görürsünüz” ifadələri, ümumilikdə isə
Azərbaycan xalqının fəaliyyətimizi təqdir etməsi
bizdən daha da məsuliyyətli olmağı tələb
edir. Bütün bu saydıqlarımızın
nəticəsində də uğur əldə etmiş oluruq.
- Azərbaycan məktəblisinə,
tələbəsinə tövsiyəniz nə olardı: təhsil
həyatını necə qurmaq lazımdır?
- Azərbaycanın sərbəst
bazar iqtisadiyyatına qədəm qoyması, cənab Prezidentin
“neft kapitalını insan kapitalına çevirməliyik”
fikri və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar
təşəbbüslər Azərbaycanda önəmli bir
faktı ön plana çıxarır: dünyada gedən
bütün proseslərdən xəbərdar olan, savadlı, təcrübəli
kadrların yetişməsinə ehtiyac var. Yaxşı bir
mütəxəssis olmaq üçün sadəcə
universitetə qəbul olunmaq kifayət etmir. Tələbələrimiz
ixtisasları üzrə özlərini yetişdirmək məcburiyyətindədirlər.
Qafqaz Universitetini seçən gənclərimiz
və onların valideynləri buradakı təhsilin səviyyəsindən,
professor-müəllim heyətinin nizam-intizamlı dərs
sistemindən xəbərdardırlar. Məzunlarımız
getdikləri yerlərdə nümunəvi insan olaraq dəyərləndirilirlər.
“Çağ”ın 20 illiyinə həsr olunmuş tədbirdə
“Azərsun Holdinq”in prezidenti Abdulbari bəyin
çıxışında belə bir ifadə var idi: “Əgər
bir gün şirkətimi birinə verməyi düşünsəm,
o insan şübhəsiz ki, Qafqaz Universitetinin məzunu
olacaqdır”. Bu ifadənin arxasında Azərbaycan
məktəblisinə, universitet tələbəsinə bir səsləniş
var.
- “Çağ”ın
rəhbəri kimi siz məzunlarınızı necə
görmək istəyirsiniz?
- Məzunlarımızı
dünyanın harasında olmalarından asılı olmayaraq,
Azərbaycan dövlətinə, millətinə sadiq, öz adət-ənənələrindən
qopmayan şəxsiyyətlər olaraq görmək istəyirik.
Bu yaxınlarda 1997-ci ildə məzun olan
şagirdlərimizdən biri ziyarətimizə gəlmişdi.
Anqolada “bp” şirkətində işlədiyini
söylədi. Mən liseydə oxuyarkən illik olaraq nə
qədər təhsil haqqı ödədiyini soruşduqda, 100
dollar deyə cavab verdi. Hamımız
bilirik ki, o günlərdə bu məbləğ illik təhsil
haqqı üçün çox kiçik bir rəqəm
idi. Ancaq istər azərbaycanlı, istər
türkiyəli xeyirxah insanların dəstəyi sayəsində
bütün bu maddi vəsaitlər qarşılanmış
oldu. İndinin özündə də müəssisələrimizdə
təhsil alan gənclərə müəyyən
güzəştlər edilir. Bu xeyirxah
insanların onlara əl tutduqları kimi, onların da zəkalı,
ancaq maddi vəziyyəti yaxşı olmayan insanlarımıza
dəstək çıxan xeyirxah insan olmalarını arzu
edirəm.
- Təhsildə məşhur
üçbucaq var:məktəb-şagird-valideyn.
“Çağ”ın bu üçbucağa
münasibəti necədir?
- Bu tərəflərdən biri əskik
olarsa, səmərəli təhsildən söz gedə bilməz.
Şagirdin gününün bir qismi evdə, bir
qismi də məktəbdə keçir. Hər
bir uşağın düzgün tərbiyə, yaxşı təhsil
alması məktəb-valideyn münasibətlərinin
düzgün koordinasiya olunmasından asılıdır.
Bu baxımdan şagirdin səmərəli təhsil
almasında müəllimin məktəbdəki rolunu valideyn
evdə tamamlayır.
- Belə bir fikir var: məktəb
binası nə qədər müasir olursa-olsun, içində
normal müəllim-şagird münasibətləri yoxdursa,
orada təhsildən, təlim-tərbiyədən söhbət
gedə bilməz. Bu fikirlə
razısınızmı?
- Müəllim-şagird
münasibətləri qarşılıqlı hörmət,
sevgi, səmimiyyətə əsaslanmırsa, nə səmərəli
təhsildən söhbət gedə bilər, nə də
düzgün təlim-tərbiyədən. Müəllimlə
şagird arasında elə bir atmosfer formalaşmalıdır
ki, şagird çəkinmədən, tərəddüd etmədən
hər bir çətinliyini müəllimi ilə paylaşa
bilsin, onlardan kömək istəsin. Müəllim
şagirdinin sevincinə sevinməli, kədərinə də
şərik olmalıdır. Əgər
müəllimlə şagird arasında doğmalıq, səmimiyyət
formalaşarsa, o zaman düzgün təlim-tərbiyə və
səmərəli təhsil də verilmiş olar.
- Bu günlərdə
“Çağ” Öyrətim İşlətmələri
Şirkəti “Gülüstan” sarayında “Müasir Azərbaycan
və Çağ Öyrətim - etimada sədaqətlə 20
il” adlı tədbir keçirdi. Dövlət rəsmiləri,
xüsusilə də təhsil naziri fəaliyyətiniz
haqqında çox parlaq sözlər söylədilər.
Dedilər ki, “Çağ” Azərbaycana Nobel
mükafatı qazandıra bilər. Bu
sözlər sizin bir növ hesabatınız kimidir. Bundan sonra qarşınızda nə kimi planlar, layihələr
dayanır?
- Əvvəla,
haqqımızda deyilən bu xoş sözlər
üçün çox təşəkkür edirəm.
Bu sözlər bizim qarşımızda daha
böyük məsuliyyətlər qoyur. Görəcəyimiz
işlərə gəlincə, ən başda bizə göstərilən
etimada sədaqətlə xidmətimizi davam etdirəcəyik.
Konkret olaraq, ən böyük arzumuz
bütün təhsil müəssisələrimizin müasir tələblərə
uyğun maddi-texniki baza; sahə, bina və avadanlıqlarla təmin
edilməsini davam etdirməkdir. Lakin bu da
kifayət deyil. Bu gün təhsil müəssisələrimizdə
işləyənlərin hamısının azərbaycanlı
kadrlardan ibarət olmasına çalışırıq və
yaxın zamanda bu məqsədimizə də nail
olacağıq.
Bundan başqa, məktəblərimizin
artıq beynəlxalq statuslu təhsil müəssisələrinə
çevrilməsi lazımdır. Bunu zaman
tələb edir. Bu gün dünya elə
sürətlə dəyişir ki, dəyişikliklərlə
ayaqlaşa bilməyimiz üçün çox işləməliyik.
Dünənə qədər biz dünyadan
öyrənməyə çalışırdıq. İndi bu məktəblər sayəsində
dünya bizdən bəzi şeyləri öyrənir və
inanıram ki, bir müddət sonra dünya daha çox
şey öyrənmək - elmli, əxlaqlı şəxsiyyət
olacaq insan modeli yetişdirmək üçün bizə
üz tutacaqdır.
Yaxın keçmişə qədər
haqlı olduğu halda səsini dünyaya duyura bilməyən
Azərbaycan bu gün ümummilli liderin kursunun ardıcıl
davamçısı, bütün fəaliyyətini Azərbaycanı
layiq olduğu səviyyəyə yüksəltməyə həsr
etmiş Prezident İlham Əliyevin səyləri, ölkənin
birinci xanımı Mehriban Əliyevanın yorulmadan
gördüyü işlərlə dünyanın diqqət mərkəzinə
çevrilməyə başlamışdır. Bir
tərəfdən Azərbaycan dünyanın diqqətini
özünə cəlb edir, digər tərəfdən
dünya Azərbaycanı yenidən kəşf edir. Azərbaycan mədəniyyəti, incəsənəti,
elmi, fəlsəfəsi, xalçası, muğamı,
idmanı, ekologiyaya yeni baxışı, mədəniyyətlərarası
dialoqlar təqdimatı ilə özünü dünyaya bir
daha tanıdır, yenidən təqdim edir.
Neft kapitalını
insan kapitalına çevirən Azərbaycan məhz yeni məktəblərlə,
universitetlərlə, yeni insan modeli ilə dünyaya
açılır, dünyanı Azərbaycana gətirir.
Buna görə də təkrar edirəm,
çox öyrənmək, çox oxumaq, çox tətbiq
etmək, bir sözlə, çox işləmək
lazımdır. Azərbaycan o zaman daha
güclü olacaqdır. Qloballaşan
dünyada güclü Azərbaycan bölgədə sabitliyin
qarantına çevrilir və bu dəst-xətlə o,
bölgədə sülhün, əmin-amanlığın,
tolerantlığın mərkəzinə çevrilir. Bunlar isə yeni insanla, yeni nəsillə həyata
keçir. Bu baxımdan biz Prezident
İlham Əliyev cənablarının həyata keçirdiyi
möhtəşəm işlərin
iştirakçısı olmağı, yenilənən Azərbaycanın
qurucuları içərisində yer almağı
özümüz üçün ən şərəfli vəzifə
hesab edirik.
Mahir
Həmidov
Mədəniyyət.-
2012.- 7 dekabr.- S. 10